Sağlamlıq 09:42 04.02.2019

Elxan Nəbiyev: "Bu rayonlarımızda uroloji xəstəliklərə yoluxma riski böyükdür"

"Son zamanlar uroloji xəstəliklərlə bağlı müraciət edənlərin sayı artıb. Bunlar arasında dəri-zöhrəvi xəstəliklər üstünlük təşkil edir. Bizim xəstələr əsasən prostat vəzi, sidik yollarında yaranan törəmələr, böyrəklərdə, sidik kisəsində yaranan daşlara görə müraciət edirlər. Müraciət edənlər içərisində xarici turislər də olur”.

Bunu Qaynarinfo-ya müsahibəsində Respublika Klinik Xəstəxanasının Urologiya şöbəsinin həkimi Elxan Nəbiyev deyib. 

- Böyrək xəstəliklərinin yaranmasına səbəb olan başlıca amillər nələrdir və daha çox hansı yaş kateqoriyasında bu xəstəliklərə rast gəlinir?
- Hər bir yaşda böyrək xəstəliyi ilə qarşılaşmaq olar. Bu, maddələr mübadiləsinin pozulması, sidiyin evakuasiyasının qarşısının alınması və sübut olunub ki, bəzi hallarda pəhriz səbəbindən də baş verə bilər. Sidiyin xaric olmasının qarşısını almaq böyük problemlərin yaranmasına gətirib çıxara bilər. Bu zaman böyrəklərdə genişlənmə əmələ gəlir, immunitet zəif olanda və yanaşı xəstəliklər, şəkər və s. birləşəndə isə pielonefrit xəstəliyinə də gətirib çıxara bilir. Pielonefrit böyrəyin iltihabı prosesidir. Həmçinin Azərbaycanda bəzi endemik zonalar var ki, məsələn, Quba-Qusar bölgəsində suyun tərkibinə görə bu tip xəstəliklərə daha çox rast gəlinir.


 
- Böyrəklərdə yaranan daşlar nə zaman əməliyyat həddinə çatır? 
- Ümumiyyətlə sidik axarına düşən daşlar 1 sm-ə qədərdirsə, çalışmaq lazımdır ki, konservativ müalicə üsulu ilə xəstəlik aradan qaldırılsın. Amma düşmürsə, ya çöldən döydürmə, ya da endoskopik yolla xaric edilməlidir. Daşın növündən asılı olaraq müalicə metodu da fərqlidir. Əgər sidik yollarında daş varsa və buna qızdırma da birləşirsə, deməli artıq infeksiya baş qaldırıb. Bu zaman stasionar müalicə daha məsləhətlidir. Yox əgər ağrı sadəcə böyrəkdədirsə və daşın ölçüsü qeyd etdiyim kimi 1 sm-ə qədərdirsə, xəstə ambulator müalicə ala bilər.

- Belə xəstəliklərə tutulmamaq üçün nələrə diqqət edilməlidir?
- Ən əsas məqam maye qəbul edilməsidir. İnsan nə qədər çox maye qəbul etsə, böyrəklərdə daş yaranması riski də azalar. Xəstəlik yaranan zaman isə mütləq həkimə müraciət olunmalıdır. Urologiyada bitki mənşəli preparatlar geniş istifadə olunur. Lakin bununla yanaşı kimyəvi preparatlarla da müalicə aparılmalıdır. Birinci olub, ikinci olmasa proses uzana və ağır fəsadlar törədə bilər.


 
- Əsasən yaşlı insanlar bellərini şarfla bağlayırlar. Bu yolla böyrəyi qorumaq və belə xəstəliklərin yaranmasının qarşısını almaq olarmı?
- Xeyr. Bu, tamamilə mənasız bir şeydir. İmmuniteti yüksək səviyyədə saxlamaq və maye qəbulunu da adekvat etmək lazımdır. Gərək insan gün ərzində mövsümlə əlaqədar olaraq 3-4 litr maye qəbul etsin. Orqanizmdə susuzluq olmamalıdır. Həmçinin insan daim hərəkətdə olmalıdır.

- Heç yanlış diaqnozla yanınıza gələn xəstə olubmu?
- Diaqnozlarda əsasən yanlışlıq yox, amma bir balaca fərqlilik ola bilər. Məsələn, bəzi rayonlarda istifadə olunan aparatlar lazımi səviyyədə olmadıqda diaqnoz qoyulmasında müəyyən məhdudiyyətlər yaradır. Həmin xəstə bizdə müayinədən keçəndə daşın ölçüləri və yerləşməsi barədə daha dəqiq məlumat əldə edirik. 


 
- Cinsi əlaqə zamanı keçən infeksiyalar uroloji problemlərə necə səbəb olur?
- Qorunmamış cinsi əlaqə zamanı, xüsusən partnyorun birdən çox adamla münasibəti varsa, zöhrəvi xəstəliklərə yoluxma riski böyükdür və bunun bir sıra uroloji fəsadları ola bilər. Məsələn, belə xəstəliklər arasında ən geniş yayılanı qanayriya xəstəliyidir. Qanayriya sidik kanalında darlıq yaradan infeksiyadır. Vaxtında müalicə almayan xəstələr gələcəkdə sidik ifrazının zəifləməsi ilə əlaqədar uroloqa müraciət edirlər. Bu zaman isə biz sidik kanalını endoskopik yolla genişləndirmək məcburiyyətində qalırıq. Gənclərə tövsiyyəm o olardı ki, xəstəliklərə yoluxma riski yüksək olan cinsi əlaqə zamanı qorunsunlar və maye qəbulunun adekvatlığına fikir versinlər. Sağlam qida, maye qəbulu və qorunma bu tip xəstəliklərə yoluxma riskini azaldır. 

Qeyd edək ki, Nəbiyev Elxan Etibar oğlu 1978-ci ildə Bakıda doğulub. 189 nömrəli orta məktəbdə təhsil alıb, 1992-ci ildə Türkiyəyə köçdükdən sonra orta məktəbin son 2 ilini orada davam etdirib. 1994-cü ildə Yaroslav Tibb Akademiyasına qəbul olub və Belarus Dövlət Tibb Universitetinin Müalicə İşi fakültəsində təhsilini davam etdirib. 2001-ci ildən 2005-ci ilə kimi həmin universitetdə uroligiya ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi həkim-travmatoloq və həkim-cərrah vəzifəsində xidmət edib. Hərbi xidmətdən ayrıldıqdan sonra bir sıra yerlərdə, o cümlədən Sumqayıtda həkim kimi fəaliyyət göstərib və 2010-cu ildən Respublika Klinik Xəstəxanasının Urologiya şöbəsinin həkimidir. O, 2015-ci ildə I Avropa Oyunlarında, 2017-ci ildə İslam Həmrəylik Oyunlarında həkim qrupunun rəhbəri olub.

Çingiz Səfərli