Sənət 18:26 06.10.2019

Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri

Qaynarinfo Azad Qaradərəlinin "Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanından bir parçanı təqdim edirik.

Dünyanı, yəqin ki, xilas etmək mümkün olmayacaq, 
amma ayrıca bir adamı hər zaman xilas etmək olar. 
İosif Brodski

MÜƏLLİFDƏN
(Ön söz yerinə)

Mən bir kənd müəllimi idim. Hərdən hekayələr və məqalələr yazardım. Sonra məktəb direktoru oldum. Kəndimizdə ibtidai məktəb orta məktəbə çevriləndə, yeni məktəb binası tikiləndə, o məktəbdəki uşaqlar səs-səsə verib oxuyanda  özümü dünyanın ən xoşbəxti sanırdım. 

Sonra ilk kitabım çıxdı. Sonra rayon qəzetində çalışdım. Sonra raykomda işlədim. Sonra 20 Yanvar faciəsi baş verdi və mən etiraz əlaməti olaraq Sov.İKP sıralarından çıxdım... Sonra... bu sonuncu "sonra” kimi ağır şey olmayıb həyatımda – onda mənim kəndim, rayonum, Qarabağım erməni və rus birləşmələri tərəfindən işğal olundu. Evim, şəxsi kitabxanam, məktəbim, ata yurdum, yaşı bilnməyən qəbiristanım dağıdıldı... Əlyazmalarım yandı...

O məşum günlərdə dilimin altında vird etdiyim böyük Seyid Əzimin bu misraları idi:

Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü – ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı dağılan...

Özümüzə gəlmək, yaralarımızı sarımaq üçün bir az zamana ehtiyacımız vardı. O zamanı ömrümüzdən saymayaq. Yel kimi keçdi üstümüzdən "o zaman” və yaralarımız qaysaq bağladı. Məni isə xilas edən qələmim oldu. Müəllimliyimə ara verib bütün gücümlə yazıçılığımı, jurnalistliyimi davam etdirdim. Niyə? Ondan ki, bu boyda dərdin yazılması lazımdı! Yoxsa bizlər hələ də mağarada qış yuxusuna getmiş ayının şirəli pəncəsini yalayan qarışqaların günündə idik: ayı qış yuxusundan ayılar, qarışqa ayılmaz...

Hekayələrim, romanlarım çap olundu... Sonra yazılarım xaricə də ayaq açdı. Təbii, mənə ilk qucaq açan doğma Türkiyə oldu. Hekayələrim İstanbulun, Ankaranın dərgilərində, saytlarında çıxdıqca bu böyük türk elində daha çox tanındım və bir gün hekayələr kitabım da işıq üzü gördü...

...Səni sən edənin nə olduğunu bilirsənmi? Ailəm, müəllimlərim, mühitim deyəcəksən, bilirəm. Amma  səni sən edən təsadüflərin verdiyi imkanlar da ola bilər. Gözləmədiyin yerdən aldığın təkan da bura daxil. Odur ki, hər kəs gözlənilməzliklərə hazır olmalıdır: sadəcə təkanın haradan gələcəyini təxmin et, yetər. 

Türkiyədə çap olunan kitabımın təqdimatına getmək üçün yola çıxanda məni nələrin gözlədiyini ağlıma da gətirməzdim. İstanbulda, Ankarada bir çox maraqlı hadisələrlə rastlaşdım. Məsələn, kitab yarmarkasında bir qadın "Baküdenmisiniz?” deyib göz yaşı axıtdı. Bildim ki, onun babası bura Azərbaycandan gəlib haçansa, sonra geri dönə bilməyib və nəticədə bu xanımın və onun digər qohum-əqrabasının İstanbulda köklü-köməcli ailəsi meydana gəlimş. "Dedem her veqt  deyirdi ki, azeriler çok iyi adamlardılar. Onları görende benim Gencedeki akrabamı sor, gör evimizin bahçesindeki dut ağacı hala duruyormu?”

Daha bir hadisə də olmuşdu... Yox, bunların heç biri o qədər də təəccüblü deyildi. Ən təəccüblüsü bilirsinizmi nə idi? Yarmarkada tanış olduğum bir naşirin danışdıqları və mənə verdiyi bir qovluq... Demək, orada tanış olduğum naşirə türkcəyə çevrilmiş romanımdan bəhs edəndə "Ver bakalım, belki ilgimizi çekdi, basdık” dedi. Mən də axşam qaldığım evdən internet üzərindən romanımın vörd variantını onun email ünvanına atdım. Bir saat sonra cavab gəldi ki, aldım. Sonra da yazdı ki, əgər üç gün İstanbulda qalsan, sənə bir xəbər verə bilərəm. Yəni çap olunub olunmayacağı xəbərini...

Üç gün deyil, dörd gün sonra məni nəşriyyata çağırdılar. Naşir məni görən kimi ayağa qalxıb ikiəllə görüşdü və gülümsündü:

- Hocam, tebrik ediyorum! Romanınızı oxumuşlar ve yakın zamanda, üç, yahud dört ayın içerisinde basacağız... Malum kirize göre bu süre uzana da biler...

Çox sevindim. Süzdükləri az şəkərli qəhvədən içə-içə bir xeyli söhbətləşdik. Naşirin önümə qoyduğu müqaviləni (onlar "sözləşmə” deyirlər) ötəri oxuyub imzaladım. Yenə ordan-burdan danışırdıq ki, naşir "ha, iyi ki, unutmamışım” deyib bir qovluğu mənə uzatdı. "Hala burdasınızsa, bir bu dosyaya bakardınız... Karabağdan yazıyor... Bir ermeni doktorun günlükleridir. Bizim türkceye çevirmişler. Ama ben şunu basmağa tereddüd ediyorum da... İyi para veriyorlar... Bak, senin romanını biz basacağız, amma bunlar kendi paraları ile basdırmak istiyorlar... Suriyadakı karmaşadan sonra bu kitapın yazarı bombalı saldırıda ölmüş, oğlu isə suriyalı mültecilerle buraya gelmiş. Bunu da bize o getirmiş... Bir bakın, biz bunu bassak, azeri kardeşlerimiz bize kızmaz ki?..”

