Siyasət 12:05 27.03.2013

Əli Kərimlinin bölgələrə səfəri niyə gündəmdən çıxarıldı?

“Bir neçə ay öncə Müsavat başqanı İsa Qəmbərin bölgələrə səfərinin necə əngəllədiyinin şahidi olduq. AXCP sədrinə qarşı da bu hakimiyyətin münasibətini bilirik. Ona görə də partiyanın rəyasət heyətində bu məsələ dəfələrlə müzakirə edilib”.

Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib. 

Partiya funksionerinin sözlərinə görə, Əli Kərimlinin bölgələrə səfəri seçkilər ərəfəsində baş tutacaq: “Qərara gəlmişik ki, Əli Kərimlinin bölgələrə səfəri yalnız seçkilər ərəfəsində olsun. Biz indiki durumda Əli bəyə hər hansı təxribatın olmasını istisna etmirik. Partiya sədrinin bölgələrə səfəri gündəmdən çıxarılıb. Təbii ki, seçkilər ərəfəsində Əli Kərimlinin bölgələrə səfəri nəzərdə tutulur”.

H.Kərimov Ağstafada cəbhəçilərin saxlanılmasından da danışıb: “Dünən Ağstafada AXCP sədrinin iki müavini polisə aparılıb. Gecə saat 2-də onları Ağstafadan çıxarıblar. Təsəvvür edin, vəziyyət necədir. Hesab edin ki, orada Əli bəy olub, görün, nələr baş verərdi. Biz onun həyatının təhlükəsizliyi naminə bölgələrə səfəri təxirə salmışıq”.

Xatırladaq ki, dünən AXCP rəhbərliyi Qazax  və Ağstafa rayonlarında müşavirə keçiriblər. Görüş zamanı AXCP rəhbərliyi polis tərəfindən  saxlanılıb. AXCP sədrinin müavini  Nurəddin Məmmədli, Rəyasət Heyətinin üzvü Sahib Kərimov, mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, Ağstafa şöbəsinin rəhbərliyi saxlanılaraq polis idarəsinə aparılıblar. Polis idarəsində 3 saat saxlanılan cəbhəçilər sonradan buraxılaraq rayondan uzaqlaşdırılıblar.

İlkin
Qaynar.info