Dünya 17:13 02.04.2020

Əsrlə vidalaşma: Manolis Qlezosun xatirəsinə...

Məmməd Süleymanov

Yunanlarda onillərdir deyim var: "Manolis Qlezos kimi azad olmaq”. Bu ifadəni 4 dəfə ölüm hökmü alan, 16 il həbsdə, illərlə sürgündə olan şəxsiyyət haqqında deyirlər.

Martın 30-da həmin şəxsiyyət dünya ilə vidalaşdı.

Onun məxsus olduğu dünya isə bizimlə daha əvvəl vidalaşmışdı. 

***

Erik Hobsbaumun "Qısa 20-ci əsr” adlandırdığı (1914-də başlayıb 1991-də bitən) o dövrdə Hitler və Mussolini, Azef və Pinoçet vardı. Ancaq həm də Kamyu və Şveytser, Çe Gevara və Fidel, Marina Svetayeva və Eduardo Qaleano, Rodolfo Uolş və Yılmaz Güney vardı.

Sveyqin "Dünənki dünyası” ilə Hakslinin artıq reallaşan "füsunkar dünyası” arasında sıxışıb qalmış o əsrdə Qəlb kobud gücə məğlub olan bilərdi (və olurdu da), ancaq bu, müvəqqəti idi. Çünki, zülmət və vaxtsızlıq illərinə baxmayaraq, insani dəyərlərin qığılcımını sönməyə qoymayan, qoruyan və alova çevirən şəxsiyyətlər vardı. 

Daha yoxdurlar.

Çünki, o əsrdə Ədalət, humanizm, insan qüruru və istedad boş söz, quru səs deyildi. Akutaqavanın əl boyda "Tala”sını ekranlaşdırmış Kurosavanın "Rasemon”unun nə vaxtsa total gerçəkliyə çevriləcəyi o insanlar üçün nonsens idi. Bu günkü "Rasemon dövrü”ndə sivilizasiya çökür, şahidlər və iştirakçıların isə hərəsi öz (və həqiqətdən uzaq) izahını verməklə əylənirlər. Kurosavanın filmindəki kimi, həqiqəti hətta özlərinə də etiraf etmirlər.

Kamyu 20-ci əsri "qorxu əsri” adlandırmışdı. 21-ci əsr isə qorxunun sindroma çevrildiyi, panikanın gündəlik fenomenə dönüşdüyü və iqtisadi böhrandan qurtulmaq üçün kapitalistlər  əlində siyasətin alətinə çevrildiyi əsrdir. Həqiqətin yerini çoxsaylı "həqiqətlər” tutub.

Vısotski özünün "Tükənmiş adamın mahnısı”nda necə oxuyurdu? "Bütün oxlar sınıb. Mən onlardan tonqal qalayıram”.

21-ci əsr Manolis Qlezosun əsri deyildi.

Necə ki martın 29-da vəfat edən Yuri Bondarevin, martın 31-ndə gözünü əbədi yuman Leonid Zorinin əsri deyildi.

Onların gedişi ilə 20-ci əsr də qapandı.

***

4 həftəyə nasizmə təslim olan Fransanın generalı de Qoll onu "Avropanın ilk partizanı” adlandırmışdı.

1941-ci ilin 31 mayında 19 yaşlı kommunist Manolis Qlezos dostu Apostolos (Laki) Santosla birlikdə Akropola qalxıb nasist bayrağını endirir. Nasistlərin qəzəbini təsəvvür etmək belə çətindir.

Onillər sonra Qlezos deyir: "Bu, qəhrəmanlıq deyildi, iki yunan gəncinin Vətənlərinin faciəli günlərindəki normal davranışı idi”.

Xırda dərnəklərdə birləşən gənclər pərakəndə müqavimət göstərirdilər: alman maşınlarına yandırıcı bombalar atır, təyyarələri alova verirdilər. Elə bu "qığılcımlar” da sonda alova çevrildi.

Kommunistlər nasistləri uddu, ölkənin 40 faizinə nəzarəti ələ keçirdi, ancaq sonra qəddar və sonsuz vətəndaş savaşı başladı - hər 3 üzvündən biri qızlardan ibarət olan kommunist dəstələr britaniyalıların təşkilatlandırdığı dünənki kollaborasionistlərə uduzdu. Bu da haqlı olub qalib gəlməməyin misalı. Ancaq müqavimətin qığılcımını sönməyə qoymayanlar həmişə var.

***

Manolis Qlezosun adını ilk dəfə nə vaxt eşitdiyimi xatırlaya bilmirəm. Bəlkə də, ikinci sinifdə oxuduğum "Uşaq Ensiklopediyası”nda rast gəlmişdim. O illərin kitabları qəhrəmanları vəsf edirdi və tanıdırdı. Bu günlə müqayisədə həllsiz ziddiyyət, daban-dabana fərqli təbliğat və dəyərlər.

Bir də hələ 1960-cı illərdə çəkilmiş "Elladanın oğlu” sənədli filmi vardı. Filmdə kadrlardan birində 1953-cü ildir, Qlezosa ölüm hökmü oxunur - o isə gülümsəyir.