Elə oradaca qovluqdakı makina səhifələrini vərəqlədim. 200 səhifə idi və ilk beş səhifə maraqsız olsa da, sonrakı səhifələr məni tamam əydi. Bu adamın yazdıqları tam-tamına bizim Qubadlı və Zəngilan bölgəsindən idi. Mənim rayonumu məndən yaxşı təsvir etmiş!?.

Naşir dostum, əlbəttə yeni tanıdığı bir yazıçıya bu "dosya”nı etibar edib verməzdi oxumaqçün. Vermədi də. Amma telefonla səhifələrin şəklini çəkməyə razı oldu...

Axşam otele dönən kimi ilk işim bu erməninin gündəliyini oxumaq oldu. Telefonumun yaddaşına düşmüş səhifələr tam oxunmurdusa da, mən onları bərpa edə bilirdin. Oxuduqca  sarsılır, amma oxuyurdum...

Məni hansı sürprizlərin gözlədiyini bir bilsəydim...
***

"DOKTOR AVANES MİNASYANIN SAVAŞ GÜNLÜKLERİ” başlığı ilə olan mətni bəzi şərhlərlə, tarixi mənbələrdən aldığım əlavələrlə, təbii bizim dilə uyğunlaşdıraraq oxuculara  çatdırmağı özümə borc bildim. Bir də mənim Qarabağ davamıza aid qara hekayələrim var burada. Bu gündəliklə səsləşər kimi, gündəliyi görmədən yazdığım hekayələr. Çətin olacaq, bilirəm. Amma oxumadan keçməyin.  

Azad Qaradərəli
İstanbul, oktyabr, 2018 – Bakı, may, 2019
 
........................................................................................................................................................... 

ERMƏNİ DOKTORUN GÜNDƏLİYİNİN DAVAMI
24.10.1993. Gecə.

Xanlık adlı böyük bir kənddə dayanmışıq. İkimərtəbəli binada müvəqqəti tibb məntəqəsi yaratmışıq. Ona yaxın əsgərin yüngül yarası var. Qızlara göstəriş verdim ki, iynə-dərmandan sonra sarıq qoysunlar. Bir az keçmiş bir əsir gətirdilər. Jandarma kapralı (burda milis serjantı deyirlər) imiş. Qolundan yaralanıb. Tapşırıblar ki, yarasını sarıyaq, qan itirməsin. Yəqin "dil” kimi əhəmiyyətlidir.

Seda sarıq qoya-qoya onu sorğu-suala tutur:
- Necə oldu yaralandın?

Kapral qorxa-qorxa nələrsə söyləyir. Seda tərcümə edir: ”Deyir, Sanasar* çoxdan boşalıb. Kovsakan* rayonunun əhalisinin çox hissəsi yol açıq olanda çıxıb gedib. Burada yalnız milislər və milli ordu, bir də az miqdarda dinc əhali qalıb. Hətta Kovsakanın rəhbərliyi də, alay komandiri də rayonda yoxdur. Deyirlər, onları qəsdən Bakıya çağırıblar ki, rayonu ermənilər rahat işğal etsinlər. Bir də deyir ki, içimizdə Surət kimi satqınlar var. Ona görə təxribatlar törədirlər... Sonra deyir ki, ruslar sizə kömək eməsə, bizə qalib gələ bilməzsiniz...”

Seda bu son kəlmələri tərcümə edib onun yaralı qoluna dizi ilə vurur. Kapral bağırıb aşağı çökür və huşunu itirir. Mən Sedaya acıqlanıb kapralı onun əlindən alıram. O biri tibb bacısı Zoyanı çağırıram. Əsirin üzünə su çiləyib oyadırıq. Sonra sarığı bitirib bir novakaen də vururuq. Az sonra gəlib onu aparırlar. Gələnlərin danışığından başa düşürük ki, bunlar beş nəfər imişlər. Dördü harasa qaça biliblər. Səhər o dörd nəfəri axtaracaqlar.

.....................

Gecəni pis yatdım. Atəş səsləri səngisə də, kapralın qorxmuş və qanı qaçmış sifəti gözümün qabağından getmirdi. Bu halda olmasına baxmayaraq, ruslar haqqında fikir bildirməkdən çəkinmədi. Və bir şey də gözümdən qaçmadı: Seda onun yaralı qoluna təpiklə vuranda salamat əli ilə yaralı qolunu tutmuşdu. Mənə elə gəldi ki, o, qolunu deyil, puşlatının qolundakı kiçicik bayrağı tutmuşdu... Əlbəttə, əli bayrağın üstündə idi, amma o qədər də deyil. Bu, sadəcə mənə belə göründü.

Bu iki daşın arasında Seda da yanıma gəlib. Könlündən ayrı şey keçir. Axı bunu Artaş tapşırıb ki, muğayat olum. Bu da, seks üçün ölür. Bəlkə Artaşın qohumu-zadıdır?.. Acıqlandım ona. Xarabada bu saat su da yoxdur yuyunasan... Torkların gecə-gecə atacağı bir top mərmisindən canımızı qurtarmaq hayındaykən, bunun könlündən keçənə bax!..

Elə üst paltardaca tork evindəki yatağa girib gözümü yummuşam. Haçan yuxuya getdiyimi bilmədim.

Tankdan atılan mərminin gurultusuna oyananda alatoran idi. Mərmi bizim binanın həyətinə düşmüş, qızların eyvanda qoyduqları çantalarımızı yerlə bir etmişdi. Sürücümüz tikə-parça olmuş, qolubağlı əsir kapral (onu qaytarıb sürücümüzün yanında çarpayıya qandallayıblarmış) aldığı qəlpə yarasından çabalayırdı. 

