Ölkə 11:42 29.06.2020

Ekspertdən OQ və TƏBİB-ə tövsiyyə: "Həmin məlumatları dərc edin"

"Koronavuris əhalinin sayına nisbətdə ən çox Abşeronda yayılıb".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. 

O bildirib ki, iyunun 27-ə olan məlumata görə, koronavirusa ümumi yoluxma hallarında Bakının payı 53,4 faiz təşkil edir:

"Rəsmi statistikaya görə, ölkə əhalisinin 22,6 faizi Bakıda yaşayır. Bakının yoluxanların ümumi sayında xüsusi çəkiyə görə liderlik etməsində yalnız ölkə əhalisi deyil, həmçinin iqtisadiyyatın istehsal, maliyyə, ticarət və xidmət sektorunun əsasən burda cəmlənməsinin əhəmiyyətli rolu var. Heç şübhəsiz ki, Bakıda koronavirusun geniş yayılmasına metronun da neqativ təsiri olub. Verilən məlumatların bazasında əhali sayı ilə paralellər əsasında hazırladığım və şəkil bölməsində təqdim etdiyim müqayisəli diaqram göstərir ki, əhali sayına nisbətə ən çox yoluxma sayı ölkə üzrə Abşerondadır. Yalnız Bakı və Abşeronda yoluxma hallarının ümumi sayda xüsusi çəkisi əhalinin sayının ümumi əhalidəki payı ilə müqayisədə üstünlük təşkil edir. Bakıya nisbətən də pis vəziyyət Abşeron iqtisadi rayonundadır. Bu iqtisadi rayona Abşeron, Sumqayıt və Xızı daxildir. Burda yoluxanların ümumi yoluxmadakı xüsusi çəkisi əhali sayının ümumi əhali sayında nisbəti müqayisədə 3 dəfəyədək çoxdur. Əhalinin 5,3 faizi yaşayan Abşeronda yoluxanların ümumi sayda xüsusi çəkisi 15,8 faizdir. Əgər rəsmi statistikaya inansaq, əhalinin 4,6 faizi yaşayan Naxçıvanda yoluxma 0,03 faiz, əhalinin 12,9 faizi yaşayan Gəncə-Qazax iqtisadi rayonunda 9,4 faiz, əhalinin 6,3 faizi yaşayan Şəki-Zaqatala iqtisadi rayonunda 1,3 faiz, əhalinin 9,6 faizi yaşayan Lənkəran iqtisadi rayonunda 6,1 faiz, əhalinin 5,6 faizi yaşayan Quba-Xaçmaz iqtisadi rayonunda 1,7 faiz, əhalinin 20,3 faizi yaşayan Aran iqtisadi rayonunda 7,8 faiz,əhalinin 6,9 faizi yaşayan Yuxarı Qarabağ iqtisadi rayonu 1,2 faiz, 3,3 faizi yaşayan Dağlıq Şirvan iqtisadi rayonunda 1,3 faizdir".

Qubad İbadoğlu qeyd edib ki, burada iki istisna mövcuddur:

1. Əhalinin 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonuna aid edilməsinə baxmayaraq, bu iqtisadi rayonda yoluxanların sayı barədə ayrıca məlumat yoxdur.

2. Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 1,6 faizi ölkə xaricində yoluxanlardır.

Yekun olaraq bildirmək istərdim ki, iqtisadi rayonlar üzrə digər göstəricilər bazasında da belə müqayisələr aparmaq mümkündür. Məsələn, iqtisadi rayonlarda çarpayı sayı, həkimlərin sayı və sair. Sadəcə, bununla bağlı məlumatlara çıxış olmadığından belə paralel diaqramlar qura bilmədim".

Qubad İbadoğlu Nazirlər Kabineti yanında Operativ Qərargahı və  TƏBİB-ə həmin məlumatları hazırlayıb dərc etməyi tövsiyyə edib.

Bahar Rüstəmli