Video 11:27 01.08.2021

Ərdoğan yanğınlarla bağlı son məlumatları açıqladı (VİDEO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş verən meşə yanğınları ilə bağlı son vəziyyəti açıqlayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Türkiyəyə dəstək verən ölkələrin adlarını da açıqlayıb:

"Yanğın-xilasetmə heyyətləri yanğınların baş verdiyi hər yerdə işlərinə davam edirlər. Ukrayna, Rusiya, Azərbaycandan və İrandan gələn təyyarələrlə meşə yanğınlarının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb. PUA-lar vasitəsi ilə yanğının baş verdiyi ərazilər sürətlə təyin edilir, genişlənmədən lokallaşdırılır”. 

Ərdoğan əlavə edib ki, Marmarisdə baş verən yanğınlardan birinə uşaqlar səbəb olub, Milasdakı yanğınla bağlı isə bir nəfər şübhəli şəxs qismində saxlanılıb.


Qeyd edək ki, son beş gün ərzində Türkiyədə qeydə alınan 107 yanğından 98-i söndürülüb. Doqquz yanğının söndürülməsi istiqamətində işlər davam edir. Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.

 Qardaş ölkədə hər il orta hesabla 2500-3000 yanğın faktının qeydə alındığını deyən nazir, keçən il səkkiz böyük yanğın hadisəsinin baş verdiyini söyləyib: "Yanğınsöndürənlərimiz yorğundurlar, lakin qərarlı şəkildə davam edirlər. Silifkedəki yanğın getdikcə azalır. Adanada bütün yanğınlar nəzarət altına alınıb. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik. Bu gün havanın rütubəti 10 faizə enəcək. Daha da diqqətli olmalıyıq. Ən qısa zamanda bütün yanğınları nəzarət altına alacağıq".