Siyasət 14:46 18.05.2013

Əli Kərimli: "Bu məsələdə İctimai Palatanın mühüm rolu olub"

Bu gün İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib.

APA-nın məlumatına görə, Laçının işğal günü ilə əlaqədar şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra İP Koordinasiya Şurasının (KŞ) üzvü, AXCP sədri Əli Kərimli dönəm sədri kimi hesabat xarakterli çıxış edib. Ə. Kərimli müxalifət qüvvələrin birliyinin yaradılmasına dair danışıqlar haqqında danışıb: “Milli Şuranın yaradılması mütərəqqi ideyadır. Milli Şura ölkənin demokratik qüvvələrinin geniş koalisiyasının yaradılması imkanıdır. Ölkə ictimaiyyətində konsensusa yaxınlaşma fikir yaranıb. İlkin olaraq bu məsələdə İctimai Palatanın mühüm rolu olub. Amma daha geniş spektrin yaradılmasına ehtiyac var”.

O, Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı ideyasına dəstək verdiklərini də qeyd edib: “Bu, hamının razılaşacağı model ola bilər. Bir müddətdir bu ideya ətrafında danışıqlar gedir. Biz Milli Şura yaratmaqla paralel dövlət hakimiyyəti institutu yaratmaq niyyətində deyilik. Milli Şura ölkənin demokratik qüvvələrinin şurası olacaq. Biz bu qurumu yarada biləcəyiksə, dəyişikliklər həyata keçirə biləcəyik. Bu qurumu Rusiyaya bağlamaq təşəbbüsləri edilir. Milli Şuranın yaradılması demokratik qüvvələrin bir araya gəlməsidir. Bu prosesə qoşulacaq adam Milli Şuranın yaranması bəyannaməsini imzalayanda hamı prosesin iştirakçısı olacaq. Biz ölkənin real demokratik qüvvələrinin bu qurumda olmasına razıyıq. Qalanlar da yersiz ambisiyalar irəli sürmədən Milli Şuranın formalaşmasında iştirak etməlidirlər”.

İP KŞ üzvü Rahim Hacıyev bildirib ki, Milli Şura milli məsuliyyət məsələsinə çevriləcək və kimin hansı mövqedə olmasından asılı olmayaraq hamının bu prosesdə iştirakı Azərbaycan üçün həyati məsələdir.

İP üzvü Səxavət Əlisoy deyib ki, AXCP-Müsavat Partiyası Milli Şurada ağırlığını saxlamalıdır.

AXCP sədrinin müavini Fuad Mustafayev təklif edib ki, Milli Şuranın yaradılması ilə bağlı hansısa partiya tərəfindən problem yaradılırsa, bu məqam ictimailəşməlidir: “Qoy, ictimaiyyət cəmiyyətin inkişafına mane olan qüvvələri tanısın. Kimlərinsə həm orda, həm də burada yaxşı olmasına imkan verməməliyik. İmka vermək olmaz ki, cəmiyyətin inamı sınsın”.

Müsavat Partiyasının üzvü Mahirə Muradova çıxışında Xəzər rayonu Albalı qəsəbəsində yerləşən şəxsi bağ evini AXCP-yə qərargah kimi istifadəyə verməyə hazır olduğunu bildirib.

İP KŞ üzvü İbrahim İbrahimli Milli Şuranın İP bazasında formalaşmasını daha uğurlu layihə kimi xarakterizə edib. Onun sözlərinə görə, bu format seçkilərdə müxalifətin uğuruna səbəb olacaq.

Sonda Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış edərək, təmsil etdiyi qurumun strategiyası, Milli Şura və seçkilər haqda danışıb. O qeyd edib ki, Milli Şuranın yaradılmasının qarşısını almaq mümkün deyil: “Bu qurumda ölkənin aparıcı partiyaları və ziyalıları bir araya gəlirlərsə, nəticə bəllidir. Məsələnin detallarına getmək istəmirəm. Çünki problem yaratmaq istəyənlərə şans vermək istəmirəm”.

İ. Qəmbər İP-in əhəmiyyəti və mövcud məqamda lazımlılığı haqqında da danışıb: “Bu qurum tarixə düşüb. Eyni zamanda Milli Şuranın da yaranmasına çox qalmayıb. Bu qurum düzgün qərarları ilə vəziyyəti dəyişə bilər. Seçkiyə qədərki müddətdən düzgün istifadə edilməlidir. İnanıram ki, biz bu hədəflərə çatacağıq və bunda heç kimin şübhəsi olmamalıdır. Hesab edirəm ki, növbəti sessiyaya qədər bir sıra qərarlar qəbul olunacaq və əməl ediləcək”.

Sessiyada mayın 28-də Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi qarşısında tədbir keçirilməsi barədə qərar qəbul edilib.

Qaynar.info