Siyasət 09:26 07.08.2020

Ekspert: "Yeni idarəetmə sisteminə keçid özəl sektorun da inkişafına səbəb olacaq"

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə dövlət şirkətlərinin işinin ciddi təftiş edilməli olduğunu bildirib. Dövlət başçısı həmçinin yeni idarəetmə sisteminin qurulması tapşırığını verib. 

Yeni idarəetmə sisteminin yaradılması məsələsi ilə bağlı "MediaPost"a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda bir sıra dövlət müəssisələrində əsas problemlərdən biri korporativ idarəetmə modellərinin zəif tətbiqidir: 

"Dövlət şirkətlərində idarəetmədə şəffaflığın, ictimai iştirakçılığın olmaması, kənar nəzarətin zəif təşkili və hesabatlılığın aşağı olması əsas problemlərdəndir. Yeni idarəetmə sisteminə keçiddə mühüm məsələ dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulmasıdır. Prosesə özəl sektorun cəlb olunması şəffaflaşma və vəsaitlərin idarəedilməsində səmərəlilik prinsiplərini yüksəldir. Çünki nəzərə almaq lazımdır ki, dövlət vəsaitləri kiminsə vəsaiti deyil və şəxsi maraqlar istiqamətində yönləndirilib, istifadə olunmamalıdır. Özəl sektor posesə daxil olanda isə çalışır ki, maliyyə-təsərrüfat fəaliyyəti və xərclər şəffaflaşsın, qurum daha effektiv formada idarə olunsun, gəlirliyi təmin edilə bilsin. Bu da qurumun mənfəətinin artımına, idarəetmənin təkmilləşməsinə gətirib çıxarır".

Ekspert bildirib ki, yeni idarəetmə sisteminə keçid özəl sektorun da inkişafına səbəb olacaq: "Tenderlərdə idarəetmənin himayədarlıq prinsipi ilə qaliblərin müəyyənləşdirilməsi, süni şirkərlərin yaradılması geniş təcrübədir. Son nəticədə, icraçıya daha az vəsaitin ödənilməsi və layihənin daha keyfiyyətsiz həyata keçirilməsi, dövlət vəsaitlərinin isə havaya sovrulması baş verə bilir. Özəl sektorun prosesə daxil olması bu istiqamətdə də rəqabəti artıracaq. Çünki özəl sektor öz maraqlarını müdafiə edəcək, dövlətin vəsaitinin kimlərinsə maraqları istiqamətində istifadə olunmasına imkanları məhdudlaşdıracaq. Bu da müəssisənin mənfəətlə işləməsinə, özəl sahibkarlığın yaxşılaşmasına, iqtisadi subyektlərin daha ədalətli formada iştirakına şərait yaradacaq".