Xəbər lenti

Ermənistanın mövcudluğu bu qərardan asılı olacaq - Paşinyan va-bank gedir
Siyasət 09:40 26.09.2020

Ermənistanın mövcudluğu bu qərardan asılı olacaq - Paşinyan va-bank gedir

"İnqilabçı” baş nazir Sorosla Kreml, NATO ilə KTMT arasında; Qarabağ danışıqlarından faktiki imtina edən Ermənistan rəhbərinin əsas dərdi nədir? Politoloqlar deyir ki...

İşğalçı Ermənistanın rəhbərliyinin təxribatçı siyasəti üzündən Güney Qafqaz partlayış həddinə gəlib. İnqilab yolu ilə hakimiyyətə gələn, lakin ölkəsində iki il yarımdır inqilabi dəyişikliklərə nail ola bilməyən gizli "sorosçu” Nikol Paşinyan puç olmuş vədlərin bədələni ödəməkdən yayınmaq üçün müxtəlif yollar axtarır. Və belə görünür ki, çıxış yolunu o, Qarabağ məsələsi ilə manipulyasiya eləməkdə, hərbi ritorikaya üstünlük verməkdə və Azərbaycana qarşı, yeni, daha böyük təxribatlar həyata keçirməkdə görür.

Amma təkcə Azərbaycana qarşı da yox. Görünən budur ki, Nikol Paşinyan kifayət qədər təhlükəli bir oyuna girib. Hətta va-bank gedir. Hər necə olmasa, silahlar olan yerdə qan-qada var. Ermənistan isə məlumdur ki, hakimiyyət uğrunda terror metodlarının belə məqbul sayıldığı ölkədir. 1999-cu il oktyabrın 27-də ölkə Ermənistan parlamentinin gülləbaran edilməsini, o vaxtkı hakimiyyətə - "Qarabağ klanı”na real alternativlər olan Karen Dəmirçyanın, Vazgen Sərkisyanın və daha 6 nəfərin qətlə yetirilməsini yada salmaq olar. 2017-ci ilin yayında isə "Sosna Tsrer” silahlı qruplaşması İrəvanın mərkəzində siyasi tələblərlə polis idarəsinin binasını ələ keçirmiş, iki polis əməkdaşını öldürmüş, bir neçəsini də girov götürmüşdü. Hazırda Paşinyan rejiminin daxili dayaqları da çox sərt sınaqlardan, eyni zamanda Qərb və Rusiya tərəfdarlarının gizli-açıq mübarizəsi fonunda keçir...        

*****

"Amerikalı maliyyəçi Corc Sorosun Nikol Paşinyan rejimi hökumətindəki əlaltıları Rusiya ilə münasibətləri pozmaq üçün dağıdıcı fəaliyyətlərini davam etdirirlər”.

"Yeni Müsavat”ın məlumatına görə, bunu rusdilli Vesti.az portalına beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov söyləyib.

Onun zənnincə, Qərb Rusiyanı hər hansı bir hərbi kampaniyaya sürükləmək üçün hər vasitə ilə həvəsləndirməyə çalışır: "Eyni zamanda, NATO və müttəfiqləri bu mərhələdə birbaşa qarşıdurmadan qorxurlar. Hədəf başqadır - Rusiyanın bütün ”şirəsi"ni çıxarıb bundan sonra qərar vermək. Bu zaman İrəvana ayrılan rol çox kiçikdir. Lakin nəzərə alınmalıdır ki, son vaxtlar bu istiqamətdə intriqalar güclənib və Ermənistan məhz Rusiyanı Türkiyə ilə lüzumsuz qarşıdurmaya sürükləyə biləcək və regionu partladacaq qıcıqlandırıcı rolu oynaya bilər".

Politoloq şübhə etmir ki, Tovuzdakı təxribat ilk növbədə Moskva və Ankaranı toqquşdurma cəhdindən ibarət olub. "Ancaq nə Rusiya, nə də KTMT ”təcavüzkarların" yazıq Ermənistana hücum etməsi barədə ah-nalələrə uymadı. Fikrimcə, Bakı Paşinyanın axmaq təxribatına görə ona minnətdar olmalıdır. O səbəbə ki, Rusiya və tərəfdaşlarının gözünü erməni ordusunun həqiqi niyyətlərini bilmək üçün açdı", - deyə ekspert vurğulayıb və qeyd edib ki, İrəvanın Rusiyaya sadiqliyi həddən ziyadə görüntü xarakterlidir.

"Bu da göz önündədir ki, Sorosun Nikol Paşinyan hökumətindəki əlaltıları qarant dövlətlə (Rusiya ilə - red.) münasibətləri pozmaq üçün dağıdıcı fəaliyyətlərini davam etdirirlər. Paşinyan uzun müddət iki stulda əyləşə bilməyəcək və enində-sonunda konkret kiminlə qalacağı barədə seçim etməli olacaq. Artıq vaxt qalmayıb və o, yeganə düzgün qərarı verməli olacaq - hansı qərardan ki, həm bölgədəki sülhün, həm də Ermənistanın dövlətçiliyinin taleyi asılıdır”, - deyə Mixaylov fikrini tamamlayıb.

