Siyasət 11:59 05.08.2020

Ermənistanda yeni inqilabın zınqırovları

Paşinyanın "Fövqəladə vəziyyət” haqqında sənədinin pərdəsi arxasındakı çirkin niyyətləri 

Ermənistanın news.am saytı belə bir məlumat yayıb ki, işğalçı dövlətin Ədliyyə Nazirliyi ilə Səhiyyə Nazirliyi birgə yeni qanunverici akt hazırlayır. Saytın bildirdiyinə görə, yeni qanunverici aktlara əsasən, Ermənistan Nazirlər Kabinetinin səlahiyyətləri artırılır. 

"MediaPost” xəbər verir ki, Nazirlər Kabineti fövqəladə vəziyyət elan etmədən, əhalinin konstitusion hüquq və əsas azadlıqlarını məhdudlaşdırmaq və sanitar-epidemioloji təhlükəsizlik üzrə tədbirləri həyata keçirmək ixtiyarında olacaq. 

Yaradılacaq sənədin tibbi-epidemioloji xarakterdə olmasına baxmayaraq, onun hazırlanmasına digər güc strukturlarının cəlb olunması maraq doğurur. Digər maraqlı məqam isə sənədin mümkün qədər qısa vaxt ərzində işlənib hazırlanması tələbidir. 

Bu kontekstdə iki maraqlı və bir-birini tamamlayan məqamlara diqqət çəkmək istərdik. Bildiyiniz kimi, COVİD-19 pandemiyası ilə əlaqədar, Ermənistanda dəfələrlə uzadılan fövqəladə vəziyyət avqust ayının 12-də bitir. Koronavirusa yoluxma və ölüm sayına görə dünyanın ilk beş ölkəsi sırasında yer alan Ermənistanda vəziyyət getdikcə pisləşir. Bu isə əhalinin narazılığına səbəb olur.  

Buna baxmayaraq, Ədliyyə Nazirliyinin sözçüsü sözügedən sənədin qüvvəyə minməsinə dair məsələyə aydınlıq gətirmək istəyən jurnalistlərin sualına "Məndə kifayət qədər məlumat yoxdur” deyərək, sualı cavabsız qoyub. Fövqəladə vəziyyəti növbəti (dördüncü) dəfə uzadan Paşinyanın iddiasına görə, bu sənəd fövqəladə vəziyyət elan etmədən zəruri tədbirlərin həyata keçirilməsinə imkan verəcək. Yəni belə çıxır ki, qüvvəyə minəcək sənəd sayəsində gələcəkdə Ermənistanın baş nazirinə istədiyi tədbirləri həyata keçirməkdə əlavə "icazəyə” ehtiyac olmayacaq. Çünki məhz bunun üçün hüquqi əsas hazırlanan sənəd olacaq. Buna ehtiyacın məntiqi izahı isə ikinci amildədir.   

İkinci amil – baş nazir Nikol Paşinyanın ölkə daxilində getdikcə azalan nüfuzunun hakimiyyətdə olduğu dövrdə minimum səviyyəyə düşməsidir. Belə bir minimumun işarəsi kimi, Paşinyanın təcili surətdə koronavirusa "yoluxması” və bir həftədən sonrakı "möcüzəli” sağalması idi. Hətta erməni ekspertlərin sözlərinə görə, bu hərəkət ölkədaxili siyasi qarşıdurmadan az da olsa, boyun qaçırmaq məqsədilə edilib.

Yadınızdadırsa, keçmişdə reytinqin qaldırılması üçün siyasətçilər onlara sui-qəsdlərin edildiyini elan edirdilər, indiki dövrdə isə reytinqin artırılması məhz "koronavirus şousu” altında həyata keçirilir. Görünür, reallıqdan həddən artıq uzaq olan Paşinyanın bicliyi bu dəfə ona ağır fəsadlarla və baha qiymətə başa gəlib. Bu səbəbdən də erməni politoloqların qənaətinə görə, yalanın üzə çıxmaması üçün "Paşinyan real olaraq ölməlidir”.

Ermənistan əhalisi "məxməri inqilabın” yalanlarını artıq anlayıb. Bəs belə kütləvi yalanın əvəzi necə çıxmalıdır? – bu, hamı üçün sirdir. Üstəlik, Paşinyan tərəfindən Dağlıq Qarabağ məsələsinə dair dəfələrlə edilən qıcıqlandırıcı açıqlamalar hətta yerli əhalinin qəzəbinə səbəb olur, çünki hazırkı daxili və xarici siyasi, hərbi gərginlik müharibə ehtimalını artırır. Aydındır ki, iqtisadi cəhətdən tamamilə çökmüş Ermənistan nəinki irimiqyaslı müharibəni, hətta uzunmüddətli silahlı münaqişəni dəstəkləmək iqtidarında deyil. Nəticə etibarı ilə, daxili iğtişaşlar, çaxnaşmalar və yeni inqilablar qaçılmaz olur. 

Ekspertlərin rəyinə görə, hazırda işlənib hazırlanan sənəd məhz belə halların qarşısını almaq üçün də lazımdır. Vaxtilə qanunsuz dövlət çevrilişi dalğasında hakimiyyətə gələn kepkalı inqilabçı özündən əvvəlki hakimiyyətin taleyindən qorxur. Paşinyanın yalanlarını dərk edən və iki il bundan əvvəl öz ümidini Paşinyana bağlayan erməni xalqı onun yalanlarını yaddan çıxarmaz.