Ekonomiks 13:35 29.09.2018

Erməni diasporası və Ermənistan iqtisadiyyatı

Giriş

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, nəqliyyat və daşıma imkanlarının genişlənməsi ilə dünya iqtisadiyyatında mal, kapital və digər resurslarla yanaşı insan kapitalı da sürətlə hərəkət etməkdədir. Bu hərəkətlilik iqtisadiyyatda yeni bir araşdırma predmetinin - diaspora iqtisadiyyatının meydana çıxarmışdır. Diaspora iqtisadiyyatı öz ana vətənlərindən kənarda yaşayan, lakin onlarla aktiv əlaqədə olan və milli kimliklərini qoruyan iqtisadi subyektlərin iqtisadi aktivliyini ifadə edən anlayışdır. 

Növbəti bölmədə də göstəriləcəyi kimi diaspora təşkilatları və onların üzvləri ana vətənlərinin iqtisadi inkişaflarında bir sıra yollarla aktiv iştirak edə bilirlər. Dünyada geniş diaspora potensialına malik olan ölkələrdən biri də Ermənistandır. Bir tərəfdən, zəif təbii, mineral və coğrafi resurlara malik olması, digər tərəfdən apardığı işğalçılıq siyasəti və ərazi iddiaları nəticəsində özünü qonşu ölkələrdən təcrid etməsi müstəqilliyinin ilk illərində onu çətin vəziyyətə salmış və ciddi sosial-iqtisadi böhran yaşamışdır. Zəngin enerji resursları və dənizə çıxışı olmayan Ermənistan coğrafi baxımdan da əlverişsiz vəziyyətdədir. Ölkənin Azərbaycan və Türkiyə ilə olan sərhədlərinin uzunluğu toplam sərhədlərinin 85%-ni təşkil etməkdədir. Azərbaycan və Türkiyə ilə olan sərhədləriDağlıq Qarabağın işğalı səbəbilə, Azərbaycan ilə Ermənistan arasında davam edən münaqişənin bir nəticəsi olaraq növbə ilə 1991 və 1993-cü illərdən bəri bağlıdır. Dənizə çıxışı olmayan öklənin coğrafi xüsusiyyətlərindən dolayı ticari əlaqələri zəifdir. Buna əlavə olaraq, İran və qismən də Gürcüstan xaricində bütün qonşuları ilə problem yaşamaqdadır, bu da təbii olaraq sərhəd ticarətinə mənfi yöndə təsir edir. Bu böhranlı vəziyyətdə onun sağ qalmasında heç şübhəsiz diasporanın rolu böyük əhəmiyyətlidir.  Başqa sözlə, Ermənistanın öz işğalçı əməllərinə davam etməsində həm maddi, həm də ideoloji baxımdan onun mövcud diasporası böyük rol oynamaqdadır. 

Diaspora və iqtisadiyyat

Diaspora qədim yunan sözü olub, hərfi mənada "toxum səpələmə”, "əkin” mənalarını ifadə etməkdədir. Müasir dünyada diaspora, öz ana vətənindən və əsl-nəcabətindən kənarda yaşayan, lakin onlarla aktiv əlaqədə olan və milli kimliklərini qoruyan miqrantları ifadə etmək üçün ümumi mənada istifadə edilir. Diaspora ana vətənləri və yaşadığı ölkələr arasında körpü rolunu oynayırlar. 

20-21 əsrlərdən başlayaraq yeni komunikasiya alətlərinin inkişafı ilə diaspora cəmiyyətləri də öz ana vətənlərinin inkişafında aktiv rol oynamağa başlamışdır.  Bu aktivlik yalnız xaricdə çalışan fərdlər tərəfindən öz ailələrinə köçürmələrlə məhdudlaşdırılmayaraq, digər bir sıra məsələləri əhatə edir ki, bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

Pul göçürmələri (göndərmələri) – diasporanın aid olduqları ölkəyə iqtisadi təsirlərindən ən əsası miqrantlar tərəfindən ailələrə köçürülmüş xüsusi vəsaitləridir. Dünya bankının araşdırmalarına əsasən bu pul köçürmələri yoxsulluğun azaldılmasında, təhsil və sağlamlıq kimi məhsuldar fəaliyətlərə investisiyanın artırılmasında, uşaq əməyinin azaldılmasında ciddi çəkiyə malikdir. 