*****

Öz növbəsində digər rusiyalı tanınmış politoloq Aleksey Fenenko o qənaətdədir ki, Nikol Paşinyan daxili problemlərin xarici amil hesabına standart həll taktikasından yararlanmağa çalışır. "Ölkədə iqtisadi çətinliklər olduğundan, Paşinyan xarici düşmənə qarşı səfərbərliyə çalışır və burada silahlı qarşıdurmaya qədər belə, gələ bilər ki, sonradan bütün iqtisadi problemləri həmin qarşıdurmanın ayağına yazsın”, - deyə o qeyd edib.

Bundan əlavə, ekspertin fikrincə, Paşinyanın NATO qanadı altına keçmək planı var: "O, Ermənistanın KTMT-dən zəmanət tələb etməsi üçün hücuma məruz qaldığını göstərmək istəyir. KTMT Azərbaycana qarşı döyüşlərdə İrəvanı dəstəkləməyəcəyi üçün böyük bir təxribatdan sonra, məsələn, Qarabağda iri təxribatdan sonra Paşinyan ”KTMT məni dəstəkləmədi, Rusiya məni dəstəkləmədi, ona görə NATO-da yeni dostlar axtarmağın vaxtı gəldi" deyə bilsin".

Politoloqun sözlərinə görə, bu xüsusda indi Paşinyanln başı üzərində 2016-cı ilin oktyabrında KTMT-nin İrəvan sammitinin qərarı asılı vəziyyətdədir: "Orada aydın şəkildə bildirilir ki, KTMT zəmanətləri zərrəcə ”DQR"-ə şamil olunmur və yalnız Ermənistana hücum edildiyi təqdirdə qüvvədədir. Ona görə də hazırda İrəvan Azərbaycanı və ya Türkiyəni hücum edən tərəf elan etmək üçün bir yol tapmağa çalışır. İki ölkənin sərhədindəki iyul təxribatının səbəbi bu idi - Paşinyan KTMT-nin Ermənistanı necə müdafiə etməyə hazır olub-olmadığına əmin olmaq istədi".

Sözünə davam edən analitik deyib: "O zaman, iyul ayında heç kim açıq şəkildə Ermənistana dəstək ifadə etməyə və ya bir şey etməyə hazır olduğunu açıq şəkildə bildirmədi. Rusiya Gümrüdəki bazada hərbi xəbərdarlıq belə elan etmədi. Buna görə də indi görünür, Paşinyanın daha böyük təxribata ehtiyacı var. Bu ehtimalı 1 sentyabrda, Nikol Paşinyanın, faktiki surətdə Qarabağa dair dinc nizamlamadan çəkildiyini elan etməsi gücləndirir. Nəticə etibarilə, indi Ermənistanın baş naziri seçicilərinə dinc nizamlama planlarından boşuna imtina etmədiyini göstərmək üçün yeni döyüşlərə gedə bilər”.

***** 

Lakin azərbaycanlı siyasətçi-politoloq Asim Mollazadə situasiyadakı son gəlişmələrə bir qədər fərqli prizmadan yanaşır. O, hesab edir ki, Ermənistan danışıqlar prosesini tam pozub və onu dəstəkləyən qüvvələrlə hazırda müharibəyə hazırlaşır (Teleqraf.com).

"Məlumat var ki, Ermənistan Rusiyadan küllü miqdarda silah alıb və İran vasitəsilə İrəvana gətirib. Eyni zamanda, Ermənistan Orta Şərqdən erməni yaraqlı qatillərini Azərbaycanın işğal olunan ərazisində yerləşdirib. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan danışıqlar prosesini təsadüfən pozmayıb və müharibəyə hazırlaşır”.

Asim Mollazadə bildirib ki, Ermənistanda sosial-iqtisadi durum gərgindir, inqilabdan sonra idarəetmədə köklü dəyişikliklər baş verməyib: "Həbsə salınan köhnə hakimiyyət nümayəndələri azadlığa buraxılıb və yenidən siyasi fəaliyyətlə məşğul olurlar. Həmçinin parlamentdəki əsas müxalif qüvvələr fəallaşıb. Ermənistanda vəziyyət siyasi baxımdan günü-gündən pisləşdiyi üçün onlar prosesi hərbi müstəviyə keçirməyi, verilən silahlar sayəsində yeni ərazilər ələ keçirməyi düşünürlər. Hazırda Ermənistana qarşı hər hansı qınaq yoxdur. Həmsədrlərin dişsiz bəyanatları əslində Ermənistana dəstəkdir. Onların fəaliyyəti görünməyəndə ermənilər daha da azğınlaşır. İndi Ermənistan nəinki sülhə hazır deyil, əksinə, təcavüzü genişləndirmək istəyir”.

Ancaq politoloq düşmənin təxribatlarına Azərbaycan hər zaman cavab verməyə hazır olduğuna əmindir. "İndi 1990-cı illərin əvvəli deyil. Bu gün Azərbaycanın silahlı qüvvələri, geniş imkanları var. Azərbaycana dəstək verən ölkələrin sayı artır. Odur ki, istənilən təxribata çox ciddi cavab veriləcək. Azərbaycan müharibə istəmir, real danışıqlarla problemin həllindən yanadır. Amma Ermənistan hərbi əməliyyatlara başlasa, cavabını alacaq”.

Əlavə edək ki, həm də artıqlaması ilə...

Siyasət şöbəsi,
"Yeni Müsavat”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->