Sürücünün meyidinin qalıqlarını toplayıb gödəkcəsinin arasına yığdılar. Əsir kapral isə yaralansa da, ölməmişdi. Seda it kimi hürə-hürə onun qəlpə yaralarını təmizlədi. Zoya isə təzə sarıq qoyub onu aparmağa gələnlərə verdi. 

Əlüstü səhər yeməyi yeyib yola çıxdıq. (Torkların evlərində kartof, yağ, duz, hətta çörək də tapmaq olurdu. Həlak olan sürücü yazıq axşam qonşudakı evlərə girib xeyli ərzaq – pendir, bal, tut arağı tapmışdı. Bədbəxtin özünə qismət olmadı.)

Maşınımızı mən özüm sürməli oldum.

25.10.1993. Səhər çağı. Kovsakan istiqaməti.

Oktyabr olsa da, günəşli bir gündür. Yol boyu dəvətikanı deyilən bitkinin və yovşanın qoxusu adamı məst edir. Mən qayğılıyam. Dərman və iynələrimiz məhv olub. Seda gülümsəyir:

- Niyə narahatsınız, ay doktor? Əsgərlərdən birinə demişəm ki, rayonun aptekinə, xəstəxanasına girib nə var meşoklara doldursun, gətirsin ardımızcan... Torklar nələri var, qoyub qaçıblar yəqin...

O biri tibb bacısı Sedaya etiraz edir:
- Axçi, olanı de da!.. Bu kovsakanlılar hayasızdılar ali! Sanasar, Drekan neçə vaxtdır boşdur, amma bu Kovsakan alayı onların da sərhədinə nəzarət edir. Bunlar döyüşkən camaatdılar...

Seda razılaşır:
- Hə, orası düzdür. Mən Kafan qızıyam axı. Bu kovsakanlılar Kafana alış-verişə gələr, lobya, üzüm, nar-filan satar, gedəndə ət, yağ alardılar. Mən də maqazində işləyirdim. Deyirdim, ara, nədi, ətiniz, yağınız yoxdur? Bəs gündə Moskva sizə bir bayraq verir, siz də əl çalırsınız?! Deyirdim, ara sikdirin, gedin bayrağınızın qırağınnan yeyin e! Oğraşlar, axşam çapan, səhər Kapan!

- Çapan nədi? – Mən soruşuram.
Seda gülə-gülə əllərini bir-birinə vurur:
- Brejnyev bunlara bayraq verirdi, bunlar da belə əl çalırdılar.... Ha-ha-ha...

Gülüşürük. Bu vaxt yan-yörəmizdə qəfil mərmilər partlayır. Mən maşını saxlamaq istəyirəm. Ratsiyada kimsə qışqırır:

- Doktor, mən sizi görürəm! İndi o tankı susduracağıq, maşını qəti saxlama. Sağa-sola hərləyə-hərləyə sür. Bu Baloğlandır, yoxsa sizi vuracaq! Oğraş metka atandır!..

Artaşın səsini tanıyıb sakitləşirəm. Üzümü Sedaya tuturam:
- Beloqlan kimdir?
- Hə, onun haqqında əfsanələr danışırdılar. Türk qəzetləri yazırdı, televiziyaları danışırdı... bizimkilər top aıb, düşüb həyətinə. Körpə dığası* gəbərmişdi. 
Bu da traktorçuymuş. O gündən traktoru buraxıb, minib tanka, gəlib üstümüzə... Bizdən çox igidin qanın tökdü... İndi yəqin onun tankından atırlar...
- "Ararat”, "Ararat”, qabaqda kiçik kənd var. Tamam boşdur. Torklar qaçıblar. Orada dayanın. Dislokasiya yerimiz hələlik oradır. Həkim heyəti də orda qalsın... Qəbul...

Ratsiyada deyilənlərə cavab verib kənddə dayanırıq. İtlər maşınların üstünə atılıb hirslə hürüşürlər. Kimsə avtomatı çevirib iki iti güllələyir. O birilər qaçışıb harasa yox olurlar.

Qabaqda səs-küy eşidilir. Bir evin həyətində kimsə ermənicə söyür. O biri də cavab verir. Sonra nəsə bir-birini vurur, güləşirlər elə bil. Silah səsi eşidilir. Sonra bir də eşidilir... Kimsə qışqırır: "Ux mama! Kunim meri...” 

Mən taxta hasardan həyətə boylanıram. İki əskər bir-birini yerə sürtür, vuruşurlar. Birinin əlində silah açılıb, çiynindən yaralanan o biri əskər bağırır. Mən tapançamı çəkib onları ayırıram. Yerdə tikiş maşını var. Anladığım qədəri ilə dava bu maşının üstündədir. 

Yaralı əskər qalxa bilmir. Mən ona tibbi yardım etməyi tapşırsam da gecdir. İkinci güllə düz qarnından dəyib. Az sonra ölür. O biri əskər maşını da qoltuğuna vurub qaçır.

...............

Bu da Kovsakana gedən əsas magistral yol. Türklər bura Zəngilan deyirmişlər. Bir az aralıda güclü atışma səsləri eşidilir. Bizim tanklarımız, BMP-lərimiz irəliləyir, arxalarından da maşınlara doluşmuş erməni əskərləri gedir. Neçə vaxtdır buranı ala bilmir bizimkilər. Tibb bacısı deyir ki, bu ərazinin strateji əhəmiyyəti var. Ona görə ki, həm Meğriyə, həm Kafana gedən dəmir yolu burdan keçir. Üstəlik, Kovsakan İranla da həmsərhəddir. Ona görə buranı tutmaq həm riskli, həm də bir qədər qorxunc imiş.