İnvestisiya – diasporalar təşəbbüskarlar, start-up və kiçik müəssisələr daxil olmaqla, xarici birbaşa investisiya və transmilli sahibkarlıq vasitəsilə öz mənşə ölkələrinin iqtisadi inkişaflarına kömək edirlər. Bir sıra hallarda, daha yaxşı bilik və əlaqələrə malik olduqlarından yerli investorların yüksək riskli hesab etdikləri sahələrə də investisiya qoymaq ehtimal vardır. Həmçinin, diasporalar öz mənşəə ölkələrindən yalnız mənfəət motivləri ilə deyil, həmçininin öz ana vətənlərində iş qurmaq və dəstək olmaq kimi əsaslar da mövcud ola bilər.

Diasporaların bilik transferi - Diasporların mənşə ölkələrinin inkişafına olan əməli fəaliyyətlərindən biri də əldə edilmiş biliklərin köçürülməsidir. Bu diasporalar texniki bilik və bacarıqlarının "beynin qazancı” şəklində köçürülməsi üçün böyük bir qaynaqdır.

Diaspora xeyriyyəçiliyi - Diasporanın mənşə ölkələrinin iqtisadi inkişafına verdiyi töhvələrindən biri miqrantların ana vətənlərindən xeyriyyəçi kimi iştirakıdır. 

Diaspora Tərəfdaşlığı - Diaspor təşkilatlarının (hətta bəzən ayrı-ayrı fərdlərin) mənşə ölkələrində və həll proseslərində getdikcə daha çox diqqət və nüfuz qazanması müşahidə olunur. Onlar getdikcə hökumət, media, korporativ sektor və digər görkəmli qruplara təsir göstərməyə çalışır və bu səbəbdən vətəninə təsir göstərən bir sıra məsələlər üzərində danışırlar.

Xaricdə öz ölkəsinin mallarına tələbatın artırılması – Diaspora üzvləri yaşadıqları ölkələrdə öz ölkəsinin mallarını, xüsusilə spesifik malları satışını stimullaşdırmaq imkanına malikdirlər.

Dünyada erməni diasporası

Dünyanın fərqli ölkələrində yaşayan ermənilərin formalaşdırıldığı dini birliklər əsas olmaqla vətəndaş cəmiyyətlərinə "diaspora erməniləri” adı verilmişdir. Diaspora Ermənistanda həm ölkədaxili proseslərdə, həm də beynəlxalq əlaqələrin formalaşmasında aktiv rol oynamaqdadır. İlk öncə qey dedək ki, erməni soyqırım iddiaları erməni diasporasının varlıq səbəbidir. Bütün radikal ünsürlər kimi, erməni diasporası da "milli kimlik” formalaşdırmaq üçün ortaq düşman formalaşdırmışlar. Bu baxımdandır ki, erməni topluluqları özlərini türklərə qarşı bir əsrdən çoxdur ki, davam edən mübarizə içində görmüş və özlərini buna inandırmışlar. Digər tərəfdən, tarix ərzində kiçik və köçəri tayfalar olmaları, özlərinin müstəqil dövlətlərinin olmaması və hər zaman regionda digər dövlətlərin tərkiblərində olmaları onları əzilmişlik psixologiyasına kökləmişdir və bu onların miflərinə belə daxil olmuşdur. Onlar özlərini Nuh peyğəmbərin tufanında sağ çıxan ümmət, xristiyanlığı ilk qəbul edən xalq və sairə kimi görməkdədir.

Erməni diaspora cəmiyyətləri dört əsas institut ətrafında təşkilatlanmışdır: kilsə, siyasi təşkilatlar, məktəblər və media. Erməni diasporasının sayı təqribən müxtəlif mənbələr tərəfindən 5.5-7 milyon arasında olduğu güman edilir, Ermənistanın özün isə yalnız 3 milyon insan yaşmaqdadır. Diasporanı üçdə ikisi yalnız iki ölkədə - ABŞ-da (1.5 milyon) və Rusiyada (2.25 milyon) yaşayır. Bundan başqa Fransada, Kanadada, Brazilyada, Suriyada, Avstraliyada, Almaniyada, Ukraynada, Polşada və digər bir sıra ölkələrdə çoxsaylı ermənilər yaşamaqdadırlar. Təkcə, 1988-ci ildən bu tərəfə Ermənistanı tərk edən 1 milyona yaxın insan yeni diaspora formalaşdırmışdır. Dünya bankının məlumatlarına əsasən bu yeni köçün 30%-i ali təhsilli insanlardan ibarətdir. Təqribi hesablamalar göstərir ki, Kaliforniyada yaşayan 1 milyon erməninin illik ailə gəlirləri Ermənistan iqtisadiyyatının bütün ÜDM-dən 15 dəfə çox ola bilər. 

