Siyasət 12:10 19.02.2021

Ermənilərin Azərbaycanın qələbəsini “şişirdən” açıqlamalarının pərdəarxası (ŞƏRH)

"Ermənistan rəsmiləri belə bəyanatlar verəndə əsla Azərbaycan haqqında düşünmürlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın siyasi şərhçisi Tevos Arşakyanın "tezliklə "artsax” olmayacaq” fikirini və bütün bu tip açıqlamaları şərh edərkən deyib. Onun sözlərinə görə, belə bəyanatları Nikol Paşinyanın siyasi rəqibləri verirlər:
 
 

"Onlar da hakimiyyətə can atırlar. Hakimiyyətə gələmək üçün belə bəynatlar verirlər ki, erməni cəmiyyətini qıcıqlandırsınlar, göstərsinlər ki, Ermənistan zəif, Azərbaycan isə güclüdür. Əslində Azərbaycan Zəngəzuru almaq fikrində deyil. 10 Noyabr bəyanatında deyildiyi kimi, Zəngəzur ərazisində bir dəhliz olacaq, dəmir yolu salınacaq, Naxçıvanla Azərbaycan, Laçın dəhlizindən isə Ermənistan və Dağlıq Qarabağ erməniləri birləşəcək. "Artsax” siyasi baxımdan olmayacaq, amma ermənilər yaşadığı ərazini necə istəsələr, adlandıra bilərlər. Dağlıq Qarabağı "artsax” da adlandıra bilərlər. Biz onu qadağan edə bilmərik. Öz işləridir”.

Politoloq hesab edir ki, Azərbaycan erməni tərəfinin kəlamlarından ruhlanmamalıdır:

"Öz evimizdə, öz dövlətimizdə, öz ərazimizdə dövlət quruculuğunun uğuru ilə maraqlanmalıyıq. Biz çalışmalıyıq ki, dövlətimiz inkişaf etsin, uğurları bol olsun, vətəndaşlarımız azad olsun, insan haqları pozulmasın. Müharibə gedib, ermənilər uduzub, nə deyirlər, desinlər. Öz aralarında hakimiyyət bölgüsü aparırlar ki, yerdə qalan sərvətlərini də talasınlar”.
Qeyd edək ki, erməni siyasi şərhçi Tevos Arşakyan mətbuata açıqlamasında "tezliklə "artsax” olmayacaq” deyə bildirib və zaman-zaman başqa erməni siyasilər də bu tip bəyanatlar səsləndirirlər. 
Bahar Rüstəmli