Belə ki, İranın sərhədboyu kəndlərinin hamısında yaşayanlar Azərbaycan türkləriymiş. Yəni, oradan türklərin bizə qarşı hücumu gözlənilə bilər... Bunları deyən Seda gözlərini süzdürüb mənə baxır və hiss edirəm ki, içdiyi tut arağı onu kefləndirib və neçə vaxtdır məndən gözünü çəkməyən bu qadın indi siyasətlə məhəbbəti elə bil calaq edir:

- Amma heç ağlın kəsməsin... Bu torklar vaxtilə vuran-yıxan olsalar da, indi kişiləri seks üçün yararlıdır, vəssalam... Ayrı şeyə qəti yaramırlar. Amma gərək etiraf edim: onların kişiləri bir seks maşınıdırlar!.. Ha-ha-ha!.. Hə, doktor, niyə belədir?..

Mən gülümsünüb siqaret yandırıram:

- Mən heç əvvəllər Azərbaycan türkü görmədim ki. Düzdür, Suriyada çoxlu türk gördüm. Hətta dostlarım da vardı onlardan. Amma sən deyən məsələ barədə bir elə bilgim yox...
- Yox, doktor, məncə, bunun bir tibbi mənası olmalıdır? Niyə türk kişiləri daha ehtiraslı olurlar?

Nelli adlı tibb bacısı (o, səhər bizə qoşulub) Sedaya söz atır:
- Deyəsən, türk kişiləri ilə aran yaxşı olub?..

Gülüşürük. Amma Seda təslim olmaq istəmir. Bu vaxt yanımızda bir gurultu qopur. Bir mərmi ulaya-ulaya bir qədər aralıda partlayır. Maşınımız az qala aşacaqdı. Sürücü maşını saxlayıb söyüş söyür:
- Kunim meri*... Oğraşlar! Yaxşı qurtardıq... Düz üç metrliyimizdə partladı... Alazandı... Səsi adamı dəli edir bunun... 

Bu yeni sürücüdür. Orta yaşlı bir kişidir. Adı Vladik olan bu kişinin oğlu İvanyanda döyüşdə həlak olub. Oğlunu dəfn edəndən sonra özü orduya gəlib. 

"Oğlum Arturun qanın almışam. Xocalıdan olan iki əsiri aparıb onun qəbirinin üstündə qurban kəsdim. Sonra bu avtomatın dilin öyrəndim. Düz səkkiz tork güllələmişəm. Mən şofir adamam. Nə işim vardı davada? Oğlumu torklar öldürməsəydi, gəlməzdim... Amma yaxşı ki, gəlmişəm!.. Qisasımı da aldım, kefim də açıldı buralarda... Ara bu Zəngilan yaman yerdir, ali! Hər şey becərirdilər bu torklar. Mən bura daş kömür gətirib satardaım ZİL maşınımla. Ona görə çoxunu tanıyırdım, ali. Bizdən iyrənirdilər, deyirdilər, siz donuz əti yeyirsiniz, amma qonaq sevən adamlardılar. Çörəklərini çox yemişdim... Kömür satıb, yaxşı da pul qazanardım burda... amma ki, düşman düşmandı!..”

Vladikə deyirəm ki, maşını elə yerə sür ki, torklar topla vurmasın. Özümüzsə düşüb bir qoz ağacının altında dalda yerdə səyyar tibb məntəqəmizi qururuq. Burada yaralılara ilk yardım edib düşdüyümüz o kiçik kəndə dönəcəyik.

Elə hazırlaşırdıq ki, geri dönək, ratsiyadan qışqırdılar:
- "Ararat”, "Ararat”, eşidirsən?!

Mən "qəbul” deyincə, həyəcanlı səs davam etdi:
- Doktor!Tez irəli gəlin, podpolkovnik Samvel Karapetyan ağır yaralanıb. Çox qan itirib. Atəş altından güclə çıxartmışıq...

Sedanı da götürüb piyada irəli gedirik. Maşınla yola çıxmaq ölüm deməkdir. O Baloğlan deyilən tork tankında oturub bizimkiləri dənləyir. Xəbərə görə, iki tankımızı vurub. Polkovnik-leytenantı da BMP-də o vurub. Maşındakıların hamısı ölüb. Samvel Karapetyan da ağır yaralıdır.

Yarım saar sonra uçuq bir evin həyətində iki əskərin xərəkdə gətirdiyi polkovnik-leytenantı müayinə edirəm. Sedaya qeydiyyat dəftərimizə zabitin ad-familiyasını, atasının adını və vəzifəsini yazmağı əmr edib özüm onun kitelini və köynəyini bıçaqla doğrayıb qanı dayandırmağa çalışıram. Seda onun cibindən çıxardığımız vəsiqəsindən oxuya-oxuya yazır: "Karapetyan Samvel Cəmil oğlu... Ara, bu ki torkmuş... Cəmil adı bizdə olmaz ki... Sonra əskərlərə dönüb birini çağırır:

- Ara, yekste*, komandiriniz torkdurmu?! 
Əskər çiynini çəkir:
- Mən nə bilim, axçi!.. 
O biri əskər başını bulayır:
- Axçi*, atası türkmüş, nolsun axı?! O kişi erməni-musurman davasının ən qorxmaz afseridir! Hə, atası tork idi... Amma o anasının yanında böyüdü... Anasının familyasını götürdü... Nastayaşşi* haydı o! 

Az sonra zabitin qanını dayandıra bilirəm. Sanasarın aptekindən tapıb gətirdikləri spirtlə spirtləyib vişnevski maz sürtürəm yaraya. Sonra sarıyıram və sistem qoşuram ki, itirdiyi bərpa olunsun... 
25.10.1993. Axşam üstü.
 
Torkların Ağ oyuq dediyi yerdə şiddətli döyüşlər gedir. Bir tankımızı vurublar. İçində beş əsgər yanıb. Özümüzü yetirsək də, heç kimi xilas etmək mümkün olmur.