Ermənistanda diasporanın tərkibini artıran digər faktorlardan biri də əhalinin sürətlə köç etməsidir. Həyata keçirilən bütün müdaxilələrə baxmayaraq əhali 1991-ci ildən bugünədək mütəmadi azalmaqdadır (Son bir neçə il xaricində. Ancaq ciddi bir artımın olmadığı müşahidə edilməkdədir). 1991-ci ildə əhalinin sayı 3.511.912 nəfər ikən, 2014-cü ildən etibarən 3.006.154 nəfərə düşmüşdür. Ayrıca, hər il təqribən 60.000 nəfərə yaxın şəxs ölkədən köç etməkdədir. Təhsilli erməni gəncləri əsasən qərbə köç etmək istədiyi halda, yaşlı əhali təbəqəsi isə şimala yəni Rusiyaya və ya köhnə Sovet İttifaqı ölkələrinə üz tuturlar. Ermənistanda əhalinin azalmasının üzümüzə gələn dövrlərdə daha da təhlükəli bir hal alacağı ehtimalı yüksəkdir. Birləşmiş Millətlər tərəfindən həyata keçirilən əhali proqnozlarına görə, 2100-cü il tarixinədək Ermənistandaəhalinin təbii artım sürətinin müsbətdən mənfiyə keçəcəyi və bu azalmanın artaraq davam edəcəyi gözlənilir. Qeyd olunan hesabata görə, Ermənistanın əhalisinin 2030-2050 və 2100-cü illərdə sıra ilə 2.993 – 2.729 – 1.793 (milyon) olacağı proqnozlaşdırılır.

Diasporanın Erməni iqtisadiyyatı üçün əhəmiyyəti

Müstəqillikdən sonra öz işğalçılıq siyasəti nəticəsində özünü qonşu dövlətlərdən təcrid vəziyyətinə salan Ermənistan üçün diaspora onun iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu yardımlar və investisiyalar nəticəsində Ermənistan bir dövlət kimi həyatda qalmağı bacarmışdır. 
Müstəqilliyin ilk illərində erməni diasporasının əsas fəaliyyət istiqamətləri humanitar yardım, siyasi dəstək və investisiya qoyuluşundan ibarət olmuşdur. 
Siyasi sahədə Diaspora üzvləri Ermənistanın digər ölkələrlə diplomatik münasibətlərin qurulmasına köməklik göstərməklə müxtəlif dövlətlərdə səfirlik binalarının açılmasına dəstək olurdular. Bu minvalla, 1991-ci ildə Amerikadakı erməni diasporasının üzvü olan Raffi Hovanisyan Ermənistanın birinci xarici işlər naziri olmuşdur. 1992-ci ildə diasporanını köməyini və lobbiçilik fəaliyyətinin başlanması koordinasiya etmək üçün "Hayastan-bütün ermənilərin fondu” yaradılmışdır. Bu günə qədər Fondun 22 ölkədə 25 filialı yaradılmışdır.

Sosial-iqtisadi sferada erməni diasporasının əsas fəaliyyəti iqtisadi artıma yardım və Sovet İttifaqının süqutu nəticəsində dağılmış iqtisadiyyatı bərpa etməklə sosial problemləri həll etməkdən ibarət olmuşdur. Bu məqsədləri yerinə yetirilməsi əsasən iki yolla – investisiya qoyuluşu və xeyriyyəçilik formasında baş vermişdir. Xeyriyyəçilik formasında bu yardım müstəqilliyin ilk illərində zəlzələnin, Sovet sisteminin dağılması nəticəsində baş vermiş tənəzzülün,  işğalçılıq siyasəti nəticəsində özünün saldığı blokadanın nəticələrinin aradan qaldırılmasına yönəlmişdirsə, investisiya qoyuluşu formasında isə daha çox sərmayə qoyuluşu şəklində inkişaf proqramlarının icrasına yönəlmişdir. Diaspora iqtisadi inkişafda iki səviyyədə iştirak edir: individual və institusional. İndividual səviyyədə müxtəlif ölkədə yaşayan erməni biznesmənlər mikro səviyyəli biznes layihələrinə investisiya yatırırlarsa, institusional səviyyədə bu proses müxtəlif Diaspora təşkilatları vasitəsilə müxtəlif xeyriyyəçilik və iqtisadi infrasturukturun inkişafı layihələri ilə bağlı proqramların icrası vasitəsilə baş vermişdir. İnstitusional səviyyədə də Diaspora təşkilatlarının əsas gəlir mənbələri müxtəlif ölkələrdə yaşayan zəngin erməni fərdlərinin yadımlarından ibarətdir.

Diaspora xeyriyyəçiliyi

Ermənistanın müstəqilliyinin ilk illərində baş vermiş zəlzələ, Sovet İttifaqının çökməsi nəticəsində dağılmış iqtisadiyyata kömək məqsədilə ən böyük 14 erməni diaspor təşilatlar vasitəsilə 900 milyon dollar səfərbər edilmişdir. Bu yardım daha çox zəlzələnin fəsadlarının aradan qaldırılmasına, sosial sferaya, səhiyyəyə, təhsilə, dini və mədəni layihələrə yönəldilmişdir. 

