Dünya 12:59 24.02.2020

Ermənistan İranla qapılarını bağlayır, yoxsa öz nəfəsliyini? (ŞƏRH)

"Koronavirusun İranda yayılması Ermənistan iqtisadiyyatına daha böyük ziyan vuracaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistan İranla hər zaman bir qapı-pəncərə rolunu oynayıb: 
"Koronavirus bir çox ölkəlni vurub. Xəstəliyin ən çox yayıldığı ölkə isə Çindir. Odur ki, ilk öncə Çinin iqtisadiyyatına təsir edib. Çin imkanlı dövlət olduğundan itkiləri vaxtından tez çox asanlıqla yerinə dolduracaq. Amma İran üçün çətin olacaq. İran onsuz da sanksiyalarla üz-üzədir, iqtisadiyyatında bir çox problemlər yaşanacaq. Bundan əlavə, koronavurusla bağlı bir çox ölkələr onunla gediş-gəlişi bağlayıb. O cümlədən qonşu ölkələr olan Azərbaycan, Ermənistan və s. Əlbəttə, İranın Azərbaycanla da iqtisadi əlaqələri var. Ermənistandan fərqli olaraq, İranda bu virusun yayılması Azərbaycana böyük iqtisadi zərbə vurmayacaq. Sadəcə biz özümüzü qorumalıyıq. Amma Ermənistan İranla hər zaman bir qapı-pəncərə rolunu oynayıb. Çünki Türkiyə və Azərbaycanla sərhəd qapalı, Rusiya ilə Gürcüstan üzərindən alış-veriş var. Qış aylarında həmin yol da qapanır. Ona görə düşünürəm ki, İranda bu virusun yayılması Ermənistan iqtisadiyyatına daha böyük ziyan vuracaq”. Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan koronavurusun ölkəsinə keçməməsi üçün İranla sərhədi bağlayıb: 

"Hələ üstəlik gediş-gəlişə də ara veriblər. Bütün hallarda İtaliya Avropanın ən inkişaf etmiş öləklərindən biridir. Artıq orada da bu xəstəlik yayılıb. İtaliya da karantin tətbiq etməyə başlayıb. Amma İran üçün daha acı nəticələrə səbəb olacaq. Düşünürəm ki, virusun artım tempi dayanmayana kimi İran iqtisadiyyatında təlatümlər yaşanacaq”. 

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, İranda koronavirusun yayılması Ermənistan bazarına ciddi zərbə vuracaq:

"Ermənistanla İran arasında ciddi iqtisadi münasibətlər mövcuddur. İranın Ermənistan bazarına təsirləri də çoxdur. Həm turizmlə, həm də ərzaq, qeyri-ərzaq məhsullarının ixracı ilə bağlı kifayət qədər əlaqələri var. Rusiyadan sonra ən böyük ticarət həcmi də olan İrandır.  İranda virus daha geniş yayılarsa, Ermənistan qapını bağlayacaq. Elə dünən gecə də bununla bağlı xəbər yayıldı. Bildirildi ki, Ermənistan müvəqqəti də olsa İranla gediş-gəlişi bağlayıb, sərhəd-keçid məntəqəsində ciddi nəzarət tətbiq edib. Nəticə olaraq deyim ki, əgər davamlı şəkildə olarsa, bu, Ermənistan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. İranla Ermənistan arasında həm ticarət, həm də turizm mübadiləsini xeyli dərəcədə zəiflədəcək. Bu da onsuz da zəif və kövrək olan Ermənistan iqtisadiyyatına ciddi şəkildə mənfi təsir edəcək. Həm inflyasiyanın artması, qiymətlərin yüksəlməsi və turizm obyektərinin boş qalması və s. bütün bunlar Ermənistan iqtisadiyyatına əlavə ziyan vuran elementlərə çevriləcək”.

Bahar Rüstəmli