Geri dönəndə Seda əlini uzaqlara tuşlayıb gülümsünür:
- Bax, orada iki daş vardı. Koroğlu daşı deyirdi cındır torklar. Maşına qoyub aparıb bizimkilər. İndi Stepanakertdə muzeyin həyətindədir. Deyirlər ki, üstündə qədim erməni əlifbasıyla yazılar var...*

Geri dönüb düşdüyümüz kiçik kəndə qayıdırıq.

Bu vaxt iki əskər bizim maşına doğru qaçır. Biri az qala maşının altına düşəcəkdi:
- Burada bir atlı tork vardı. 60 yaşı olardı. Qrajdanski geyimdə. Bizi görüb qoşalülə tüfəngdən atəş açdı. Üç adamımızı vurub öldürdü. Nə qədər elədik, vura bilmədik. Atını sürüb uzaqlaşdı. Bəlkə kömək edəsiniz maşınla gedib onu tapıb öldürək?

Seda söyüş söyür:
- Götverən oğraşlar! Bir qoca torka cavab ver bilməyiblər, bizi də aparmaq istəyirlər! Biz həkimik, yaranız var, sarıyaq!..

Gecə düşmək üzrədir. Ona görə onların təklifini rədd edib, maşınımıza mindirir və geri sürürük.

Yol boyu o qocanı fikirləşirəm. Kəndlər hamısı boşalıb. Qaçıb gediblər. Bəs bu qoca burada nə edir? Səhər gərək bu sirri öyrənim...
...............

Gecə Seda yenə yanıma gəlib. İndiki yerimiz nisbətən təhlükəsizdir. Amma döyüş xətti ilə burun-burunayıq. O, hazırladığı yeməyi iki qaba çəkir. Sürücümüzün tapdığı tut arağından ikimizə də süzür. İçirik. Yeyə-yeyə Sedaya söz atıram:
- Sən tork kişilərinin seks makinası olduğunu deyirdin. Ciddiydin, ya zarafat edirdin?

Seda gözəl deyil, amma çirkin də sayılmaz. Xüsusilə, güləndə üzü dəyişir, şirinləşir. Bir dişinin düşməsi onu bir az pis göztərsə də, ehtiraslı qadındır. Yemək əsnasında artıq qucağıma qısılıb. İsti nəfəsi üzümü qarsır. Hiss edirəm ki, mən də atəşlənmişəm. Amma günboyu baş verənlər də hisslərimi keyləşdirib.

- Sən heç tork kişiləri ilə yatdınmı? – ehtiyatla soruşuram, amma o heç özünü o yerə qoymadan acı-acı gülür:
- İkisi ilə. Biri ilə az qala evlənəcəkdik, amma həyasız anası və bacıları imkan vermədilər. Qovdular məni. Bunlarda hay qadını ilə evlənəni düşmən sayırlar. Hətta bu barədə dastanları da var: ”Əsli və Kərəm” adında... 
- Yataqda necədir onlar? Məsələn, məndən fərqləri nədir?
- Onların kişilərində "no” yoxdur. Qadın on dəfə istəsə, on dəfə sevişəcəklər... Vaqif - evlənmək istədiyim oğlan da beləydi. Heç yadımdan çıxmaz, bir gecə səhərəcən sevişmişdik... Bir saatdan bir üstümə çıxırdı... Axırı mən qışqırdım ki, matkam ağrıyır, bəsdir... Penisi də bilirsən nə boyda idi!? Qolum boyda az qala! Özü də başı tər-təmiz, pülüksüz... Onlar da yəhudilər kimi sünnət olunurlar axı... Ha-ha-ha...
- Bəs o biri?
- Nə o biri?
- Dedin axı ikisi ilə...
- Hə, o prosto bir səhv idi... Mənim səhvim... O pullu adam olsa da, qryaznı* işlərlə məşqul idi... Türmədə yatmışdı... Biz Bakıda bir restorana girəndə...
- Sən Bakıda olmusan?! – Heyrətlə soruşuram. O isə ağlayır.
- Baku, eto maya meçta*... Bakı mənim gəncliyimin şəhəri idi... Mən Bakını sevirəm! Ediki isə daha çox sevirdim... Adı Eldar idi onun. Milyonları vardı, amma ağlı yoxdu... Marixuana aludəçisi idi... Məni də az qala öyrədəcəkdi. Mama məni maşına basdırıb Kafana qaçırtmasaydı, indi yəqin ki, bir narkoman kimi...
- Sevirdin onu?
- Hə... Çox sevirdim. Ondan başqa heç kimi sevməmişəm ki!

Təzəcə yatağa girmişdik ki, bayırda güllə açıldı. Özü də bu güllə bizim adət etdiyimiz güllələrdən deyildi. Dalınca  avtomat səsi, hətta pulemyot çaqqıltısı aləmi başına götürdü.

Mən Sedanı üstümdən itələyib qapını azca araladım. Bir əskərimiz zarıya-zarıya həyətdə çırpınırdı.

Aşağı enib onu qaldırdım, güllə üzünü parçalamışdı. Əlini üzünə basıb bağırır, "o qoca, o qoca!” deyə nalə təpirdi. Mən Sedanı çağırdım. Əskəri içəri çəkib üzünün qanını təmizlədik. O isə təlaşdan qışqırırdı:

- Həmin qoca idi. Gözümlə gördüm. Atını yedəyində tutmuşdu. Nədənsə həyətə girmək istəyirdi. Məni birinci gözü aldı və qoşalüləni üzümə tuşlayıb  atəş açdı, sonra ata minib uzaqlaşdı...

Seda başını buladı:

- Evlərə girib yeməyə nəsə axtarırmış zavallı. Səhər onu tapıb gülləni ağzına sıxarsınız, qurtarıb gedər...

O gecə yata bilmədim. Sedanı da yanımdan qovmuşdum üstəlik. Gözümü yuman kimi o atlı qoca tork tüfəngini üstümə tuşlayırdı. 

