Ölkə 16:01 09.04.2019

Elmar Vəliyevə qarşı sui-qəsd ilə bağlı paylaşım edən şəxsin cəzası azaldıldı

Sumqayıt Apellyasiya Məhkəməsində terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən İlqar Quliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Qaynarinfo-nun xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Quliyevin apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 aya endirilib.
İttiham aktına əsasən, İ.Quliyev 3 iyul 2018-ci il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkədə paylaşım edib.

Daha sonra onun barəsində Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham irəli sürülüb.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.