Əlində qərənfil tutaraq özünün güllələnmə hökmünü təbəssümlə qarşılayan başqa bir yunan - kommunist Nikos Beloyannis kimi (onunla eyni vaxtda həyat yoldaşı Elli İoanniduya da ölüm hökmü oxunmuşdu). Onun bu davranışından riqqətə gələn Pikasso eyniadlı rəsmi çəkəcək və 1952-ci ildə edam olunan Beloyannisi bütün dünya tanıyacaqdı.

Qlezos isə bir-birini əvəzləyən bütün rejimlərdə həmişə ilk həbs edilənlərdən idi. Həm vətəndaş müharibəsində, həm irtica illərində, həm "Qara polkovniklər”in xuntasında. Hər dəfə də onu edamdan bütün dünyada baş qaldıran müdafiə kampaniyası qurtarırdı. O vaxt həmrəylik də boş söz, növbəti qrant, nümayişkaranə humanizm yox, ciddi qüvvə idi.

Qlezos isə onillər boyu Yunanıstanın canlı əfsanəsi oldu. Marksistlər də, anarxistlər də, maoçular da ona - işğala qarşı səsini hamıdan əvvəl qaldırmış və etirazını əmələ çevirmiş şəxsiyyətə ehtiram bəsləyirdilər.

"Qara polkovniklər”in devrilməsindən sonra parlamentə seçilən Qlezos sonra parlamenti tərk edir və özünün dediyi kimi, "doğma Naksos adasında əsl kommunizm qurmağa yollanır”.

Müsahibələrindən birində o, Sovet sosializmi barədə danışır: Oktyabr inqilabı zamanı Lenin xalqda üç şeyi vəd etdi - müharibəni bitirmək, torpağı paylamaq və hakimiyyəti Şuralara vermək. İlk ikisinə əməl olundu, üçüncüsünə isə yox. Nəticədə xalq idarəçilikdən kənarda qaldı. Elə bu da bürokratiyanın burjuaya çevrilməsinə və sosializmin məğlubiyyətinə yol açdı.

"Bizim hakimiyyət də referendumlar keçirir, ancaq insanlardan nəyi istədiklərini soruşmur. Mən eksperiment aparmaq və 1100 nəfər əhalisi olan kənddə hakimiyyəti xalqa vermək qərarına gəldim. Parlamenti könüllü tərk etdim, Naksos adasına yollandım, orada seçildim və hakimiyyəti ictimailəşdirərək birbaşa demokratiyaya nail oldum.  Kənd rəhbərliyi sadəcə xalqın iradəsini yerinə yetirirdi, hər bir səs nəzərə alınırdı. Eksperiment ağlasığmaz dərəcədə uğurlu oldu. Biz universitet, meteostansiya, beş muzey açdıq”, - Qlezos xatırlayır.

Bu, 1990-cı illərdə baş verir - o vaxt ki, artıq nə SSRİ var, nə sosialist bloku var. Və nəticə:

"Ancaq 20 il sonra mərkəzi hökumət özünə təhlükə hiss etdi və bizim kəndi daha iri inzibati vahidin tərkibinə qatdı. İndi özünüz deyin, o sistemi bütün ölkə boyu tətbiq etmək olardımı?!” - Qlezos ritorik sual verir.

Əlbəttə, olardı. Ancaq bunun üçün Sistem dəyişməli, kapitalizm getməlidir.

Odur ki, Manolis Qlezos yenidən fəal siyasətə, küçələrə və barrikadalara dönür. Artıq 90 yaşı var, yenə yunan parlamentinə və Avroparlamentə seçilir. 2010-cu ilin küçə etirazları zamanı polis zorakılığına məruz qalır, gözyşardıcı qazdan sonra xəstəxanaya düşür. Və özünü radikal Sol adlandıran SİRİZA-ya qoşulur.

Sonra SİRİZA hakimiyyətə gəlir və referendum keçirir. Xalq neoliberal "islahatlar”a yox deyir. Məşhur "Oksi günü” təkrarlanır.

Ancaq elə həmin SİRİZA da özünün keçirdiyi referendumun nəticələrinə, xalqın səsinə tüpürərək neoliberal siyasət yürütməyə başlayır, Yunanıstanı beynəlxalq kapitalın qarşısında üfqi pozaya salır.

Və Manolis Qlezos, bu peşman, yorğun inqilabçı SİRİZA-nı tərk edir. Xalqdan isə üzr istəyir.

20-ci əsrdə yəqin bu cür acı məğlubiyyət ola bilməzdi - hakimiyyətdə Sol qüvvədir, referendumda xalq onu dəstəkləyir. 

Ancaq indi 21-ci əsrdir - siyasətçilər xalqın mənafeyini də, öz ideologiyasını da utanmadan və çəkinmədən satır. Həm də xalqı ələ salaraq, aşağılayaraq. Və daha bir gözəl nağıl əcaib, qorxulu, kədərli sonluqla bitir.

Bu, bəlkə də Manolis Qlezosun ilk ümidsizliyi və ilk peşmanlığı olur. Həm də son...