1988-cu zəlzələsindən sonra Nyu-Yorkda Erməni Yardımlaşma Fondu (The Fund of Armenian Releif) təsis olunmuşdur. Yarandığı gündən etibarən fond 290-dan çox layihəyə 300 milyon dollardan çox humanitar yardım göstərmişdir. Bu yardım daha çox tibbi dərmanlar, qida tədarükü proqramları, mədəni layihələrə və zəlzələ nəticəsində zərər çəkmişlərə yönəldilmişdir. Fondun 2016-cı il maliyyə hesabatlarına nəzər saldıqda gəlir və xərc istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq mümkündür:



Diasporanın digər əsas kanallarından olan və hökumət tərəfindən dəstəklənən Hayastan fondu 1992-ci ildə prezident fərmanı ilə yarandıqdan sonra fəaliyyətinin ilk on ilində Ermənistanda və Dağlıq Qarabağda 138 müxtəlif infrasturuktur layihələrin 75 milyon dollar investisiya qoymuşdur. Fondun məqsədi Ermənistandakı və xaricdə ermənilər arasında əlaqələr yaratmaq, ölkənin çətinliklərini aradan qaldırmaq, davamlı iqtisadi inkişafın qurulmasına kömək etmək məqsədi daşıyır. Bununla yanaşı, Sovet İttifaqının parçalanması ilə bağlı olan problemlərin, 1988-ci ildə Spitak zəlzələsinin nəticələrinin, Dalıq Qarabağda infrasturukturun inkişafı və işğalçılıq siyasəti nəticəsində özünü salmış olduğu iqtisadi blokadanın və bundan doğan çətinliklərin aradan qaldırılmasına yönəlmişdir. Fond layihələri 19 ölkədən 21 aktiv iştirak edən partnyor diaspora təşkilatın maliyyə yardımları vasitəsilə icra edir. Fondun ilk layihəsi 1922-1995-ci illər ərzində ermənistanda ərzaq, yanacaq qıtlığının aradan qaldırılmasına yönəlmiş "Qış” hümanitar layihəsi idi. Fondun ən çox ictimai diqqət cəlb edən layihəsi 1988-ci il zəlzələsində evlərini itirmiş Gümrü, Vanadzor, Stepanavan və Spitakda yüzlərlə ailəyə mənzillər tikilmişdir. Bundan başqa, fond aztəminatlı ailələrə, ölən və əlil döyüşçülərin ailələrinə yardımlar etməkdədir. Ümumilikdə, Hayastan fondunun vəsaitləri hesabına 210 ədəd yaşayış binası, 960 ədəd ev, 30-a qədər məktəb və digər təhsil müəssisələri, 20 ədəd sağlamlıq mərkəzi tikilmiş, 220 km yol, 131 km su xətti, 60 km enerji xətləri çəkilmişdir. Fondun audit rəyi ilə təsdiq olnumuş 2016-cı ilin maliyyə hesabatlarından çıxarışlar aşağıdakı kimidir: 



Fondun əsas donorları arasından Rusiya diasporasından Samvel Karapetyan, Sergey Hambardzumyan, Genadi Stepanyan, ABŞ diasporasından Antraniq Bağdassariyan, Vahan Şamilyan, Sarkis Akopyan, Jak Həkimyan, Riçard Monogyan, Luiz Manooqyan Simon, Gerard Cafesyan, Kirk Kerkoryan, Belçika diasporasından Jeyan Bogosiyan, BƏƏ-dən Seyran Karapetyan, Lübnandan Robert Bogosyan, İsveçrədən Dikran İzmirlyan, Brazilyadan Varujan Burmayan, Fransadan Yeznik Moziyan, Böyük Britaniyadan Garabed Nazaryan kimi şəxslərlə yanaşı Hindistan hökuməti, Farnsada yerləşən Hauts de Seine Ümumi Şurası, Erməni Apostol kilsəsi, ABŞ-da yerləşən Ermənilərin Ümumi Yardımlaşma Birliyi, Zəngəzur Mis-Molibden Kombinatı, bütün ermənilərin müqəddəs kataloku 1-ci Qaregin, Linsi fondu, bütün ermənilərin müqəddəs kataloku 1-ci Vazgen, Erməni Apostol Kilsəsinin Şərqi ABŞ Tədqiqatı, Rusiyadan Muradian Brothers (BAMO company), Almaniyada erməni biznesmenlərin asossasiyası, İsveç-erməni birliyi, Jinişyan Xatirə Fondu, İran-erməni cəmiyyəti kimi müəssisə və təşkilatlar da mövcuddur. 