MÜƏLLİF

Seda adlı erməni axçisinin söylədiklərini gündəlikdən oxuyanda yadıma öz gəncliyim düşdü. Axı bizim rayon Sedanın yaşadığı Qafanla ağız-ağıza idi. Bu şəhərdə çıxmadığımız oyun qalmırdı. İndi erməni doktorun gündəliyini oxuyanda bu sətirlərin arasından müdhiş bir qoxu vurur məni...

Yetmişinci illərdə biz gənclər əlimizə pul düşəndə özümüzü Qafana verər, yaxşıca yeyib-içərdik. Əslində, yeyib-içmək hər yerdə vardı, bura gəlişimizin məqsədi erməni qızları ilə mazaxlaşmaq, yatmaq idi. Bazarın üstündəki Erebuni restoranında işləyən Ofelya adlı erməni qızı idi bizi ora dartan. Və bu erməni qızından gələn qəribə qoxu... Bu qoxuda bir az adamı vuran, içinə dolub nəfəs almağa qoymayan nəsə vardı. Həm də bu qoxuda bir az işvə, bir az indiki dildə desək, seksi bir şey də vardı. Qoxunu hiss etdinmi, özünü saxlaya bilmirdin... Və biz yeyib-içəndən sonra restoranın arxasındakı binada Ofanın (biz ona çox vaxt Ofa deyirdik) rəfiqəsi Gülyanın evində bu erməni qızları ilə yatar, pulumuzu verib çıxanda da o qoxunu özümüzlə aparardıq. O qoxu uzun müddət bizi öz ardınca Erebuni restoranına sürüdü... Hə, indi xatırladım: bu vərəqlərin arxasından qalxan o qoxu erməni qadınının əcayib qoxusu idi. Hələm-hələm kişi bu seksi qoxunun qarşısında davam gətirə bilməzdi... Bu qoxu Alitanın qoxusuydu... Üzünü görmədiyim, fəqət qiyabi şəkildə bu gündəlikdən tanıdığım Alitanın müdhiş qoxusu... Neçə yüz illərdir ki, bu qoxu bizi qarabaqara təqib edir, gücümüzü, iradəmizi əlimizdən alır, bir kişi kimi zəif tərəfimizi bizə göstərir. Başımıza gələn bu boyda müsibətin qabağında hələ də o qoxunun peşindəyik... Fəxrlə Bakıda "20 min erməni qadını var” deyən adam görəsən bilirdimi ki, onlar Bakını bu qoxunun əsarətində saxlayırlar? Bəlkə elə buna görədir ki, hər imkanlı adamın  arvadından başqa bir neçə də məşuqəsi var?

Yana-yana yazdığım, bir hekayəm var bu barədə...

AXÇİ

1986-cı il idi...

Bilik Cəmiyyətinə işə düzələndən sonra raykomdan bildirdilər ki, Bakıya təsdiqə getməlisən. Sənədlərimi hazırlayıb yola düşəndə bir günə məsələni həll edib geri dönəcəyimi düşünürdüm. 

Ay, hay!..

Sədrin qəbuluna yazılsam da, axşama qədər görüşüm mümkün olmadı. Uzun kiprikli, kök dodaqlı, hikkəsi adamı yıxan katibə hər dəfə ona yaxınlaşanda "eeee, badajdi da" deyib üstümə çımxırırdı. Qubalı şüvərək oğlan isə məndən sonra gəlsə də, sədrlə nəinki görüşdü, hətta rayona aparası lazimi sənədləri də ala bildi. Sədrin özündən də güclü olan bu katibəyələ də elə şirin-şirin danışırdı ki, "canik”in biri bir qəpiyə idi. Bu sirri mənə də açmasını oğlandan xahiş edəndə gülümsündü:

- Get Tarqovıya, bir dənə "Krasnı Moskva” al, qəşəng bükdür, yanına da bahalı bir şokalad qoy, apar ver Amalyaya. Gör o mayalı dodaqlarıyla sənə necə şirin sözlər deyəcək...
- Amalya kimdi? – Təəccüblə soruşdum.
- Eeee, qağa sən deyəsən köhnə kommunistlər kimisən e... Ayə, o erməni qızı Amalya, sədrin katibəsi!..

Barmağımı dişlədim. "Ay səni! Demək buna görə məni it kimi tuturmuş bu ləçər?! Niyə mən bunun qoxusunu hiss eləmədim? Necə də Qafan qızı Ofaya oxşayır!..”

Qubalı balası deyən kimi elədim.  O vaxtlar hələ xarici mal Bakıda zibil kimi deyildi. Adnan olan ətir də "Krasnı Moskva” idi... 

Amalya "Kommunist” qəzetinə bükülmüş hədiyyələri alanda uzun kipriklərini yumub açdı, kök dodaqlarını aralayıb "spasibo” dedi və bir saat sonra məni sədrin yanına ötürdü.

Sədrdən heç danışmaq istəməzdim, amma Amalya qəfil içəri girməsəydi, gətirdiyi armudu stəkandakı çayı sədrin qarşısına qoyub, mənim aldığım şokaladdan sədrin çayının yanına qoymasaydı və nəhayət sədrin arxasından keçib döşlərini  kişinin kürəyinə sürtə-sürtə əyilib qulağına nələrsə deyib gülməsəydi... 

