Ekonomiks 14:35 26.12.2013

Əmanətlərin verilməsi dekabrın 31-də başa çatır

Azərbaycan prezidentinin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanı ilə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi 2013-cü il dekabrın 31-də başa çatır.

Qaynar.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
 
Elana görə, birdəfəlik ödəmənin alınması üçün "Kapital Bank" ASC-nin  filiallarına müraciət etmiş vətəndaşların əksəriyyəti birdəfəlik ödəmə ilə təmin olunublar. Fərdi birdəfəlik ödəməni almaq üçün müvəkkil banka ərizə ilə müraciət etmiş əmanətçilərin bir qisminə Bank tərəfindən birdəfəlik ödəmə təyin olunmasına baxmayaraq, həmin əmanətçilər Bankın müvafiq filiallarından onlara təyin olunmuş pul vəsaitlərini bu günədək almayıblar.
 
Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin 2013-cü il dekabrın 31-də başa çatacağını nəzərə alaraq, Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiya həmin əmanətçiləri birdəfəlik ödəmənin alınması ilə bağlı qeyd olunan tarixədək "Kapital Bank"ın müvafiq filiallarına müraciət etməyə çağırır.

Qaynar.info