Erməni diaspora təşkilatlarına aid digər fondlardan biri də Ermənilərin Ümumi Yardımlaşma Birliyidir (The Armenian General Benevolent Union (AGBU)). Erməni Ümumi Nümayəndələr Birliyi (AGBU) 15 aprel 1906-ci il tarixində qurulduqdan etibarən təhsil, mədəniyyət və humanitar proqramlar vasitəsilə erməni irsini və ənənələrini dəstəkləmək üçün dünyanın ən böyük qeyri-kommersiya təşkilatıdır. AGBU hazırda 46 milyon dollardan çox illik büdcəsi ilə fəaliyyət göstərir. Nyu-Yorkda yerləşən AGBU 31 ölkədə və 74 şəhərdə fəal iştirak edir və məktəblərin, izcilərdən, düşərgələrdən və incəsənətə dəstək olanlardan təcrübə, virtual öyrənmə və gənc peşəkar şəbəkələrdən olan ermənilərin dünya miqyasında ənənəvi və mütərəqqi proqramları ilə məşğul olur. Birlik təhsil, incəsənt, dini, sağlamlıq və sosila sferada çoxsaylı layihələrin – məktəblərin, uşaq baxçalarının, dini müzeylərin və kilsələrin, xəstəxanaların təsisçisi olmuşdur. Əsas gəlir mənbələri üzvlərinin o cümlədən, sponsorların köçürmələrindən formalaşır. Fondun 2015-ci ildəki maliyyə hesabatlarına əsasən bir sıra göstəricilərinə nəzər yetirək:



Qeyd edək ki, 2014 və 2015-ci illərdə fond Suriyada baş verən vətəndaş müharibəsi nəticəsində Suriya ermənilərinin təkcə ərzaq vəziyyətinin yaxşılaşdırılmasına 1.2 milyon dollar vəsait sərf etmişdir. Onu da qeyd edək ki, Ermənilərin Ümumi Yardımlaşma Birliyi Suriya ermənilərinin işğal edilmiş tarixi torpaqlarımızda məskunlaşdırılması, Dağlıq Qarabağda sosial infrasturuktur yaradılmasında və bir sıra kənd təsərrüfatı layihələrinin icra olunmasında öz iqtisadi yardımları ilə yaxından iştirak etməkdədir. 1988-ci il zəlzələsindən sonra AGBU fondu Amerika Erməni Məclisi, Erməni Yardımlaşma Fondu, Linsi fondu, erməni kiləsləri və digər bir sıra təşkilatlarla birlikdə Birləşmiş Erməni Fondunun (United Armenian Fund) yaratmışdır. Fond Ermənistanda əsas hədəfi aşağı gəlirli erməni ailələri olmaqla 350 milyon dollar humanitar yardım göstərmişdir. 2015-ci ildə Birləşmiş Erməni Fondunun fəaliyyətinə son qoyulmuşdur.

Erməni diasporasına məxsus təşkilatlardan biri də 1989-2010-cu illərdə fəaliyyət göstərmiş Linsi fondu (Lincy Foundation) olmuşdur. Linsi fondu əsas məqsədi Ermənistanda infrasturukturun və fərdi sahibkarlığın məqsədilə ABŞ-da erməni biznesmen Kerk Kirkorian tərəfindən təsis olunmuşdur. Fondun əsas layihələrindən biri Ermənistan hökuməti ilə imzalanmış, fərdi kiçik və orta sahibkarlara biznes kreditləri verilməsini nəzərdə tutan layihə olmuşdur. Bu minvalla, fond  100 milyon dollara yaxın vəsaiti 3%-lə yerli erməni banklarına vermiş, banklar illik faiz dərəcəsi 15%-dən çox olmamaq şərtilə həmin vəsaitləri kiçik və orta sahibkarlara biznes krediti şəklində vermişdir. Sonralar bu müqaviləyə əlavələr edilərək vəsait 160 milyon dollara qədər artırılmışdır. Fond infrasturuktur layihələrinə 200 milyon dollar, məktəb və küçələrin tikilişinə 60 milyon dollar olmaqla, binaların, muzeylərin tikilişinə, yolların, tunellərin çəkilişinə ümumilikdə 1 milyard dollara yaxın vəsait xərcləmişdir. 

