Siyasət 17:34 10.12.2020

Ərdoğanın Zəfər paradında verdiyi mesaj nə məna daşıyır? (ŞƏRH)

"Ermənistan Azərbaycana qarşı ərazi iddiasını kənara qoysa, həm Türkiyə, həm də Azərbaycanla iqtisadi əlaqələrdə olar, gediş-gəlişi açılar”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ermənistan xalqı Qarabağda baş verənlərdən dərs çıxarsa, bu, bölgədə yeni bir dönəmin başlanğıcı olacaq” fikrini şərh edərkən deyib. Onun fikrincə, belə olduğu təqdirdə Ermənistan iqtisadiyyatı daha da inkişaf edər:



"Ermənistan sıxılmış coğrafiyasından qurtula bilər. Təbii ki, buna Ermənistanın özü qərar verməlidir. Yəni, ya düşməncilik siyasətini yürüdəcək, Rusiyadan asılı vəziyyətdə qalacaq. Halbuki asılı vəziyyətdə qalması onu bütün layihələrdən kənar qoyur, qonşularla düşəm edir. Həm də bu onun özünün müstəqilliyinə bir təhdiddir. Ermənistan bunları anlasa, başa düşsə, daha müstəqil olar və dünyaya da açılar, iqtisadi çəhətdən daha da inkişaf edən ölkəyə çevrilə bilər”.

Azər Qasımlı Ermənistanın vəziyyətinin hamıya bəlli olduğunu vurğulayıb:

"Ermənistan Türkiyə, Gürcüstan və Azərbaycanla sərhəddir. Öz strateji patnyoru olan Rusiya ilə bilavasitə asıllığı olduğu halda onunla heç bir sərhədi yoxdur və öz ərazisində də Rusiyanın hərbi bazası var. Bu nöqteyi-nəzərdən Ermənistan bizim bölgədə sıxılmış bir vəziyyətdədir, Ermənistan üçün bütün sərhədlər hamısı qapalıdır. Demək olar ki, bir İranla sərhədləri açıqdır. İran da Amerikanın sanksiyaları altındadır. Ermənistan belə baxanda dünyaya açılmış bir ölkə deyil. Həm iqtisadi, həm də fərqli-fərqli layihələrə açıq olma nöqteyi-nəzərindən qapalı bir ölkədir”.

Qeyd edək ki, bu gün Bakıda keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Türkiyə prezidenti çıxışında "Ermənistan xalqı Qarabağda baş verənlərdən dərs çıxarsa, bu, bölgədə yeni bir dönəmin başlanğıcı olacaq”, - deyə bildirib.

Bahar Rüstəmli