Siyasət 13:36 27.10.2021

Ərdoğanın açılışda iştirakı bu təsiri əhəmiyyətli dərəcədə artırıb... (ŞƏRH)

"Hesab edirəm ki, Türkiyə və Azərbaycanın bundan sonrakı birgə siyasi addımlarına Füzuli Hava Limanının açılışının böyük təsiri olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana olan son səfərini dəyərləndirərkən deyib.
 
Deputatın sözlərinə görə, Ərdoğanın həmin açılışda iştirakı isə bu təsiri əhəmiyyətli dərəcədə artırıb: 

"Füzuli olduqca strateji coğrafi mövqeyə malikdir. Türkiyə və Azərbaycan Prezidentlərinin bu görüşü həm də onu göstərdi ki, bundan sonra doğma torpaqlarımıza qarşı iddialarla çıxış etmək kənar qüvvələrdən kimsənin ağlına belə gəlməməlidir. Bunun qarşısı qətiyyətlə alınacaq. Orada inşa edilən hava limanları iqtisadi, siyasi, təhlükəsizlik baxımından mühüm rol oynayacaq ki, Ərdoğanın Füzuli Hava Limanının açılışında iştirakı bu mənada dünyaya göndərdiyimiz mesajın təsir gücünü daha da artıracaq”.

Həmsöhbətimizin fikrincə, Azərbaycan işğala son qoymaqla Qarabağı dünyaya əməkdaşlıq, dostluq, təhlükəsizliyin təmini istiqamətində birgə fəaliyyət üçün açdı ki, burada da əsas rolu Türkiyə oynayır: 

"Bu səfərin özü olduqca təsirli səfər idi. Füzuli Hava Limanının açılışında Türkiyə Prezidentinin iştirakı tarixi hadisədir. Bununla dünyaya göstərdik ki, nəinki torpaqlarımızı işğaldan azad etdik, nəinki orada sürətli tikinti quruculuq işləri həyata keçirilir, həmçinin, o ərazidə ölkəmizə rəsmi səfər edən dövlət başçısını da qəbul edirik. 

Füzuli Hava Limanı Qarabağın dünyaya açılan qapısıdır. Qısa zamanda həmin obyekti istifadəyə verməklə, Qarabağı dünyaya açmış olduq. Bunun isə mühüm siyasi və psixoloji mesaj yükü var”.

Rüfət Sultan