Siyasət 13:00 01.04.2013

Eldar Namazov: "Proses ikinci mərhələyə keçir"

“Milli Şuranın yaradılması ilə bağlı danışıqların birinci mərhələsi yekunlaşmaq üzrədir. Ümid edirəm ki, aprelin sonuna kimi bu mərhələ bitəcək və proses texniki mərhələyə qədəm qoyacaq”.

APA-nın məlumatına görə, bu fikirəri keçirdiyi mətbuat konfransında “El” hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov deyib.

E. Namazov bildirib ki, Milli Şuranın yaranması ilə bağlı Müsavat Partiyası, AXCP, Açıq Cəmiyyət Partiyası, REAL Hərəkatı və ölkənin aparıcı gənclər təşkilatlarının liderləri ilə müzakirələr aparılıb. Bundan sonrakı danışıqlar digər siyasi dairələr və ziyalılarla davam etdiriləcək. 

Onun sözlərinə görə, Azərbaycanda bütün qüvvələri bir araya gətirmək üçün Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası formatların ən uğurlusudur: “Bu formatın uğurlu tarixçəsi də var. Artıq proses ikinci mərhələyə keçir. Ümid edirəm ki, danışıqlar mərhələsi aprelin sonuna kimi yekunlaşacaq”.

E. Namazov qeyd edib ki, ölkədəki ictimai-siyasi proseslər, siyasi dairələrinin birliyinə nail olunması üçün ciddi sənəd hazırlanır və həmin sənəd beynəlxalq təşkilatlara, ölkələrə ünvanlanacaq.

Qaynar.info