Siyasət 12:04 25.02.2020

“Ərdoğanla görüşdə bu məsələ də müzakirəyə çıxarıla bilər” (EKSPERT)

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərində Türkiyə ilə Rusiya arasında yaranan gərginlik müzakirə oluna bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 25-də Azərbaycana səfərini şərh edərkən deyib. Onun fikirincə, görüşün əsas məqsədi iki dövlət arasında yüksək səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasını keçirməkdir:

"Bu şurada üçtərəfli əməkdaşlığın əsas iqtiqaməti müzakirə olunur. Siyasi, iqtisadi, ticarət əlaqələri, hərbi əməkdaşlıq məsələləri və s. Ərdoğan bir müddət öncə açıqlamasında demişdi ki, iki qardaş ölkə arasında ticarət mübadiləsini 10 milyard dollara çatdırmaq lazımdır. Hələ ki, bu hədəfə çatmamışıq”. 

Elxan Şahinoğlu qeyd edib ki, Türkiyə prezidentinin Bakı səfəri bölgədə gərgin duruma təsadüf edir:

"Türkiyə Naxçıvanla sərhədi bağlamaq məcburiyyətində qalıb. Çox güman ki, görüşdə bu məsələ də müzakirə olunacaq. Türkiyə-Rusiya arasında münasibətlərdə müəyyən gərginlik var. Bu da bizim maraqlara xidmət etmir. Türkiyə bizim qardaş dövlət, siyasi müttəfiqimizdir, Rusiya ilə də münasibətlərimiz var. Ola bilsin, görüşdə bu məsələlər də müzakirəyə çıxarılsın. Hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə oluna bilər ki, bu da Azərbaycan üçün çox vacibdir”.

Bahar Rüstəmli