Bu uzun boylu, uzun saçlı, qalın şüşəli eynəyinin sağanağı qızıl kimi parıldayan 70-75 yaşlarında kişi məni təpədən dırnağa süzüb, "Rizvan müəllim necədir?” deyərək kağızlarıma qol çəkdi, sonra hələ də kişinin başına fırlanan Ofanın ekiztayısı olan Amalyaya uzatdı:

- Bas möhürü, getsin... – deyib güldü.
Amalya möhürü vura-vura:
- Nu, atveçay, kak Rizvan müəllim?! - əsəbiliklə dedi. 
Mən yalnız indi başa düşdüm ki, söhbət mənim yerinə təyin olunduğum 80 yaşalrında olan Rizvan müəllimdən gedir. 
- Həəə, yaxşıdır... Təqaüdə getdi... Kefi sazdır...
- O hər gələndə bizə Zəngilan pay-püşü gətirərdi... Mənə ayrı, Amalyaya ayrı...
Qızardım. Bu sahədə mənim heç səriştəm yoxuydu. 35 yaşım vardı. Təzə partiyaya keçirmişdilər. Haqq-ədalət carçısı, təmiz kommunist olacağıma söz vermişdim...
- Rizvan müəllim oçen pristijniy çelovek... Nastoyaşşiy kişi!..  - Bunu məni yola salanda Amalya dedi və mənalı-mənalı gözlərini hərlədi. Kök dodaqlarını da bir-birinin üstünə qoyub sanki mənim dilimi o dodaqları ilə sıxdı. Yalnız bu anda bu qadından qalxan qoxunu hiss etdim. Başım gicəlləndi. Yıxılmamaq üçün əlimi atıb elə onun özündən tutmaq istədim, amma bir təhər müvazinətimi saxladım...
Sonra Amalya soruşdu ki, Kafanda dəmiryol stansiyasının rəisi Mariki tanıyırsanmı? Marik Mirzayan?
Mən də gülə-gülə dedim ki, ay qız, Mariki tanımayanmı var?! 

Doğrudan da, Marik yaxşı oğlan idi. Azərbaycanlılara hörməti vardı. Mişar daşının qıt vaxtlarında dostum Səfər müəllimə bir vaqon daş aldıq Kafandan. Gəldik yanına, ayrıca bir vaqon ayırıb qoşdu qatara və tapşırdı ki, Mincivanda bu vaqonu ayırıb "tupik”ə verin, müəllimin daşını boşaltsınlar...

...1988-in payızı idi. Bizimkiləri Ermənistandan kütləvi surətdə qovurdular. Məni raykomdan Kafan zonasına təhkim etmişdilər. Şayıflıdan Marikə zəng vurdum ki, bizim adamlara kömək elə, rahat çıxsınlar. Dedim, bacın Amalya xanım da Bakıda bizim idarədə işləyir... Telefonda üstümə necə qışırdı:

- Ara, mən Amalya-zad tanımıram! Cəhənnəm olsun sizin azərbaycanlılar! Kunim... – Pis söyüş söydü. 

Axşam tərəfi içi qaçqınlarla dolu bir maşınımızı gülləyə tutmuşdular. Ölən, yaralanan vardı. Dedilər ki, Marik keçib saqqallıların tərəfinə. Bizim adamlara qan uddurur...

***

...2006-cı il. 

13 ildir qaçqın kimi Bakıda məskunlaşmışıq. Kənddəki evimi ermənilər dağıtdı, ailə kitabxanam yandırıldı, məktəbim yerlə bir oldu... Əynimizdəki paltarla, quru əllə Bakıya gəldik... Hər şeyi sıfırdan başladıq... Radioda işə düzəldim...

Ağrı-acılar yavaş-yavaş azalsa da, yaramızı hər gün təzə bir hadisə qanadır...

...Bir nazirliyə müsahibə almağa göndəriblər. Qəbul otağında məni spesfik qoxu vurdu. Ora-bura baxsam da, anışdıra bilmədim. Burnumu qıdıqlayan, içimi tərpədən tanış qoxu məni bir yandan sığallayır, bir yandan isə lava kimi vururdu. Belə olmaz axı?! Niyə bu qoxu həm məni vurur, həm sığallayır?

- Siz buyurun... – Köməkçinin səsi yayınan diqqətimi toplamağa kömək elədi. Bu qalındodaq, uzunkiprik qadın... İlahi, o tanış qoxu bu səsdənmi gəlir?! Ay aman, bu ki, Amalyadır? Həmin uzun kişinin iri döşlü, kök dodaqlı, uzunkiprik katibəsi... Nazir müavininin köməkçisi... Ofanın ekiztayı... Marikin bacısı...

- Amalya... Axçi, sən burda neynirsən?! Qardaşın Marik bizimkiləri Qafanda gülləyə tuturdu, sən  isə hələ də burdasan?! – Heyrətlə qışqırdım.

Qadın məni ilk dəfə görürmüş kimi təəccüblə üzümə baxır, sonra səksəkə içində deyir:

- Amalya kimdir? Mənim adım Aminadır... Mirzəyeva Amina... Axber, toyes Ahbər... mən ruskiyazıçnıyam... Əxbər demək istəyirəm... Əkbər qızı...

- Sən Bilik Cəmiyyətində o uzun kişinin katibəsi olan erməni qızı Amalya deyilsən?! Amalyasan axı! Hətta sənin spesifik qoxun da qalıb üstündə, Amalya... dayan görüm, familyan da yadımdadır...  Mirzəyan... Hə, hə, Mirzəyan Amalya... Düz deyirsən, atanın da adı Axber idi... 

Qadın gözləmə otağındakıların mənim dediklərimi yaxşı başa düşməməsi üçün ayaqlarını yerə vurub qışqırır, səsini başına atıb bir nalə təpir ki, elə bil onu zorlayırlar. 

Səsə nazir müavini özü çölə çəxır, hansı ki, mən ondan müsahibə alacaqdım. 

Qadın özünü müavinin üstünə atıb çığırır:

- Rauf Qasanoviç... O məni itələdi! Askarbil!.. On... on mne... iskaj... şar atdı mana... Mən yevreyem, ama o mana ermeni dedi! Şarladı mani!.. 

Müavin əvvəl qorxdu. Amma sonra nə düşündüsə, qadını qucaqlayıb içəri apardı. Gözləmə zalındakıların bəziləri mənə hörmətlə baxsalar da, bəziləri arxalarını çevirdilər. Anladım ki, mənim burada durmağımın daha mənası yoxdur...

