Siyasət 13:31 26.07.2021

Ermənistanın təxribatların intensiv xarakter almasının səbəbi nədir? – Hərbi ekspert

"44 günlük müharibədə dəhşətli məğlubiyyətə uğrayan erməni ordusu hazırda başıpozuq durumdadır. Başıpozuq vəziyyətə düşən ordudan isə hər cür təxribat gözləmək mümkündür, çünki o, vahid komandanlıqdan idarə olunmur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli Ermənistan tərəfdən son dövrlər atəşkəsin pozulması ilə müşayiət olunan təxribatların artıq intensiv xarakter alması səbəblərindən danışarkən deyib. Həmsöhbətimizin fikrincə, bu kimi təxribatlarla İrəvan Ermənistan ordusunun müharibə dövründə düşdüyü psixoloji təzyiqdən, sarsıntıdan guya çıxdığı obrazını formalaşdırmağa çalışır:

"Ermənilərin intensiv şəkildə davam edən bu təxribatları Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistan ordusunun infrastrukturunu məhv etməsilə əlaqədardır. Ordumuzun qısa müddətdə ermənilərin 30 il ərzində qurduğu sədləri keçərək torpaqlarımızı azad etməsi tək düşmən ordusunda deyil, bütövlükdə Ermənistanda şok effekti yaradıb. Ona görə də indi intensiv şəkildə müxtəlif istiqamətlərdə atəşkəsi pozmaqla guya düşdükləri psixoloji təzyiqdən çıxmaq istəyirlər. Belə təxribatlarla İrəvan erməni cəmiyyəti arasında guya ordularının yenidən özünə gəldiyi təəssüratını formalaşdırmağa çalışır”. 

Ekspert düşünür ki, bu olaylarda bəzi xarici güclər də yer alır: 

"Regionda maraqları toqquşan Fransa və səhnədə görünməyən bir sıra digər güclər, lobbilər var. Onlar münaqişənin bitməsini istəmir. Çünki bu xarici güclər də Ermənistan rəhbərliyi kimi zaman-zaman Qarabağ kartından öz siyasi və iqtisadi məqsədləri naminə yararlanmağa çalışır”. 

Başqa bir tərəfdən, İ. Rüstəmliyə görə, bu təxribatlar Ermənistanda revanş götürmək istəyən revanşistlərin əməli də ola bilər: 

"Onlar anlamaq istəmir ki, bununla ölkələrini və erməni xalqını fəlakətə sürükləyirlər. Ermənilərin Azərbaycan əleyhinə atdığı hər bir addım onların öz əleyhinə işləyir”.

Rüfət Sultan