Ölkə 12:08 25.01.2018

Evi yarılan jurnalistin maşını da qarət olundu: Polis oğruları tapa bilmir

Abşeron rayonu Saray qəsəbəsində yaşayan jurnalist Ağaşirin Məmmədlinin avtomobili qarət olunub.

Zərərçəkmiş miq.az-a bildirib ki, hadisə yanvarın 2-də axşam saat 20.00 radələrində baş verib. Ailə üzvləri ilə birlikdə Sumqayıtdakı "Fanfun” əyləncə mərkəzinə gedən A.Məmmədli "Hyundai” markalı avtomobilini yaxınlıqda saxlayıb. Bir saat sonra geri qayıdanda maşının pəncərəsinin sındırıldığını və həyat yoldaşına məxsus çantanın oğurlandığının şahidi olublar.

A.Məmmədlinin sözlərinə görə, oğurlanmış çantada həyat yoldaşının təxminən 8200 manat dəyərində qızıl-zinət əşyaları olub.

"Hadisə barədə dərhal DİN-in "102 çağrı mərkəzi”nə məlumat verdim. Hadisənin araşdırılması Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə həvalə olunub”.

Lakin jurnalist təəssüflə qeyd edib ki, 20 gün keçməsinə baxmayaraq, oğruların tapılması hələ də gerşəkləşməyib. 

A.Məmmədli onu xatırladıb ki, keçən ilin yayanda onun evini qarət edənlərdən sə səs-soraq yoxdur.

"2017-ci il avqustun 2-dən 3-nə keçən oğrular Saray qəsəbəsi A.Səmədov küçəsi-26 ünvanında yerləşən evimin pəncərəsindəki dəmir barmaqlıqları qıraraq, içəri daxil olmuşdular. Naməlum şəxslər övladıma məxsus 200 manat dəyərində qızl boyunbağını, 100 manat dəyərində bijüteriyanı və 200 manat dəyərində peyk antennasının avadanlığını aparmışdılar. Həmin əşyaları aprmaqları bir yana, 2500 manat dəyərində olan televizoru da sındıraraq əzib, getmişdilər. Təəssüf ki, Abşeron rayon Polis İdarəsinə etdiyim şikayət bugünədək nəticəsiz qalır, evimi yaranlar hələ də tapılmayıb".

A.Məmmədli əvvəllər "Avrasiya”, "Bu gün” və bir sıra qəzetlərdə çalışıb. Hazırda "Ekspert” qəzetinin əməkdaşıdır.