Xəbər lenti

Elektron etibarnamələrin verilməsi ilə bağlı qaydalar açıqlandı
Ölkə 22:08 02.12.2019

Elektron etibarnamələrin verilməsi ilə bağlı qaydalar açıqlandı

"Vətəndaşlar "myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Etibarnamə vermək üçün vətəndaş "myGov” şəxsi kabinetində "Elektron etibarnamə” bölməsinə daxil olur, yeni etibarnamə üçün müraciət funksiyası vasitəsi ilə prosesə başlayır. Növbəti pəncərədə vətəndaşın qeydiyyatda olan nəqliyyat vasitələri görünür. Nəqliyyat vasitəsi seçilir və əgər nəqliyyat vasitəsinin icbari sığortası yoxdursa bu məlumat vətəndaşa dərhal bildirilir".

"Report" xəbər verir ki, bunu etibarnamələrin elektron qaydada verilməsi sistemi ilə bağlı keçirilən mətbuat konfransında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərzadə deyib.

O bildirib ki, növbəti mərhələdə etibarnamə veriləcək şəxsin FİN nömrəsi və sürücülük vəsiqəsinin seriya və nömrəsi daxil edilir:

"Əgər etibarnamə verilən tərəfin sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitibsə, bu haqda məlumat verilir və etibarnamə verilə bilməyəcəyi bildirilir. Sonra etibarnamənin müddəti seçilir. Həmçinin bu mərhələdə həmin etibarnamə üzrə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin başqa şəxsə verilib verilə bilməyəcəyi də seçilir. Sonra, şəxsiyyət təsdiqetmə mərhələsində vətəndaşın doğum yeri və tarixi, qarşı tərəfin mobil nömrəsi və ya digər təsdiqedici məlumatlar təqdim olunduqdan sonra ödəniş funksiyası aktivləşir. Vətəndaş "ASAN ödəniş” sistemi üzərindən ödəniş edib prosesi tamamlayır. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir. Sonda vətəndaşın şəxsi kabinetinə bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->