Ölkə 12:16 29.09.2020

Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçildi (FOTO)

Bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında 8-ci növbədənkənar qurultayı keçirilib.

Unikal.org-un məlumatına görə, qurultayda çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri müavini Əhliman Əmiraslanov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbi, ruhu ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbçilərimizin yanındadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əks-hücuma keçib, bir neçə kənd işğaldan azad edilib, strateji yüksəkliklərə nəzarət təmin olunub: "Hesablamalara görə, Ermənistanın itkilərinin sayı 600-ü keçib. Təəssüf ki, Azərbaycanın hərbçiləri və mülki əhali arasında şəhidlər var. Əminəm ki, torpaqlarımız işğaldan azad ediləcək”.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Ə. Əmiraslanov Ağsaqqallar Şurasının hər zaman Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevanın qayğısını hiss etdiyini vurğulayıb.

Qurultayın gündəliyinə Ağsaqqallar Şurasının Nizamnaməsinin yeni redaksiyada qəbulu, Ağsaqqallar Şurasının sədrinin seçilməsi və digər məsələlər daxil edilib.

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına Ali Baş Komandan, Prezident İlham Əliyevin təbriklərini çatdırıb. Qurultayda millət vəkili Eldar Quliyevin Ağsaqqallar Şurasının sədrliyinə namizədliyi irəli sürülüb. Prezident Administrasiyasının şöbə müdiri Ağsaqqallar Şurasının sədrliyə namizədliyi irəli sürülən Eldar Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra qurultayda Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib.