İdman 19:46 13.06.2013

“Elə klublar var ki, qeyr-qanuni oynayır”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “altılıq” sisteminin ləğv edilməsinin səbəbini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, PFL rəhbəri növbəti mövsümdən keçiriləcək 10 komandadan ibarət 4 dövrəli sistemin tətbiqinin klubların maddi durumları ilə bağlı olduğunu bildirib: “Qalmaqal varsa, deməli, futbol da var. Toyun gözəlliyi dava-dalaşdırsa, futbolda da qalmaqaldır. 10 komandalı sistemin əsas səbəbi sponsor problemi ilə bağlıdır. Gəlin, 2 komandaya sponsor tapın, yenidən “altılıq” sistemini keçiriləcək. Hələ püşkatma olmayıb, bunu həyata keçirə bilərik. Klubların sponsor problemlərini nəzərə almaq lazımdır. Gəlin, azarkeşləri futboldan iyrəndirməyək. Milçəyi şişirdib, fil etməyək”.

PFL prezidenti növbəti mövsümdə I divizionda iştirak edəcək Naxçıvanın “Araz” klubunun yaranmağı ilə yaranmış problemdən də danışıb: “Bu komanda bizə I divizionda oynamaqla bağlı müraciət etməyib. Ancaq I divizionda iştirak edəcək 7-8 klub bizə rəsmi şəkildə Naxçıvana getməklə bağlı maddi çətinlik yaranacağını bildirib. Elə klublar var ki, I divizionda qeyr-qanuni oynayır. İcazə verməsəm, deyəcəksiniz ki, Ramin Musayev futbolu boğur”.

Qaynar.info