Amal Abuşov
Ölkə 15:34 23.05.2018

Elçibəylə baş tutmayan görüş

Amal Abuşov

"Siz böyük qüvvəsiz. Bütöv Azərbaycanı siz quracaqsınız, Təbrizi başkənd elan edəcəksiniz. Bu yoldan dönməyin, özünüzə inanın və qələbəyə qədər mübarizə aparmağa hazır olun. Sizə fanatik deyəcəklər, güləcəklər. Heç utanmayın, çəkinməyin. "Bəli, biz əsl fanatiklərik, millətimizin, dövlətimizin, xalqımızın fanatlarıyıq” deyin. Bir gün siz mütləq qalib gələcəksiniz”. 

Gənclərlə hər görüşündə coşar, tribunadan zaldakı gənclərə ürəkdən, alovdolu sözlərlə xitab edərdi. Onun sözləri beynimizdən ürəyimizə qədər enerji verə-verə, nur saça-saça gedər, bizim üçün həyat yoluna mübarizə eşqinə çevrilərdi. Hiss olunurdu ki, özü də gənclərlə görüşməkdə, onlara xitab etməkdə maraqlıdı. Elçibəy təkcə gənclərə güc və enerji vermirdi. Özü də onlardan güc alır, gənclərin mübarizə eşqindən zövq alırdı. Onun üçün gənclərlə hər bir görüş vacib idi. 

Reallığı yaxşı bilirdi. Özü də başa düşürdü ki, gəncləri ruhlandırmaq, mübarizəyə inandırmaq vacibdir. Ondan da xəbərdar idi ki, ətrafımızda olanlar bizim Bütöv Azərbaycan ideallarımıza, vətəni birləşdirmək arzumuza utopiya kimi yanaşır, əllərini yelləyib, gülürlər. İllər keçdi, Təbrizi başkənd etmək istəyənlər, Bütöv Azərbaycan ideallarından çıxış edənlər çoxaldı. Onların arasında hətta bir vaxtlar bizə gülənlər də yer alırdı. Bəy zamanı qabaqlamağı bacarmışdı. "Hər şeyin zamana ehtiyacı var” sözlərini boşuna deməmişdi.

Bu yazıda Elçibəylə baş tutmayan vacib bir görüşdən bəhs edəcəyəm. Daha doğrusu o görüşə edilən cəhdlərdən. Birlikdə düz 18 il bundan öncəyə səyahət edəcəyik. İndi də xatırlayarkən kövrəldiyim, "kaş zamanınn təkərini geri çevirmək olaydı” dediyim o günlərə...

Birinci cəhd
Tarix: Aprel, 2000-ci il. Məkan: Bakı şəhəri, Musiqi Komediya Teatrının qarşısı

Həmin gün baş tutmayan o görüşü keçirmək üçün ilk cəhd edildi. AXCP Gənclər Komitəsi və Bütöv Azərbaycan Gənclər Təşkilatı birlikdə Elçibəyin gənclərlə görüşünə ciddi hazırlıq görmüşdü. Onu görmək, dinləmək istəyənlərin sırası geniş, sayları xeyli çox idi. Məlum məsələ idi ki, kütlə Xəqani-33-ə, "Azadlıq” qəzetinin redaksiyasındakı akt zalına sığmayacaq. Belədə mərkəzdəki zalların birinin icarəyə götürülməsi və Bəylə görüşün orda keçirilməsi qərara alındı. Əlverişli ünvanda yerləşən Musiqili Komediya Teatrına müraciət olundu. Teatrın rəhbəri rəhmətlik Hacıbaba Bağırovdan razılıq alındı, təşkilatçılarla məkan yiyələri müvafiq sənəd də imzalandı. Bildirildi ki, həmin gün teatrın geniş zalında Əbülfəz Elçibəylə 500 gəncin görüşü keçiriləcək.