Qapıdan çıxırdım ki, iki polis işçisi qolumdan tutdu:

- Vətəndaş, dövlət idarəsində asayişi pozduğuna görə...
...Polkovnik yazdığım izahata, sənədlərimə baxa-baxa gülümsündü:

- Əsədovun kəndindənsən?
Qeyzlə dilləndim:
- Xeyir, nənəm o kənddəndir... Mən... – Hirsimdən az qala ağlayacaqdım.
- Allah rəhmət eləsin... General Əsədov məni bu rayona rəis təyin edib, elə o vaxtdan burda işləyirəm... Nə idi kəndlərinin adı?
- Baharlı... – Etinasız halda dillənirəm və sonra əsib-coşuram:
- Ermənilər onu da partlatdı vertolyotda! İndi gəlib nazirlikdə oturub erməni axçisi! Mənə də böhtan atır! And olsun allaha ki, o, erməni qızıdır! Mən millətçilik söhbəti eləmirəm e... Amma mənim evimi, məktəbimi, kəndimi, rayonumu dağıdıb, ailəmi qaçqın salıb onun qohumları!.. Qardaşı vardı, Marik! Özü tanış edib məni onunla! Daşnakın yekəsiydi... Kafanda bizimkiləri... – Hirsimdən sözümün dalısını gətirə bilmirəm.

Qəzəbimdən əsirəm. Rəis bunu görüb yanımda əyləşir. Başıma sığal çəkir və o da kövrəlir:
- Mən sənə inanıram... O ermənidir... Amma bilirsən kimin gəlinidir?..
Rəis izahatımı cırıb zibil qutusuna atır. Sonra sakitcə yerində oturub telefonu qaldırır:
- Rauf müəllim... Bu abırlı oğlandır... Yazıçıdır, jurnalistdir... Hə, Əminə xanımın  da qohumları məsələnin böyüməsini istəməyib... Heç bu da istəmir... – Əli ilə dəstəyin səs gedən yerini qapayır və mənə tərəf dönür:
- Məsələni bağlayırıq. Heç nə olmamış kimi... İş yerinə də heç bir məlumat verilməyəcək... 
Qapıdan çıxanda rəis gülümsünür:
- Əsədov kişi adam idi...
Geri dönüb ciddi-ciddi soruşuram:
- O doğrudur ki, Bakıda 20 min erməni axçisi var?

Kişi gülümsünür. (Amma bu gülümsünmək deyil, zorlanan birinin irişməyidir.) Başını önünə əyir, üzünü turşudur (bu düz olmadı – elə bil 20 min axçi hamısı birdən qıçını aralayıb bunun üzünə işəyir və o sidik axışı mənim də üstümə sıçrayır) və gücə "hə” eləyir. 

Aşağıda gözümə tualet dəyir və girib üstümə sıçrayan qadın sidiyini təmizləmək üçün suyu açır, əvvəlcə uğuldayan baçımı, üzümü yuyuram, sonra burnuma dolmuş o müdhiş qoxunu təmizləmək üçün fınxırıram...
 
DOKTORUN GÜNDƏLİYİNİN DAVAMI

25.10.1993. Gecə saat 10-11 radələri.

Ha eşələnsəm də, yata bilmirəm. O tüfəngli qoca sanki əli tüfəngli gəlib içimdə oturub. Çox eşələnəndən sonra bir stəkan şərab içirəm. Amma yenə yata bilmirəm. Qalxıb geyinir və bayıra çıxıram. İki növbətçi əskər əllərində tüfəng qabaqqənşər dayanıb söhbətləşirlər. O qədər söhbətə aludə olublar ki, mənim gəlişimi belə hiss etmirlər.

...- silahı tutdum üstlərinə, başladılar çığırışmağa. Gördüm bir qoca arvaddır, iki körpə uşaq... 6-7 yaşlarında bir qız, bir də oğlan. Ata-anaları yoxdu. Niyə uşaqları burda qoyub getmişdilər, anlamadım. Qarı yalvardı ki, nə istəyirsən, evdən götür, amma körpələrə dəymə. Uşaqların bir az sonra səsləri batdı, daha çığıra bilmədilər. Bəlkə də mən onlara toxunmayacaqdım, Çapıq Edo gəlib ora çıxmasaydı. Edonun bir silahı vardı, alov saçırdı... Otağı axtarıb ələ gələn nə vardısa götürəndən sonra silahı tutdu daxmaya, düyməni basdı, alov evi bürüdü... İnanırsan, uşaqların səsi təzədən açıldı və başladılar yana-yana çığırışmağa...

-------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Dığa – oğlan (erm.)
 *Sanasar – Qubadlının erməniləşmiş adı
*Kovsakan – Zəngilanın erməniləşmiş adı
*Drakan – Cəbrayılın erməniləşmiş adı
*Kunim meri – ermənicə ana söyüşü      
*Yekste – Bura gəl.(erm.)
*Axçi – Qadın(erm. )
*Nastoyaşşiy – həqiqi.(erm.)
*Koroğlu daşları haqqında məlumat doğrudur. Orada belə daş var idi. Amma üstündə erməni hərfləri ilə deyil, qədim türk əlifbası ilə yazı vardı. Və bu daşlar haqqında bir rəvayət də məşhurdu: Koroğlu düşmənləri ilə döyüşür, sonra Qıratı çaparaq gəlib Ağ oyuqdakı Yazı düzünə çıxır. At acmış, arpanı tökməyə qab tapmır, yumruğu ilə daşa vurur, daşda oyuq yaranır, arpanı ora töküb Qıratı yedizdirir. (Həqiqətən o daşda belə bir oyuq vardı.)
*Qryaznıy – çirkli (rusc.)
*Bakı mənim arzumdur (rusc.)