Siyasət 20:31 06.08.2014

Ermənilərdən Azərbaycana qarşı - təxribat anketi

Amerika Erməni Milli Komitəsi bu il ABŞ-da keçiriləcək Konqresə seçkilərlə bağlı Ermənistan-Amerika məsələləri - 2014-cü il üçün namizədlərin anketini hazırlayıb.

Qaynar.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, anketdə Azərbaycan və Türkiyə ilə bağlı məsələlər də yer alıb və burada bir daha erməni yalanı və hiyləsi, ermənilərin türklərə və azərbaycanlılara qarşı məkrli münasibətləri özünü açıq-aydın şəkildə göstərir.

Anketdə namizədlərdən Amerikada erməni seçiciləri "narahat edən" suallar təqdim olunur və doldurulmuş anketlərin [email protected] email ünvanına və ya faksla ANCA-ya göndərilməsi tələb edilir.

Namizədlərin anketində bir sıra məsələlər, o cümlədən qondarma "erməni soyqırımı" ilə bağlı suallar yer alıb.

Qondarma "erməni soyqırımı" ilə bağlı hissədə guya Türkiyənin erməni soyqırımına dair həqiqəti və düzgünlüyü, 1915-1923-cü illərdə Osmanlı İmperiyasının 1,5 milyondan çox erməni və digər xristian millətlərini sistematik və məqsədli şəkildə kütləvi qətlə yetirilməsini inkar etdiyi qeyd olunur və namizədlərə iki sual verilir:

1) Erməni soyqırımının ədalətli və düzgün həll edilməsini təmin edən qanunvericiliyi dəstəkləyəcəksiniz?

2) Türkiyə tərəfindən oğurlanmış və müsadirə edilmiş Xristian kilsə və digər dini əmlakların qaytarılmasını təmin edən qanunverici və ya digər səyləri dəstəkləyirsiniz?

Anketdə bildirilir ki, ABŞ-ın dəstəyi ilə Ermənistanda demokratiya və iqtisadi vəziyyət gücləndirilib və Türkiyə-Azərbaycan tərəfindən ikili blokadanı aradan qaldırmağa kömək edib. Namizədlərdən Ermənistanda müstəqillik və özünəinamın güclənməsinə yönəlmiş ABŞ proqramlarını və ABŞ-ın Dağlıq Qarabağa göstərdiyi daimi inkişaf və humanitar yardımı dəstəkləyib-dəstəkləmədikləri soruşulur.

Anketdə Amerika-Ermənistan arasında genişlənən ikitərəfli ticarət və investisiya layihələrinin Amerika və erməni millətləri arasındakı əlaqələrin davam etdirilməsinə imkan yaratığı qeyd edilir və namizədlərdən ABŞ-la Ermənistan arasında iqtisadi əlaqələri genişləndirəcək ticarət və investisiya layihələrinin həyata keçirilməsini dəstəkləyib-dəstəkləmədikləri soruşulur.

Anketin "Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi" yarımbaşlıqlı hissəsində guya saxta "Dağlıq Qarabağ Respublikası"nda yaşayan insanların Sovet tiranlığı və Azərbaycanın təcavüzünə üstün gələrək demokratik, azad, bazaryönlü cəmiyyət quraraq regionda sülh və sabitlik naminə çalışdıqları deyilir. Namizədlərdən isə soruşulur: "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik və demokratiya sahəsində inkişafını dəstəkləyirsinizmi?"

Anketdə bildirilir ki, neftlə zəngin olan Azərbaycan dövləti guya Ermənistan və Dağlıq Qarabağa sərhəd boyunca hücumları davam etdirir, daimi qərəzliyini davam etdirəcəyini bəyan edir, Ermənistan qarşısında torpaqlara dair iddiası ilə çıxış edir və ermənilərə qarşı açıq-aşkar nifrət hissini təhrik edir. Anketin bu hissəsində namizədlərə belə bir suallar ünvanlanır:

1) Sərhəd boyunca olan hücumları, müharibənin yenidən başlamasını təhlükə altında saxladığı, regional münaqişələri sülhməramlı tədbirlər vasitəsi ilə həll olunmasını mümkün edə bilmədiyi təqdirdə ABŞ-ın Azərbaycana verdiyi hərbi yardımın dayandırılmasını dəstəkləyirsiniz?

1992-ci ildə ABŞ Konqresi Azərbaycanın Ermənistan və Qarabağa qoyduğu blokadaları aradan qaldıracağına qədər Azadlığa dəstək aktına 907-ci düzəlişi qəbul etdi. 2001-ci ildə Konqres bu qanunu yenidən təsdiqlədi, lakin prezidentə onu ləğv etmək üçün məhdud səlahiyyət verdi.

2) 907-ci düzəlişin davam etdirilməsini dəstəkləyirsiniz?

Anketin "Türkiyənin Ermənistana qarşı qanunsuz blokadasının aradan qaldırılması" yarımbaşlıqlı hissəsində bildirilir ki, 1996-cı ildə Konqres Türkiyənin ABŞ tərəfindən humanitar yardımın Ermənistana çatdırılmasına maneə yaradan Türkiyənin qanunsuz blokadasına qarşı Humanitar yardım Koridor Aktını qəbul etdi. Namizədlərdən isə Türkiyənin Ermənistana qarşı qoyduğu qanunsuz blokadanın aradan qaldırılmasına yönəlmiş qanunverici və digər səyləri dəstəkləyib-dəstəkləmədikləri soruşulur.

Ermənistan-Amerika məsələləri - 2014-cü il üçün namizədlərin anketində guya ermənilər, xristianlar və digər azlıqların regional münaqişələrə məruz qaldığı və dini azadlıqlara qarşı artan qeyri-tolerant münasibətlə üzləşdikləri deyilir və namizədlərdən soruşulur:

1) Risk altında olan Ermənilər və Orta Şərqdə yaşayan digər xristianların diplomatik və qoruyucu səylərini dəstəkləyirsinizmi?

Bu sənəd bir daha onu göstərir ki, ermənilər ABŞ konqresmenlərini ermənipərəst mövqe tutmağa tərhik edirlər və onların Azərbaycana və Türkiyəyə qarşı münasibətlərinə təsir edirlər. ABŞ-dakı erməni lobbisinin əsas ideoloji mərkəzi funksiyasını yerinə yetirən araşdırma mərkəzlərinin fəaliyyəti sistemli şəkildə həyata keçirilməkdədir. Bu cür araşdırma mərkəzlərinin məqsədi Azərbaycan və Türkiyənin beynəlxalq mövqelərini zəiflətmək, saxta tarixi dünya ictimaiyyətinə sırımaqdır.

Qaynar.info