Modern iqtisadi nəzəriyyələrdə bir sıra hallarda məhdud iqtisadi resurslar pul yox, bilik hesab olunur. Əvvəl də qeyd etdiyimiz kimi, inkişaf etmiş ölkələrdə formalaşmış diapora şəbəkəsinin üzvləri inkişaf etməkdə olan ana vətənləri üçün informasiya, bilik və təcrübə mübadiləsinin, nou-hauların idxalnın əsas mənbəyidir. Bu prosesin bir tərkib hissəsi isə diaspora üzvlərinin peşəkar cəmiyyətləridir. Erməni diasporası üçün peşəkar cəmiyyətlər formasında təşkilatlanmaq yeni bir fenomen olaraq, digər diaspora təşkilatlarını örnək alaraq yaradılmışdır. Bu birliklərin əsas məqsədi üzvlərinin kollektiv təcrübəsindən istifadə etməklə müvafiq sektorların inkişafının asanlaşdırılmasıdır. Bu fəaliyyətlərə texniki məsləhətlər, tədris proqramları, məsləhət mübadiləsi və təcrübə proqramları ilə bağlı məsələlər daxildir. Erməni diasporasının peşəkar birliklərinə misal olaraq ArmenTech, Erməni zərgərlər asossasiyası, Böyük Vaşinqton Erməni-Amerikan sağlamlıq asossasiyasını göstərmək olar. 

ArmenTech 2002-ci ildə ABŞ-da təsis olunaraq təcrübə və informasiya mübadiləsini genişləndirməklə Ermənistanda İT və yüksək-texnologiyalar sektorunu inkişafını təmin etməyə hədəflənmişdir. 2005-ci ildə 150-dən çox üzvü olmuşdur. Armentech USAID-in və Dünya Bankının dəstəyi ilə dünyanın aparıcı erməni IT-biznesləri arasında əməkdaşlığı dəstəkləmək üçün internet-platforma kimi hazırlanmış yüksək texnologiyalı Silicon Armenia veb portalını işə salmışdır. Portal, İT şirkətlərinin yerli birliyi (UITE) ilə əməkdaşlıqda hazırlanmış və 100-ə yaxın erməni IT-şirkətinin profillərinə sahibdir, üzvlərə iş, təlim və tender imkanları, həmçinin sektor və makroiqtisadi tendensiyalar haqqında məlumat verir. 

Oxşar olaraq, Erməni Zərgərlər Birliyi, erməni zərgərlik sənayesinin dünya səviyyəsində məlumatlandırılmasına və inkişafına kömək edir. Yuxarıda göstərilən təşkilatlara əlavə olaraq, erməni diasporunun bir sıra digər - Böyük Vaşinqton Erməni Amerika Sağlamlıq Assosiasiyası, Ermənistan Texnologiya Qrupu (ATG) və Erməni Mühəndisləri və Amerika alimlər təşkilatı və s.kimi peşəkar assosiasiyaları son vaxtlar daha da aktivləşmişdir. 
Ermənistan iqtisadiyyatına xaricdən pul köçürmələri

Xaricdə yaşayan və işləyən ermənilərin pul köçürmələri Ermənistan iqtisadiyyatında böyük əhəmiyyətə malikdir. 2017-ci ildə bu rəqəm Ermənistanı ÜDM-nin 16%-ni təşkil etməklə 1756 milyon dollar olmuşdur. Ümumi daxilolmaların 60.5%-i  Rusiya Federasiyasından, ABŞ-dan 10.25%, Qazaxıstandan 2.87%, Almaniyadan 2.25% və digər ölkələrdən olmuşdur. Bu gəlirlər əsasən aztəminatlı erməni ailələrin tərəfindən əldə edilmişdir. 

Diasporanın investisiya qoyuluşları

Əvvəl də qeyd etdiyimiz kimi, diasporanın Ermənistan iqtisadiyyatından töhfələrinin bir forması da investisiya qoyuluşlarıdır. Müstəqillikdən sonra Ermənistan iqtisadiyyatına qoyulmuş xarici investisiyanın 70%-i diaspora tərəfindən birbaşa və ya dolayı qoyulmuşdur. Bu investisiyanın 60%-i əsasən üç ölkənin – Rusiya, ABŞ və İranda yerləşən erməni diasporasının hesabına formalaşmışdır. Diaspora investorlarının 29%-i Rusiyada yaşan erməni diasporasının nümayəndələrinin payına düşür. Rusiayadan gələn investisiyanın böyük hissəsi ticarət sahəsinə yönəlmişdir. Sayca ikinci qrup (17%) ABŞ diasporasına məxsusdur. ABŞ qrupunun 36%-i ticarətə, 25%-i istehsala və digər sahələrə investisiya yatırmışlar. İranda yaşayan erməni diasporası sayca üçüncü olmaqla böyük əksəriyyəti xidmət sahəsinə, 30% -i istehsala və digər sahələrə vəsait yönəltmişdir.

