Dünya 11:30 28.02.2020

Əsədə İran və Rusiya qüvvələri kömək edib: qisas mütləq alınmalıdır (ŞƏRH)

"Türkiyə şəhid olan əsgərlərin qisasını mütləq almalıdır”.

Bunu Qaynarifo-ya açıqlamasında politoloq Qabil Hüseynli İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunlarının Türkiyə Silahlı Qüvvələrinə hücumunu şərh edərkən deyib. O bildirib ki, bu İran və Rusiyanın qüvvələri tərəfindən və havadan dəstəklə həyata keçirilən sarsıdıcı əməliyyatdır:

"Çox dəhşətli faktdır. Aydın görünür ki, bu, Bəşər Əsəd ordusu ilə bağlı hadisə deyil. İran və Rusiyanın qüvvələri tərəfindən və havadan dəstəklə həyata keçirilən sarsıdıcı əməliyyatdır. Həqiqətən də bu əməliyyat adamın damarında qanını dondurur. Rusiyanın bu bölgədə nə qədər harıncasına hərəkət etdiyinin şahidi olduq. Onlar Türkiyəyə gözdağı vermək istəyir. Hava üzərində nəzarət Rusiyanın əlindədir. Bu, Bəşər Əsəd qoşunlarının tərkibində İranpərəst Hizbullah təşkilatının əsgərlərinin iştirakı ilə həyata keçirilib. Eyni zamanda əvvəlcədən hazırlanmış və müharibə qanunları ilə aparılmayan bir hücumdur”.

Qabil Hüseynli Türkiyədə vəziyyətin çox gərgin olduğunu vurğulayıb: 

"Türkiyə NATO-dan bərk yapışmalı, NATO-nu bu proseslərə cəlb etməlidir. Türkiyə harada yanlışlığa yol verdiyinə diqqət yetirməli və məhmətciyin qisasını mütləq almalıdır”.

Qeyd edək ki, rəsmi xəbərə görə, İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunları Türkiyə Silahlı Qüvvələrinə hücumu edib. Hava hücumu nəticəsində Türkiyənin 33 əsgəri şəhid olub. 

Bahar Rüstəmli