Ölkə 14:53 30.05.2018

Erməni general Qazaxıstanda pərt oldu: "Azərbaycanlılardan soruş"

Ermənistanın sabiq Baş Qərargah rəisi, general-leytenant Movses Akopyan aprel ayında Qazaxıstana səfəri zamanı pis vəziyyətə düşüb.

"AzeriDefence”nin Qazaxıstan hərbi sənaye kompleksindəki mənbələrdən əldə etdiyi məlumata görə, hadisə Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatına (KTMT) üzv ölkələrin Baş Qərargah rəislərinin Astanada keçirilən toplantısı zamanı yaşanıb.

Toplantıdan sonra KTMT Baş Qərargah rəislərinin Qazaxıstanın hərbi sənaye kompleksinə daxil olan müəssisələrə turu təşkil olunub. Hadisə də məhz bu turlardan birində yaşanıb. Belə ki, M. Akopyan zavodlardan birində nümayiş etdirilən məhsulların bəzilərinin texniki-taktiki xarakteriskaları barədə informasiya toplamaq istəyib. Həmin zavodda çalışan Qazaxıstan vətəndaşının Ermənistanın Baş Qərargah rəisinə verdiyi cavab onu pərt edib. Akopyanın istədiyi məhsullar barədə ona heç bir məlumat verməyən zavod nümayəndələrindən biri "bundan azərbaycanlılar daha çox işlədir. Onlardan soruşun”, deyə atmaca atıb.

Bundan sonra M.Akopyan zavodun əməkdaşlarının "qaba davranışına” görə Qazaxıstanın Baş Qərargah rəisinə şikayət eləyib.