Ölkə 15:20 21.04.2019

Ekspert: “Yeni qaydalar builki imtahanlara aid edilməyəcək”

"Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən builki imtahanlara aid olmayacaq”.

Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Yeni qaydaları şərh edən ekspert bildirib ki, yeni normalarda öz əksini tapan sözlər Azərbaycan dilinə aid builki imtahanlarda istifadə olunmayacaq:

"Buna görə şagirdlər, müəllimlər, abituriyentlər narahat olmasınlar. Çünki Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra yeni qaydalarla verilmiş sözlər yeni nəşr olunacaq "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə də salınmalıdır. Lüğət nəşr olunandan sonra isə Orfoqrafiya Normalarında əks olunan sözlərin yazılış qaydasına həmçinin test imtahanlarında da riayət olunmalıdır”.

K.Əsədov sözlərinə əlavə edib ki, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarında iştirak edənlər köhnə qaydalarla olan Orfoqrafiya lüğətinin normalarına uyğun olaraq cavab verəcəklər.