Foto 21:44 16.12.2017

Eldar Mahmudov Çovdarovla üzləşdirildi (FOTOLAR)

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, qeyri-iş günü olmasına baxmayaraq, bu gün də Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çatğırılır. Qaynarinfo xəbər verir ki, bu barədə azpolitika.info-ya mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, E.Mahmudov səhər 09:00 radələrində İstintaq İdarəsinə yollanıb, günorta 1 saatlıq nahar fasiləsindən sonra yenidən bura qayıdıb. Sabiq nazir dünən və bu gün əsasən oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı 1 milyard dollarla bağlı sorğu-sual edilib. Bu gün günün birinci yarısında isə hazırda həbsdə olan keçmiş köməkçisi, əmisi oğlu Vüqar Mahmudovla üzləşdirilib. "Günün ikinci yarısında Akif Çovdarovun sabiq nazirlə üzləşdirmə üçün İstintaq İdarəsinə gətiriləcəyi gözlənilirdi" - mənbə azpolitika-ya bildirib.

Həmçinin əlavə edib ki, sabiq nazir bu gün xüsusilə gərgin görünüb.

Məlumata görə, E.Mahmudov dünən Baş Prokurorluqdan gecə saat 21:00 radələrində çıxıb. 

Son günlər sabiq nazir ətrafında istintaq hərəkətlərinin intensivləşməsi, onun köməkçisi Vüqar Mahmudov və Akif Çovdarovla üzləşdirilməsi həbs ehtimalının son dərəcə yüksəldiyindən xəbər verir.

E.Mahmudovun bu gün nahar üçün Baş Prokurorluğu tərk edərkən çəkilmiş fotoları təqdim edirik: