Sənət 19:28 30.06.2019

Emin Ağalarov: “Atamdan pul istəməyi sevmirdim”

Xalq artisti Emin Ağalarov Rusiyanın "RU” telekanalının  "Непридуманные истории” verilişinin qonağı olub.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni qonaq olduğu verilişdə şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Ağalarov bildirib ki, həyatı boyunca maddi baxımdan heç kimdən seçilməməyi özünə prinsip olaraq seçib:

"Atam təkid edirdi ki, məni məktəbə sürücü aparıb-gətirsin. Amma hamı məktəbə ya avtobus, ya  velosiped, ya da mopedlə gəlirdi. Buna görə də məktəbə sürücü ilə  getmək "cool” görünmürdü. Mən də buna görə məktəbə velosipedlə gedirdim. 15 yaşında isə moped sürmək üçün sürücülük vəsiqəsi aldım və məktəbə onunla gedib-gəlirdim. Hər kəs kimi olmaq istəyirdim, seçilmək istəmirdim. Başqalarından seçilməməyi həyatım boyunca qoruyub saxlamağa çalışdım”.

Xalq artisti ilk işindən, ilk qazancından da söz açıb:

"Sovet İttifaqında "cib xərcliyi” deyə anlayış yox idi. Amerikaya gedəndə bu barədə heç düşünmürdüm də. Ehtiyacım olanda da anamdan istəyə bilirdim. Məsələn, 13-14 yaşım olanda anamdan 20 dollar istəyə bilirdim.  Onu da həftə ərzində nahar yeməyinə xərcləyirdim. Hər dəfə gedib anamdan pul istəməyim xoşuma gəlmirdi. Xüsusi ilə də atamdan pul istəməyi sevmirdim. Bu, mənim üçün rahat deyildi. Düzdü, nə vaxtsa səfərə gedəndə özü uşaqlara pul verirdi. Bəzən "yox, lazım deyil” deyib imtina edirdim, bəzən də götürürdüm. 16-17 yaşım olanda valideynlərimdən pul almaq mənim üçün dayandı. Bu yaşdan sonra pul qazanmağa başladım. Saat, "matruşka” satırdım.  Saatı 5-10 dollara alıb, 30 dollara satmaq olurdu. Yavaş-yavaş biznesi inkişaf etdirib, ofis açdım, iki əməkdaşım var idi. Gündüzlər saatların şəkilini çəkib, hərracda yerləşdirirdik. Sonra bizə çeklər gəlirdi. Həmin vaxt ilk maşınımı da aldım. İndiyədək o maşın məndədir. Avtomobili uşaqlarıma göstərəndə, onlar hər gün bu maşınla gedib-gəldiyimə inana bilmirdilər”.