Hər şey qaydasında idi. Musiqili Komediya Teatrının qarşısında təyin olunan vaxtdan xeyli əvvəl qələbəlik yaranmışdı. Zala daxil olmaq, Elçibəyi dinləmək, onu görmək arzusunda olanların sayı 500 nəfərdən də çox idi. Tədbirin başlama saatı yaxınlaşdıqca bu say daha da artırdı, teatrın qarşısı tam bir mitinq meydanını xatırladırdı. Teatr rəhbərliyi isə qapıları açmağa tələsmirdilər. Getdikcə narahatçılıq, narazılıq yaranmağa başladı. Hiss olunurdu ki, fikirlərini dəyişiblər, zalı gənclərə verməkdən vaz keçirlər. Qorxduğumuz başımıza gəldi. Az sonra teatr binasından çıxan şəxslərdən biri bildirdi ki, Hacıbaba müəllim razılaşmadan imtina edir, zalın qapıları açılmayacaq və teatr binasında heç bir görüşün keçirilməsinə icazə verilməyəcək. Məlum məsələydi ki, məşhur aktyor bu qərarı təkbaşına verməmişdi. Teatrın çətin günlərində zalı icarəyə verib, müəyyən məbləğdə pul qazanmaq həvəsinə düşsə də, "yuxarıdan” gələn tapşırıqdan sonra gənclər təşkilatları ilə əldə olunan razılıqdan imtina etmişdi.

Təşkilatçılar qısa və fövqaladə toplantı keçirdilər. Qərara alındı ki, kütlə Sahil bağına doğru yürüş etsin. Bağda tribuna quraşdırılsın və Elçibəy açıq havada gənclərlə görüşsün. Yürüş başladı, ilk iki kvartal problemsiz qət olundu. Ətrafda baş verənləri izləyən polislər olsa da, onlar vəziyətə müdaxilə etmir, kütləni dağıtmağa cəhd göstərmirdilər. Sonradan bunun səbəbini başa düşdük. Hazırlıqlı "ordu” gəncləri Sahil bağının yaxınlığında, eyniadlı metro stansiyasına dönən yolda gözləyirmiş. Sonra baş verənlər əsl döyüş səhnələrini xatırladırdı. Tək arzusu Elçibəyi görmək, onu dinləmək olan gəncləri zor gücünə və çox qısa müddətdə dağıtdılar. 

İkinci cəhd
Tarix: İyun, 2000-ci il. Məkan: Bakı şəhəri, Xəqani-33, "Azadlıq” qəzetinin redaksiyası

Həmin ilin mayında Əbülfəz Elçibəy Amerika Birləşmiş Ştatlarına yollanmışdı. Mayın 3-də orada keçirilən "Türklük yürüşü”nə qatılmış, havanın yağmurlu olmasına baxmayaraq, yürüşə davam etmişdi. Bəy Amerikadan qayıtdıqdan sonra gənclərlə görüş ideyasını yenidən reallaşdırmaq istəyirdik. Çünki buna tələb böyük idi. Siyasi proseslərlə maraqlanmayan, proseslərdə aktiv iştirak etməyən gənclər belə onunla görüşmək istəyirdilər. Yaxşı başa düşürdük ki, Musiqili Komediya Teatrının imtinasından sonra Elçibəylə görüş üçün bizə heç kim yer verməyəcək. Ona görə də ümid yenidən "Azadlıq” qəzetinin redaksiyasındakı akt zalına qalmışdı. Bəyi gənclərlə görüşdürməliydik. Bu barədə zalın komendatı ilə də danışmış, görüş üçün razılıq almışdıq. Həmin ərəfələrdə bu zalda AXCP-nin bir çox tədbirləri, konfranslar, toplantılar, mətbuat konfransları keçirilirdi. Üstəlik, Bütöv Azərbaycan Birliyi də iclaslarını eyni zalda keçirməli olurdu. Bütün bunlar isə zalın "yüklənməsinə” səbəb olmuşdu.

