Ölkə 11:14 29.02.2020

Ekspertdən təkilf: “Tədris Novruz bayramına qədər dayandırılsın”

"Baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın”.

Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu məlumat verib. O, qeyd edib ki, buraxılan dərslər buraxılan tədris ilinin sonuna əlavə olunsun:

"Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Artıq 1 nəfərdə koronavirus tapılıb, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb. Bu rəqəmlər hər gün artır. Odur ki, bir daha təklif edirəm ki, baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın. Bununla əlaqədar olaraq buraxılan dərslər buraxılan tədris ilinin sonuna əlavə olunsun. Eyni zamanda bu müddət ərzində məktəblər sanitar gigiyenik ekspertizadan keçirilsin, dezinfeksiya olunsun, onların su təminatı yaxşılaşdırılsın, tualetlər təmir edilsin və ya yenidən qurulsun, əlləri yumaq yerləri sabun və digər gigiyenik vasitələrlə təchiz edilsin, qurulayıcı vasitələr quraşdırılsın, sanitar-gigiyenik tələblərə dair posterlər nəşr edilib siniflərdə yerləşdirilsin, müəllimlər təlimlərə cəlb edilsin”.

Qubad İbadoğlu qeyd edib ki, qanunla fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir: 

"Gəlin birlikdə Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət edək ki, kütləvi xəstəlik ehtimalının yüksək olması səbəbindən qabaqlayıcı tədbir kimi baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın”.

Bahar Rüstəmli