İqtisadiyyatın müxtəlif sektorları üzrə investisiya qoyuluşunda diasporanın iştirakı müxtəlifdir. 

İnformasiya-Kommunikasiya sektoru: Ermənistanda İKT sektorunun formalaşması 90-cı illərin əvvəllərində Synergy İnternational, ViaSphere İnternational, Hilink Corporation və HPLA kimi beynəlxalq şirkətlərin ölkəyə gəlişi ilə başlamışdır. Bu şirkətlərin hər biri erməni diasporası ilə əlaqədar olan şirkətlərdir. Bu proses diaspora ilə əlaqədar olan Boomerang Software, Credence Systems kimi şirkətlərin gəlişi ilə davam etmişdir. 2000-ci ildə İKT sektoru hökumət tərəfindən prioritet sahə elan olunmuş və sahənin gələcək inkişafını təmin etmək üçün İKT ana strategiyası hazırlanmışdır. Sahənin inkişafı üçün diaspora ilə əlaqəli olan Leda Holdings, Hitegrity, Hi-Tech Gateway, Epygi Labs və sairə kimi şirkətlər bazara daxil olmuşdur. Bu imkanlar sahəsində Ermənistan İT ölkəsi olma strategiyasına köklənmiş və Lycos, Synopsis kimi beynəlxalq brendləri ölkəyə cəlb etmişdir. Xüsusilə, Synopsis kompaniyası erməni İT sektoru üçün həyati əhəmiyyətli qiymətləndirilməkdədir. 

Qiymətli daşlar və Zərgərlik: Ermənistanda qiymətli daşlar və zərgərlik sahəsinə ilk daxil olan investorlar 1994-1996-cı illərdə Belçika ermənilərindən sayılan Arslan ailəsinin nümayəndələri, ABŞ, Rusiya, Suriya erməniləri olmuşdur. 1996-cı ildə Kanada erməniləri tərəfindən idarə edilən Lily Jevelry şirkəti Ermənistana daxil olmuşdur. 1998-ci ildə Furfan Ltd Ermənistan Almaz Şirkətini alaraq Ermənistana daxil olmuşdur. Qeyd edək ki, Furfan Ltd De Beers şirkəti ilə əlaqəli şirkətdir və Ermənistana girişi Moskadakı erməni diasporasının üzvlərindən sayılan Abramyan qaraşlarının xətti ilə baş vermişdir. 
2000-ci ildən sonra sahə xarici və diapora investorlarının diqqətini daha çox cəlb etməyə başlamışdır. Beçika diasporasından Arevakn, ABŞ diaporasından Modern Tech, Kanada diasporasından Gem Corp İnternational şirkətləri ölkəyə daxil olmuşdur. 2003-2004-cü illərdə ABŞ, Rusiya, İordaniya və Fransadan olan diaspora investorları doqquzdan çox şirkətə investisiya qoymuşlar. 

Turizm: Ermənistanda turizm sahəsinə investisiya qoyuluşu ilk dəfə 1994-1997-ci illərdə Levon Travel, Sidon, Saberatour, Sati, İntourtans, Tatev TTT, Europe Hotel, Ani Enterprises və AK development (Ermənistandakı Mariot otel) kimi diaspor şirkətlər tərəfindən olmuşdur. Ermənistan tur operatorların təqribən 50%-i (təqribən 135 şirkət) diaspora və diaspora ilə əlaqəli şirkətlərdir. 

Spirtli içki: Ermənistan spirtli içkilər sektoruna ilk investisiya qoyuluşları 90-cı illərin əvvəlində Manuk Plant (Fransız diasporası) və Armenian Lolik (ABŞ diasporası) tərəfindən olmuşdur. Sonrakı dövrlərdə, Rusiya diaspora tərəfindən Borodino Yerevan, Vaterlock, Aregak Brandy Company, Kaghtsrashen Vine Factory, Voske Takar, Arabkir Alco, Garry və Patrik qardaşları ölkəyə daxil olmuşdur. 

Tekstil: Erməni diasporasının ən çox diqqətini cəlb edən tekstilin alt sektorlardan biri xalça istehsalıdır. Bu sahədə bazara ilk daxil olan şirkətlərdən biri olan Tifenkyan Transqafqaz kompaiyası ABŞ diasporasına məxsusdur. 1994-1996-cı illərdə Rusiya, ABŞ və İrandan olan erməni investorlar 6 şirkətə investisiya qoymuşlar. 1998-ci ildə ABŞ diasporalarından olan Garni Qrup, 2000-ci illərdə isə İsveçrə diasporasından İtar, ABŞ diasporasından Nane Dizayn, Armen karpt, Rusiya diasporasından Patrik və Garry qardaşları tərəfindən investisiyalar qoyulmuşdur. 

