Siyasət 21:00 27.03.2019

Erməni deputatdan Paşinyana timsah və quşla bağlı sual

Ermənistanda "Tərəqqi edən Ermənistan” partiyasından parlament üzvü Gevorq Petrosyan baş nazir Nikol Paşinyana timsah və quşla bağlı qəribə sual ünvanlayıb.

Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, deputat baş nazirin qubernator təyin etdiyi şəxsin timsahın sürünən, yaxud quş olduğunu ayırd edə bilmədiyini bəyan edib, parlamentdə keçirilən ənənəvi "hökumət saatı”nda Paşinyandan bu suala cavab verməsini tələb edib. Deputat universitet rektorlarının təyinatının da düzgün aparılmadığını bildirib.

Deputat daha sonra deyib: "Öz çıxışının mətnini üzündən oxuya bilməyən deputatın parlamentdə nə işi var? Timsahla quşu ayırd edə bilməyən adam niyə qubernator vəzifəsinə təyin edilir? Peşə etikasını pozan şəxs bu gün Nəzarət Xidmətinin rəisi vəzifəsində işləyir”. Petrosyan baş naziri ölkədə bərabərlik prinsipinə riayət etməyə, vəzifələrə təyinatı isə savad və bacarığa görə aparmağa çağırıb.

Deputatın suallarını cavablandıran Paşinyan deyib ki, onun narahatlığını başa düşür və Petrosyanın mənsub olduğu partiyada bütün deputatlar mətni üzündən oxuya bilirlərsə, onda o, baş nazir kimi "təslim olur”.