10 il əvvəl vəfat etmiş aktyor Ələkbər Hüseynovun həyat yoldaşı Afaq Hüseynova publika.az-a açıqlama verib.
Qaynarinfo xəbər verir ki, xanımı Ələkbər əmi ləqəbli sənətçinin ölüm səbəbindən danışıb:
"2002-ci ildə Fransaya getməli idi. Artıq bileti də alınmışdı. Səfərə bir neçə gün qalmış dişi şişib, ağrımağa başladı. Bir dostu da diş həkimi idi, dedi, gəl, mənim yanıma. Elə öz kabinetində də dişini çəkdi. Fransaya getdi qayıtdı. 1 ildən sonra isə narahatçılığı başladı. Müxtəlif xəstəxanalarda qan analizi verdi. Hamısı da dedi ki, dişini çəkdirəndə infeksiya keçib, Hepatit C virusuna yoluxub. Həkimlər bildirdilər ki, müalicə olunsan ömrün 8 il uzana bilər. Əks təqdirdə 3 il yaşayacaqsan. Onun da orqanizmi allergik idi. Pəhrizlə, qulluqla 3 il yaşada bildik.
İnternetdə xəstəliyi haqda çox oxuyurdu, amma bu barədə heç vaxt danışmırdı. Ölümə boyun əymək istəmirdi sanki... Hər birimiz acımızı ürəyimizdə yaşayırdıq. Anası səhəri yaşlı gözlə açırdı. Mən qəlbimdə daş boyda ağırlıqla gəzirdim, amma büruzə vermirdik. 2007-ci ilin 2 avqustunda dünyadan köçdü... Ölümüdən bir neçə gün sonra qeyd dəftərçəsini vərəqlədik. Hətta oktyabr ayınadək planlarını yazmışdı. Nikbin insan idi. Həmin il oğlum da sənədlərini İncəsənət Universitetinə vermişdi. Elə o xəstəxanada yatanda Cavidan gəlib dedi ki, ata mən ali məktəbə qəbul oldum. Gözü ilə sevincək işarə elədi".
Şərhlər