XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ərimə sürəti proqnozları üstələri: Milyonlarla ev su altında qala bilər
Dünya10:33 14.08.2026

Ərimə sürəti proqnozları üstələri: Milyonlarla ev su altında qala bilər

Süni intellekt dəstəkli yeni araşdırmada dünya üzrə dağ buzlaqlarının əriməsi halında okeanların səviyyəsinin nə qədər yüksələ biləcəyi hesablanıb. Əldə edilən nəticələr həm sahilyanı şəhərləri gözləyən təhlükənin, həm də milyardlarla insanın su təminatını təhdid edən prosesin miqyasını göstərir.

Qaynarinfo xəbər verir ki, süüni intellekt modelləri Yer kürəsindəki buz kütlələrinin vəziyyətini və gələcəyini proqnozlaşdırmaq üsullarını əhəmiyyətli dərəcədə dəyişib. Venesiya Ka Foskari Universitetindən Nikkolo Maffezzolinin rəhbərlik etdiyi alimlər qrupu buzlaqların təhlili üçün IceBoost v2.0 adlı xüsusi proqram təminatından istifadə edib.

Sahə müşahidələrindən əldə edilmiş 7 milyondan çox ölçmə məlumatı əsasında təlim keçmiş model relyefin mailliyindən temperatur və buz axınının sürətinə qədər 26 müxtəlif fiziki amili bir araya gətirir. "Scientific Data" jurnalında dərc olunan nəticələrə görə, yeni sistem əvvəlki üsulları dəqiqlik baxımından 40 faiz üstələyib.

Hesablamalar da diqqətçəkəndir. Şərqi Qrenlandiyadakı Geiki yaylasında yerləşən buz kütlələrinin əvvəlki proqnozlardan demək olar ki, iki dəfə çox buz ehtiva etdiyi və buzun qalınlığının 2 kilometrə çatdığı müəyyən edilib.

Araşdırma Antarktida və Qrenlandiyanın əsas buz örtüklərindən kənarda yerləşən dağ buzlaqlarına yönəlib. Məlumatlara görə, bu ərazilərdə ümumilikdə 150 min kubkilometr buz var. Bu nəhəng buz kütləsinin tamamilə əriməsi qlobal okean səviyyəsini 32,3 santimetr yüksəldə bilər.

Xüsusilə Alp, And və Himalay dağlarındakı buzlaqların ərimə sürəti qar yağıntıları hesabına yenilənmə imkanlarını artıq geridə qoyub.

Problem yalnız sahilyanı ərazilərlə məhdudlaşmır, quru ərazilərdəki insanların həyatına da birbaşa təsir göstərir. Dünyada təxminən 1,9 milyard insan gündəlik şirin su ehtiyacının bir hissəsini bu buzlaqların əriməsi nəticəsində yaranan çay axınlarından qarşılayır.

İngiltərə Meteorologiya İdarəsi və Bristol Universitetinin mütəxəssisləri gələcəyə dair kompüter simulyasiyaları vasitəsilə riskin miqyasını konkretləşdiriblər. Hazırlanan ssenarilərə əsasən, yüksələn su səviyyəsi 2300-cü ilə qədər İngiltərədə 1,7 milyon evi su altında qoya bilər. Hətta ada ölkəsinin bəzi əraziləri tamamilə yaşayış üçün yararsız hala düşə bilər.

Bristol Universitetinin professoru Mett Palmer okeanların və buz kütlələrinin qlobal istiləşməyə gec reaksiya verdiyini və buna görə də su səviyyəsindəki yüksəlişin qarşıdakı əsrlər ərzində dayandırılmasının mümkün olmayacağını vurğulayır.

Təhlükə uzaq gələcəyə aid görünsə də, mövcud məlumatlar dəyişikliklərin sürətləndiyini göstərir. Peyk ölçmələri də bunu təsdiqləyir. 1999-cu ildən bəri dəniz səviyyəsi orta hesabla 9,38 santimetr yüksəlib. İllik orta artım 3,64 millimetr olduğu halda, 2012-ci ildən etibarən bu göstərici artaraq ildə 4,1 millimetrə çatıb.

Aydın