Amal Abuşov
İdman 14:35 12.12.2017

Ən çox haqqı olan adam - Banişevski

Amal Abuşov
 
Banişevskini cəmi 51 yaşında itirmişik. Nadir istedad sahibini təkcə bir futbolçu kimi yox, əsl vətənpərvər və fəxarət hissiylə xatırladığımız həmyerlimiz kimi də xarakterizə edə bilərik. Onun doğulduğu şəhərə, vətəni Azərbaycana olan sevgisi və sədaqəti çoxlarına nümunədi. Təəssüflər olsun ki, onu qoruya, səhhətinin qayğısına qala bilməmişik. 51 yaşında aramızdan gedib...
 
"Neftçi”nin əsas komandasına düşəndə 16 yaşı var imiş. Tez bir zamanda istedadı ilə digərlərindən fərqlənib, adından və futbolçuluq bacarığından söz etdirib. Çox keçmir ki, hamı "Neftçi”nin heyətindəki bakılı oğlandan danışır. Onu böyük gələcəyin gözlədiyini, tezliklə bütün dünyada məşhurlaşacağını deyirlər. Banişevskinin Bakıda oynaması, Azərbaycanı təmsil edən "Neftçi”nin formasını geyinməsi çoxlarını narahat edir. Ona yaşayış yerini dəyişməyi, Moskvada və ya Kiyevdə yaşamağı təklif edirlər, deyirlər ki, belə olan halda daha çox parlayacaq və böyük futbolçuya çevriləcək. Razılaşmır, doğma Bakıya və bu şəhərin komandası "Neftçi”yə sadiq qalır.
 
Üç il sonra, 19 yaşında SSRİ yığmasına dəvət alır. Həmin vaxt "Neftçi”də oynayan gənc futbolçu üçün böyük göstərici idi. Bu qədər təzyiqləri, qısqanclıqları, atılan badalaqları dəf etməyi bacarmışdı. SSRİ bütövlükdə Avropa və Amerika ilə təkbaşına mübarizə aparır, dünyaya meydan oxuyurdu. Bu böyük dövlətin yığma komandasına dəvət almaq, özü də bunu Kiyevdə və Moskvada oynamaya-oynamaya etmək hər kəsə nəsib olmurdu. Banişevski isə bunu bacarmışdı.
 
Banişevski üçün SSRİ yığmasında debüt əla alınıb – səkkiz oyunda vurulan 7 qol! Ümumilikdə SSRİ yığmasında 50 oyun keçirib və 19 qola imza atıb. Bu qolların içində Braziliya millisinin qapısına "Marakana” stadionunda vurduğu möhtəşəm qol xüsusi yer tutur. Düzdü, bizim nəslə həmin qolun viedogörüntülərini izləmək nəsib olmayıb. Bəlkə də, kimlərlərsə bilərəkdən qızıldan qiymətli arxivi məhv edib, Banişevskinin vurduğu qolun gələcək nəsillər tərəfindən izlənməsini əngəlləyib. Onu bilmirik...
 
... Bildiyimiz odu ki, Banişevski daha çox yaşamalı, Azərbaycan futboluna hələ çox xeyir verməliydi. Onun bacarığından, istedadından, vətənpərvərliyindən öyrəniləsi çox şey var idi. Banişevskini qorumaq üçün heçə ne etmədik. Və cəmisi 51 yaşında tənha və soyuq evində gözlərini bu dünyaya əbədi yumdu. İki gün bundan əvvəl bu ağrılı vəfatın üzərindən 20 il keçdi.
 
Ötən 20 il ərzində Anatoli Banişevskinin adını yaşatmaq, onun xatirəsini əziz tutmaq üçün yetərli qədər iş görməmişik. Elə sağlığında ona bəslədiyimiz münasibətin davamı kimi. Dünən həmkarımız Aydın Bağırov bu nöqsanı düzəltmək, eybimizi aradan qaldırmaq üçün gözəl bir təşəbbüs irəli sürdü. Banişevskinin adını daşıyan möhtəşəm bir stadionumuz mütləq olmalıdı. Hazırda Masallı şəhərindəki stadion onun adını daşıyır. Amma bu idman qurğusu hazırda futbol meydanından daha çox örüş yerini, tərk edilmiş bostanı xatırladır. Oranın abadlaşdırılması, futbol meydanına oxşadılması heç kimin yadına düşmür. Belədə Gənclər və İdman Nazirliyi, AFFA qələm əhlinin təşəbbüsünə səs verməli, Aydının təklifi həyata keçirilməlidi. Bakıda AFFA-nın nəzarətində olan üç stadion var: "Bayıl Arena”, "Dalğa Arena” və "Bakcell Arena”. Bu stadionlardan birinə mütləq Banişevskinin adı verilməli, böyük futbol adamının xatirəsinə sayğı göstərilməlidi. Çox istərdim ki, bu təşəbbüsə "xalq komandası”nın rəhbərliyi də qoşulsun. Banişevskinin "Neftçi”nin şərəfini qoruduğu, hər zaman "ağ-qaralar”a sadiq qaldığını nəzərə alsaq, onun adının "Neftçi”nin oynadığı stadiona verilməsi daha layiqli olar. 
 
Buyurun, hörmətli səlahiyyət sahibləri. Bu ölkədə adına stadion verilməsinə ən çox haqqı olan adam elə Banişevskidi. Onun haqqını və qiymətini verək. Sağlığında verə bilmədiyimiz haqqını!