Siyasət 14:02 19.03.2013

EL hərəkatı "rusca" danışmağa başladı


Eldəniz Quliyev: "Qarışqadan fil düzəltməyə ehtiyac yoxdur"

EL hərəkatının mətbuat xidməti bu gün səhər KİV-lərdə işıqlandırılması üçün press-reliz yayıb.  Press-relizdə hərəkatın təşəbbüs qrupunun martın 18-də yığıncaq keçirdiyi, orada qurumun idarə heyətinin, məclisinin yaradılmasına qərar verildiyi, ağsaqqallar şurası, qadınlar şurası, gənclər komitəsi formalaşdırmaq üçün razılığa gəlindiyi bildirilib.

Eyni zamanda bildirilib ki, təşəbbüs qrupu üzvləri Novruz bayramı tətilini bölgə səfərlərinə həsr etməyi qərarlaşdırıblar.

Maraqlıdır ki, EL hərəkatının mətbuat xidməti adından KİV-lərə göndərilən press-reliz yalnız rus dilindədir. Bu isə press-relizi alan media orqanlarında birmənalı qarşılanmayıb və bəzi KİV-lər məhz bu səbəbdən onu işıqlandırmayıblar.

EL hərəkatının press-reliz yalnız rus dilində yayması hətta sosial şəbəkə də müzakirəyə səbəb olub, bəzi jurnalistlər isə qurumun mətbuatla əlaqələndiricisi Zəfər Quliyevə irad bildiriblər.

Xatırladaq ki, bu il martın 12-də təqdimatı olan EL hərəkatının təşəbbüs qrupuna Eldar Namazov sədrlik edir (Modern.az).

"Biz də hələ mətbuat xidməti formalaşmayıb. Mətbuat xidmətində cəmi bir nəfər var. O da rus dillidir. Operativlik naminə press-relizi tərcümə etmədən redaksiyalara göndərdik".

Bunu Teleqraf.com-a açıqlamasında EL hərakatı təşəbbüs qrupunun üzvü politoloq Zəfər Quliyev təşkilatın rus dilində yaydığı press-relizlə bağlı yaranan narazılıqlara münasibət olaraq bildirib.

Onun sözlərinə görə,  press-relizin rus dilində yayılmasının əsas səbəbi qurumun mətbuat xidmətinin formalaşmaması ilə bağlıdır: "Bayramdan sonra mətbuat xidmətini tam formalaşdıracağıq. Rus dili ilə yanaşı Azərbaycan və ingilis dillərində də press-relizlər yayacağıq. Məsələni siyasiləşdirmək, bundan faciə düzəltmək doğru deyil. Həmçinin press-reliz elə də vacib sənəd deyil".

EL-in digər üzvü Eldəniz Quliyev Z.Quliyevin dediklərini təkzib etdi. Onun sözlərinə görə, press-reliz Azərbaycan dilində də yayımlanıb: "Ola bilsin ki, bəzi redaksiyalara informasiya rus dilində ötürülüb. Qarışqadan fil düzəltməyə ehtiyac yoxdur. EL xalqla el dilimiz olan Azərbaycan türkcəsində danışacaq. Buna şübhəniz olmasın!"

Qaynar.info