Xəbər lenti

Ermənistanla müqavilə imzalananda bu da öz yerini almalıdır - 819 milyard...
Siyasət 14:22 16.04.2021

Ermənistanla müqavilə imzalananda bu da öz yerini almalıdır - 819 milyard...

"Birmənalı olaraq deməliyəm ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalanarkən maddi təzminat da öz yerini almalıdır. Ermənistan təcavüzünə şərait yaratmış böyük dövlətlər, o cümlədən Rusiya təzminatın ödənilməsində yer almalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş 818 milyard 880 milyon ABŞ dollar məbləğində maddi ziyandan danışarkən deyib. Onun fikrincə, bu dağıntılar, ziyanlar böyük ölkələrin susqunluğu nəticəsində, onların birbaşa iştirakı ilə baş verib:

"Azərbaycan tərəfinin tez bir zamanda ermənilərlə danışığa getməsi, kommunikasiyaların açılması, hətta müxtəlif söz-söhbətlər gəzir ki, Azərbaycan Rusiyanın öncüllüyü ilə yaradılan iqtisadi birliklərə, Gömrük İttifaqı və digər qurumlara inteqrasiya etməyi düşünür və Belarus prezidentinin Azərbaycana sonuncu səfəri də bu qəbildəndir. Vətəndaş olaraq çox narazıyam və narahatam. Biz hər bir ölkə ilə ikitərəfli münasibətlərin qorunub, saxlanılması və inkişafında maraqlı olmalıyıq. O cümlədən də Rusiya ilə. Ancaq Rusiyanın yaratdığı heç bir birlikdə, siyasi, hərbi-iqtisadi birlikdə, müxtəlif ölkələri əhatə edən birliklərdə iştirak etməyimiz Azərbaycanın strateji mataqlarına uyğun deyil və daha böyük təhlükələr yaradır”.

Nazim Bəydəmirli hesab edir ki, tez bir zamanda Azərbaycan Dağlıq Qarabağın azad olunmuş hissələrinə öz hərbi mövcudluğunu ciddi şəkildə gücləndirməlidir:

"Yeni bir münaqişəyə hazır olmalıyıq. Münaqişə heç də bizim arzumuzla deyil. Güman edirəm ki, Rusiya erməni hərbi birləşmələrinin gələcəkdə törədə biləcək fəsadları tez bir zamanda aradan qaldırılmağa yönəlməlidir”.

Qeyd edək ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->