Sənət 14:21 08.09.2021

Əməkdar artist: “Şəhid Xudayarın anası dedi ki, Firuzə xanım, utanıram...” (MÜSAHİBƏ)

Əməkdar artist Firuzə İbadovanın Qaynarinfo-ya müsahibəsi

 - Firuzə xanım, bütün dünyanı başına götürən koronavirus bəlası iki ilə yaxındır ki, Azərbaycanda sənət adamlarını səhnədən uzaq salıb. Pandemiya ilə necə yola gedirsiniz?

- Pandemiya sənət adamlarına qənim kəsildi. Nə qədər sənət adamı dünyasını dəyişdi. Çox tanınmış sənətkarları itirdik. Bəladır da gəldi, hələ də davam edir. Həyatdır da yaşayırıq. Uzun zamandır ki, televiziyalarda da yoxam. Televiziyalara gedəndə gərək yeniliklərlə, yeni mahnılarla gedəsən. Ürəyimə yatan bəstələr yoxdur. Köhnə mahnılarla efirə çıxmağın nə mənası var? Şəhid Arəstə Baxışovaya bir mahnı bəstələnib, onu oxudum. Bütün şəhidlərin yeganə bacısına mahnı oxumaq istədim, içimdən gəldi. Sənətçilərin maddi durumu çox aşağıdır. Toylara getməyən sənətçinin vəziyyəti necə olar?. Bir ildən çoxdur ki, heç bir yerə getmirik, səhnə üzümüzə bağlanmışdı. Toylar açılır. Əgər toylara gedə bilsəm, vəziyyətim düzələcək. Amma inanmıram ki, toylara gedə biləm. 

- Niyə "gedə biləm”? 

- İçim, ürəyim, qəlbim, ruhum qan ağlayır, sevinə bilmirəm. Analar qan ağlayır, bala itirib. Şəhidlərimiz var. Mən də çox vətənpərvər insanam. Şəhidlərin anaları ilə görüşürəm, günlərlə özümə gələ bilmirəm. Bu yaxınlarda Ağcabədiyə getmişdik, şəhid Mirağa Əliyevin 20 yaşı tamam olurdu. Qadir Ədalət, İradə xanım və mən Ağcabədi rayonunda olduq. Həmin bölgəyə yaxın olan şəhidlərin anaları ilə görüşdük. Görüşdə 16 şəhidin anası iştirak edirdi. Qürurlandım, şəhidləri həmin analar dünyaya gətirib. Xudayarın anasının əlindən opdüm. Dedi ki, Firuzə xanım, utanıram. Dedim ki, yox, mən sizin əllərinizdən öpəcəyəm, Siz Xudayar kimi bala dünyaya gətirmisiniz. Onu kasıblıqla böyütmüsünüz. Həmin görüş məni daha da duyğulandırdı. 

- Bütün bunlardan sonra toylardan dəvət gəlsə, getməyəcəksiniz?

- Toy şənlikdir. Amma mənim ürəyim açılmır. Elə bir insan ola bilər ki, övladının toyunda məni görmək istəyər. O zaman bəlkə qərar verə bilərəm. Axı o da mənim xalqımın bir nümayəndəsidir, onları da üzmək olmaz. Bəlkə də gedərəm, amma ürək daha həminki sevinən ürək deyil, açılmır, şənlənmir. Gərək ifaçı da səhnəyə ürəklə çıxsın, oxuyanda oynasın, məclisi əyləndirsin. Bütün bunlar içimdən gəlməyəcək. Biz həmin görüşə getməmişdən öncə Qadir Ədalət bir neçə sənət adamına zəng edib deyib ki, Mirağa Əliyevin 20 yaşı tamam olur, ora gedirik, bəlkə siz də gedəsiniz? Hərə bir bəhanə ilə aradan çıxıb. Həmkarlarımın bu hərəkəti mənim ürəyimi daha da ağrıtdı. 

- Həmin müğənnilərin şəhid anaları ilə görüşə getməməsinin səbəbi nə olub?

- Nə bilim, hərəsi bir bəhanə gətirib. Deyiblər, banketim var, toydayam, nişandayam, ad günündəyəm və s. Biz axı bir yerdə olmalıyıq. Belə səfər bir gün olur. Biz bir yerdə olsaq, birlikdə güclü olarıq. Biz isti xalqıq, bir-birimizə yananıq. Maddiyat olmasın. Mən orda olanda elə bildim, qarşıma nə qədər pul qoydular. Guya mənim ehtiyacım yoxdur pula? Amma belə bir görüşdən söhbət gedirsə, vacib iş də təxirə salınmalıdır. Mən onları qınamıram. İki ildir qazanc yerləri yoxdur, balaları, anaları, ailələri var. Əslində, onlara əhsən deyirəm. Onların ruhu ölməyib. Mənimsə ruhum ağlayır. Ağlaya-ağlaya səhnədə mahnı ifa edib, əlimi qaldırıb, pul qazanıb ailəmə gətir bilmərəm. Şəhidlərimiz var, təkcə 500-dən yuxarısı cənub bölgəsindədir. Görün digər bölgələrimiz nə gündədir? 

- Pandemiya zamanı dünyasını dəyişən sənət adamlarının evində, yasında olmusunuz? 

- Sözün həqiqi mənasında mən heç bir yerə gedə bilmədim. Ancaq telefonla baş sağlığı verdim. Çünki mən də orta yaşlıyam, qorxuram, balalarım var. Onların məndən başqa heç kimi yoxdur. Allah eləməsin, birdən xəstələnərəm, onlar da başsız qalar. Açığı onlar da heç kimi qəbul eləmirdi, hər yan virus, hamı qorxurdu. Pandemiya vaxtı yeganə qapısını açdığım Xalq artisti Nazpəri Döstəliyeva olub. Onun oğlu dünyasını dəyişdi, bu itkiyə dayana bilməzdim. Mənim üçün Nazpəri xanım dəyərli bir bacı, eləcə də böyük sənətkardır. 

- Övladının ölümündən sonra Nazpəri Dostəliyeva səhnəyə çıxır? Ümumiyyətlə, vəziyyəti necədir?

- Xeyir. Allah heç kimə bala dağı göstərməsin. Hər ana bu dağı, yükü çəkə bilmir. Nazpəri xanımın böyüklüyü tam başqadır. Dedi ki, Firuzə xanım, mən indi Əli üçün çox ağlaya bilmirəm. Çünki bu gün Azərbaycanda minlərlə Əli şəhid olub. Mən şəhid analarından artıq deyiləm. Görün onun nə böyüklükdə ürəyi var. İnan, bunu eşidəndə hönkür-hönkür ağladım. Sənəti kimi ürəyi də böyükdür. Rəhmətlik anam da ölməmişdən əvvəl vəsiyyət elədi ki, Firuzə mən ölsəm, ağlama, ayıbdır. Azərbaycanda bu qədər şəhid var. Sən ağlasan, bəs o şəhid anaları neyləsin? 

Elə bir ailə, nəsil olmaz ki, orada şəhid olmasın. O uşaqlar nazir övladları deyil. Heç kəs inciməsin. Elə yaşdayam ki, sözümü deməliyəm, onların hamısı kasıb komalarından çıxan kasıb balalarıdır. Onların hər biri qeyrətlə, zəhmətlə böyüyüb. Bu pandemiya dövründə çox şeyi öyrəndim, çoxlarını tanıdım. 

Bahar Rüstəmli