Digər yandan da AXCP daxilində "klassiklər”lə "yurdçular”ın mübarizəsi pik nöqtəsinə çatmışdı. Artıq Əli Kərimlinin tərəfdarları Elçibəyə qarşı münasibətlərini gizlətmir, partiyanın daxilində, rayon təşkilatlarında əsl müharibə gedirdi. Redaksiyanın akt zalına nəzarət də "Yurd” qruplaşmasının üzvlərinin əlində idi. Ona görə də tədbirin vaxtını xeyli əvvəlcədən müəyyənləşdirmək tələb olunurdu. Bir tərəfdən də eşitdik ki, Bəy Amerikadakı yürüş zamanı islanıb və bərk soyuqlayıb. Ona görə də qərargaha gəlmir, müalicə olunur. Müalicədən sonra ilk dəfə qərargahda görünəndə üz-gözündə şişkinlik hiss edilirdi. Əvvəlki kimi gümrah və şən görünmür, addımları yavaşlamış, hərəkətlərinin sürəti azalmışdı. Belədə görüşün təşkil olunması xeyli yubandı və may ayı ərzində onu keçirmək mümkün olmadı. Məlum məsələydi ki, iyun ayında ali məktəblərdə dərslər qurtarırdı və tələbələrin bir çoxu istirahət üçün Bakıdan rayonlara doğru üz tuturdular. Bu səbəbdən də geniş çevrə ilə görüş fikrini yeni dərs ilinin başlamasına qədər təxirə salmaq qərara alındı. Nisbətən dar auditoriya ilə bir toplantı keçirilməsiylə bağlı razılıq əldə olundu. Rayonlardakı cəbhəçi gənclərə də məlumat verildi. Plan belə idi ki, Bəyin doğum günü ərəfəsində onunla əyalətdən gələn gənclərin görüşü keçirilsin. AXCP-nin dağılmağa doğru getdiyi, Bəyin səhəttində problemlərin yarandığı bir vaxtda belə görüş cəbhəçilərin toparlanması, gənclərin ruhdan düşməməsi üçün vacib idi. Nədənsə gənclərin bu təşəbbüsü "yurdçuları” narahat etmişdi və onlar bu görüşün pozulması üçün gizli hazırlıq görməyə başlamışdılar. Aylarla cəbhənin qərərgahında görünməyən, kim olduqları bilinməyən adamlar görüş təyin olunan gün sabahın erkən saatlarından akt zalına doldurulmuşdu. Vəziyyət o həddə gəlib çatmışdı ki, zalda tədbirin təşkilatçısı olan, çıxışı nəzərdə tutulan fəal gənclərə belə yer tapılmırdı. Xırda mübahisələr tezliklə böyüdü, əməlli-başlı dava-dalaşa çevrildi. Kimlikləri məlum olmayan həmin adamlar zalı boşaltmaq, tədbirin gedişinə mane olmamaq, dəvətlilərə yer vermək tələblərini yerinə yetirməkdən imtina etdilər. Beləcə zalda sakitlik yaratmaq, tədbiri əvvəlcədən planlaşdırılan qaydada keçirmək mümkün olmadı. Qərara alındı ki, görüş təxirə salınsın və bu barədə köməkçiləri vasitəsiylə Əbülfəz bəy də məlumatlandırıldı. Onun zala gəlişi iğtişaşların artması ehtimalları səbəbindən məsləhət görülmədi.

Sonda ölən ümidlər
Tarix: Avqust, 2000-ci il. Məkan: Salyan avtovağzalı

Elçibəyin gənclərlə görüşü bu dəfə də qeyri-müəyyən müddətə təxirə salındı. Məsələyə yenidən qayıdılacaqdı. Tələbələr rayondan qayıdanda sonra Elçibəylə gənclərin ümumrespublika görüşü təşkil olunacaqdı. Hələliksə qızmar yayın bitməsini gözləmək lazım idi. Bir də ki, Bəyin səhəttindəki problemlərin tez bitməsini. Hamı bilirdi ki, Bəy bərk xəstələnib. Xəstəlik onun normal fəaliyyətini, qərərgaha gəlməsini əngəlləmişdi. Vəziyət ciddi idi. Bir gün Türkiyəyə müayinə və müalicəyə getdiyini eşitdik. Özümüzü danlayırdıq. Nəzərdə tutduğumuz görüşü keçirə bilmədiyimizə görə xəcalət hissi keçirirdik. Bəyin Türkiyədən tezliklə sağalıb qayıtmasını və görüş üçün yenidən təşkilati işlərin başlanmasını arzulayırdıq. Ali məktəblərdəki tətil də sona yaxınlaşırdı. Nəfəsimi dərmək, bir az də dincəlmək üçün mən də Salyana, doğulduğum kəndə yollanmışdım. Avqustun 22-də qonşu kənddə yaşayan dostuma baş çəkdim, gecəni orda qaldım. Ertəsi gün tezdən evə getmək üçün yola çıxdıq. Radioya qulaq asmamışdıq, televizora baxmamışdıq. Mobil telefon, internet indiki kimi hər yerdə əlçatan deyildi. Salyan avtovağzalında qəzet almaq üçün köşkə yaxınlaşdım. Kədərli siması indiyə qədər gözümün önündə olan satıcıya pulu uzadıb, vitrinə qoyulmuş qəzeti götürdüm... 

Artıq bir-neçə saniyə sonra hönkür-hönkür ağlayırdım. Qəzetin ilk səhifəsində Bəyin qara çərçivəyə salınmış şəkli vardı...
Deməli, hər şey bitmişdi. İndiyə qədər təşkilinə çalışdığımız, möhtəşəm alınacağına inandığımız həmin görüşü keçirmək mümkün olmayacaqdı. Elçibəy əbədiyyətə qovuşmuşdu!

Yazı "Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir