Ölkə 12:35 21.10.2020

Ermənistanın hərbi büdcəsi 1 milyard, itirdiyi silah 2,5 milyardlıq... – Ekspert

"Ermənistan iqtisadi cəhətdən çökəcək”.


BunuQaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində Azərbaycan Ordusunun döyüşlərdə Ermənistana məxsus məhv etdiyi hərbi texnikanın siyahısına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, hərbi texnikaların həm sıradan çıxarılması, həm də qənimət kimi götürülməsi Ermənistan üçün qısamüddətli dövrdə faktiki olaraq hərbi imkanları əhəmiyyətli dərəcədə zəiflədəcək:

 



"Çünki nəzərə almaq lazımdır ki, düşmən cəbhəyə çıxardığı texnika, avadanlıqların böyük hissəsi 30 il müddətində müxtəlif usullarla Ermənistana hədiyyə olunub. Qısamüddətli dövrdə isə həmin tərəfdaşların qeyri-rəqsmi formada müxtəlif istiqamətlərdə hərəkəti də məhdudlaşdırılıb. Gürcüstandan silah daşınması mümkün deyil, İrandan isə bunun həyata keçirilməsində ciddi problemlər var. Hətta tərəfdaşların hansısa formada qısa zaman çərçivəsində Ermənistanı yenidən hərbi sursatla təmin etmək kimi imkanları yoxdur. Bu da onu deməyə əsas verir ki, Ermənistan faktiki olaraq hərbi baxımdan Azərbaycanla müqayisədə mövqeyi dəfələrlə pisləşir. Onlar müxtəlif variantlarla çalışacaqlar ki, hərbi büdcələrindən də istifadə etsinlər. Çünki silah bazarı legitim bazar deyil. Onlar təbii ki, Ermənistana silah hədiyyə etməyəcəklər”.


Rəşad Həsənov bildirib ki, Ermənistan bu istqamətə büdcəsindən maliyyə ayırmalıdır:


"İndiki məzənnə ilə götürsək, onların büdcəsi 3,5 milyard dollardır. Hərbi büdcəsi isə təxminən 1 milyard dollar ətrafındadır. Biz indiyə kimi sıradan çıxardığımız texnikanın dəyərini müxtəlif hesablamalarla 1,5-2,5 milyard dollara kimi qiymətləndiririksə, bunun əvəzlənməsi indiki şəraitdə Ermənistan üçün mümkün deyil. Bu da o deməkdir ki, biz prosesi davam etdirdikcə Ermənistan daha da çətin vəziyyətə düşəcək”.


Ekspert hesab edir ki, hətta post-müharibə dövründə belə Ermənistan özünün hərbi qüvvələrinin təhcizatını təmin etmək üçün hələ uzun müddət bu istiqamətdə əhəmiyyətli vəsaitlər ayırmalıdır:


"Bu da indiki şəraitdə mümkün olmayacaq”.


Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusunun döyüşlərdə Ermənistana məxsus məhv etdiyi hərbi texnikanın bir hissəsini açıqlayıb.


Prezident İlham Əliyev bildirib ki, sentyabrın 27-dən bəri düşmənin xeyli sayda hərbi texnikası məhv edilib: "241 ədəd tank məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Toplam 280 tank. 39 tank saz vəziyyətdə götürülüb.


Piyadaların 50 ədəd döyüş maşını məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən artilleriya qurğusundan 17-si məhv edilib. 198 ədəd top, 58 minaatan məhv edilib, 12 minaatan və 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə, 70 QRAD qurğusu məhv edilib.


2 ədəd "Uraqan”, 2 YARS, 1 ədəd "TOS”, 4 ədəd "S-300” zenit raket kompleksi məhv edilib.


3 ədəd "TOR”, 40-a yaxın "ASA”, 5 ədəd "KUB” və "KRUQ” zenit raket kompleksləri, 6 ədəd pilotsuz uçuş aparatı, 2 ədəd "Elbrus” əməliyyat-taktiki raket kompeksi, 1 ədəd ballistik raket, 1 ədəd "Toçka-U”, 8 ədəd radioelektron mübarizə sistemləri məhv edilib.


198 yük avtomobili məhv edilib. Onlardan 15-i hərbi sursatlarla dolu olub. 102 yük avtomobili qənimət kimi götürülüb.

 

Bahar Rüstəmli