Tikinti: 1994-1995-ci illərdə Ermənistanda tikinti sektoruna investisiya qoyan Ranchpar, Sipan və Arcon kimi şirkətlər ABŞ-dakı erməni diasporasına məxsusdur. Tikinti sektoruna diaspora investorlarının gəlişi əsas etibarilə 1998-1999-cu illərdə ABŞ-dan Qarni qrup, Hovanyan İnternational, Rusiyadan Villa Shin, Bamo, Soglasie gəlişi ilə baş vermişdir. 2001-ci ildə Lincy Conctruction Grant Project icrasına görə tikinti sektoru ən yüksək inkişaf mərhələsini keçmişdir və bu layihə vasitəsilə xeyli diaspora üzvləri İrəvan və ətrafında ev və mənzillər əldə etmişlər. Sonrakı illərdə tikinti sektoru İsveçrədən (İtraco), Rusiya (Fragma, Oridom, Karart, İrəvan, Marada), Böyük Britaniyadan (Raffi Arev), ABŞ-dan (Heritage Development, Artcar Construction, Jer Tag Enterprises, Masisavan, Vanahovit), İrandan (Alnes Construction, Dpirshin, Palimsest)  diaspora üzvlərinə məxsus investorları cəlb etmişlər. 

Nəticə

Məqalədə qeyd edildiyi kimi, diaspora cəmiyyətləri öz ana vətənlərinin iqtisadiyyatlarında pul köçürmələri, investisiya qoyuluşları, tərəfdaşlıq, xeyriyyəçilik fəaliyyəti və sair formalarda iştirak edirlər. Bu diaspora təşkilatlarından biri hesab olunan erməni diasporası da öz işğalçı vətənlərinin iqtisadi inkiaşflarında mühüm rol oynamış və onun bir dövlət kimi həyatda qalmasına çalışmışlar. Erməni diasporası öz varlığını tarixən ona qucaq acmış və öz torpaqlarında bərabər hüquqlu millət kimi yaşamağa icazə vermiş uca Türk millətinə nifrət üzərində qurmuşdur. 

Erməni diasporası Ermənistan iqtisadiyyatında əsasən xaricdən pul köçürmələri, xeyiryyəçilik fəaliyyəti, investisiya qoyuluşları və xaricdən təcrübə mübadiləsi şəklində iştirak etməkdədir. Xeyriyyəçilik fəaliyyəti əsasən müxtəlif erməni diaspora təşkilatları vasitəsilə (həmin təşkilatların gəlirləri xaricdə yaşayan müxtəlif imkanlı ermənilərin köçürmələrindən formalaşır) sosial və infrasturuktur layihələr vasitəsilə baş vermişdir. Bu layihələrin icra olunduğu yerlərindən göründüyü kimi diaspora Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın süni şəkildə ermənilərlə məskunlaşmasına çalışmaqdadır. İnvestisiya qoyuluşu sahəsində başda İKT sahəsi olmaqla, demək olar ki iqtisadiyyatın bütün sahələrinə investisiyalar qoyulmuşdur. Xaricdə yaşayan və işləyən ermənilərin pul köçürmələri Ermənistan ÜDM-nin 15-20%-ni təşkil etməkdədir. 

Ədəbiyyat

Sevda Yalçın, Alper Yalçın. Ermenistan ekonomisi ve tarihsel süreç içerisinde ermeni meselsi. İstanbul - 2016

Lev Freinkman (The World Bank). Role of the diasporas in transition economies: Lessons from Armenia. 2000

Hasmik Chaklayan. The role of the Armenian diaspora in homland economic development: challenges and opportunities. Budapeşt – 2007

Avenue consulting. Armenia: Diaspora assisted growth. İrəvan – 2005

Armenia-Diaspora relations: 20 years since independence

Tatoul Manaseryan. Diaspora the comparative advantage for Armenia. Irəvan – 2004

Э.Р. Григорьян, Р.С.Карапетян. Армянская диаспора в контексте российско-армянских экономических связей. Москва, 2013
http://diasporastudies.am 

http://farusa.org/: Erməni Yardımlaşma Fondunun internet adresi.

http://www.himnadram.org/: Hayastan fondunun internet adresi

https://agbu.org/ : Ermənilərin Ümumi Yardımlaşma Birliyinin internet adresi

http://www.armentech.org/ 

Müəlliflər:
AMEA İqtisadiyyat İnstitutunun "Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmiş işçisi, i.f.d. Gülnar Xanlar qızı Səmədova
AMEA İqtisadiyyat İnstitutunun "Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin doktorantı Vəlizadə Səftər Vəli oğlu