Texnologiya 19:27 21.11.2017

Ən təhlükəli parollar açıqlandı

"Google” şirkəti kibertəhlükəsizlik mövzusunda ABŞ-ın Berkli Universiteti ilə birlikdə aparılan tədqiqatın nəticələrini açıqlayıb.

"Qaynarinfo" ICTnews-a istinadən xəbər verir ki, 2016-cı ildə 1 484 680 141 login, parol və digər fərdi istifadəçi məlumatları kibercinayətkarların əlinə keçib. Əksər məlumat sızması isə sadə parol qoyan istifadəçilərin payına düşüb.

Belə ki, ən populyar təhlükəli parol cinayətkarlar tərəfindən 6 milyon dəfədən çox tapılan "123456” olub. İkinci yeri ingiliscə parol mənasını verən "password” sözü tutub. Onun müdaxilə sayında payı 2 700 000 təşkil edib. Liderlər üçlüyünü 2 200 000 dəfədən çox yığılan "123456789” kombinasiyası tamamlayıb.

Bildirilir ki, internet istifadəçiləri ən çox məlumat bazaları güclü mühafizə edilməyən şirkətlərin səhvinə görə ziyan görürlər. "Google” şirkətinin məlumatına görə, 2016-cı ildə 1,9 milyard insan qlobal hücumların qurbanı olub.  

Qaynarinfo.Az