Xəbər lenti

Evimizdən qaçaq düşən mətbəx mədəniyyəti - Səbəb nədir?
Ölkə 13:58 17.03.2025

Evimizdən qaçaq düşən mətbəx mədəniyyəti - Səbəb nədir?

Hazırda Azərbaycanın bəzi adət-ənənəsi yox olmaq üzrədir. 60-80 yaş arasında olan analarımızın, nənələrimizin geniş, çeşidli mətbəxt mədəniyyəti var. Amma təəssüf ki, günümüzün qızlarının əksəriyyəti bu işləri bacarmır, ya da görmək istəmirlər. Ən dəhşətlisi isə analar qızlarına "gəl dur yanımda sən də öyrən, sabah getdiyin evdə lazımın olacaq” demir. Nəsillərdən bizə qalan mətbəx mədəniyyətimizin evlərimizdən qaçaq düşməsinə səbəb nədir? 

Sosioloq Asif Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, günümüzün ən aktual problemləri bu torpağın əsil övladlarını həmişə qayğılandırıb:

"Çünki bu, vətənsevərlər üçün əbədi ölüm-dirim mübarizəsidir. Qaldırdığınız bu problem, təəssüf ki, artıq on illərdi aktuallıq baxımından ön yerdə dayanmaqda, prioritetliyini qorumaqdadır. Bu bir anın yox, uzun bir zamanın sualı və problemidir və hələ ki, günümüz üçün aktual olaraq qalır. Hər bir etnosun milli ruhunun ən etibarlı sütunları tarixən onun yaratdığı mənəvi dəyərlər sistemidir. Hər hansı etnosu, milləti, cəmiyyəti köləyə çevirmək üçün onların fiziki işğalına ehtiyac yoxdur, bunun üçün onları ayaqda saxlayan, dik tutub büdrəməyə qoymayan mənəvi sütunları əllərindən almaq da bəs edər. Təbii ki, öz mənəvi-etnik dayaqlarından məhrum olan bir toplum büdrəməmək, ayaq üstə qalıb yıxılmamaq üçün sonda özünə yad-yabançı olan sütunlara söykənmək zoru ilə üz-üzə qalır. Özünə yabançı bir sütun üzərində dayanan etnos isə artıq tədricən həmin dayağın sahibinin iradəsindən asılı vəziyyətdə qalır, onun diqtəsi və şərtləri altında davranır”. 
 


Sosioloq qeyd edib ki, əslində hər hansı bir fərdin yaxud şəxsin kimliyi də onun fiziki parametrləri ilə ölçülmür:

"Hər bir insanın siması, şəxsiyyəti və ya identikliyi onun sahibləndiyi və daşıdığı mənəvi dəyərlər toplusu ilə müəyyən olunur. Əgər biz problemə bu düsturla yanaşsaq, o zaman cəsarətlə deyə bilərik ki, Azərbaycan cəmiyyətinin bu mənəvi dayaqlardan məhrum olmuş hər hansı bir üzvü yalnız nominal olaraq, yəni ad olaraq azərbaycanlıdır, reallıqda isə o artıq bizim deyildir, şüuru işğal olunmuş qurbanlıqdır. Yəni o fiziki olaraq bizimlə bir sırada dayansa da, mənəvi olaraq o bizimlə deyil, itirdiyimiz soydaşımızdır və o artıq yadlığın, yabançılığın mənəvi əsiridir. Çox yazıqlar olsun ki, bu problem və bu acınacaqlı proses bu gün Azərbaycan cəmiyyətini bizim gözlərimiz qarşısında böyük miqyasda yoluxdura bilib. Bu aspektdən çıxış etsək iddia edə bilərik ki, orta hesabla yaşı qırxa qədər olan nəsil şüuru və mənəviyyatı mütəmadi olaraq yabançı və zərərli ideyaların həmlələrindən əziyyət çəkən insanlar kateqoriyasına aiddir. Bunun nəticəsində həmin nəsil ulu əcdadlarımızın bu günümüzədək damla-damla topladığı mənəvi xəzinədən bixəbər qalır və ona görə həm də ondan məhrum olurlar. Bu reallıqdan çıxış etsək deyə bilərik ki, nəsillər arasındakı zəruri varislik bağları bu nəsildə daha çox qırılmalarla müşayiət olunur. Əgər dövlətimiz bu problemin həlli üçün təcili addımlar atmasa, babalarımızın bizə miras qoyduğu ulu sərvətə növbəti nəsillərin sahiblənməsi sahəsində böyük boşluq yaranacaq və əminəm ki, buna görə gələcək bizləri bağışlamayacaq”. 

Sosioloq əlavə edib ki, bu gün Azərbaycan cəmiyyətini mənəvi cəhətdən eybəcərləşdirən, ona müxtəlif səviyyələrdə saldıran qüvvələr öz içimizdə də az deyildir:
"Bunlardan biri Azərbaycan toplumunun milli ləyaqətinin, onun həm qəhrəmanlığının, həm mətinliyinin təməlində dayanan dəyərlərin Azərbaycanın televiziya efirində cılız, şit, cəfəng, mənasız şoularla ələ salınması, bu dəyərlərin bilərəkdən, ya bilməyərəkdən gülüş hədəfinə çevirilməsi, şou yaratmaq naminə xalqımızın ən ali dəyərlərinin lağ və istehza predmetinə çevirilməsi və s. bu kimi faktlardır”. 

Asif Bayramovun sözlərinə görə, bu tipli verilişlər Azərbaycan toplumunun şüuraltına son dərəcə zərərli və təhlükəli davranış modelləri ötürür:

"Bu verilişlərin dinləyici auditoriyası öz istəyindən asılı olmayaraq bu iyrənc stereotipləri özünün potensial davranışı kimi şüurunda modelləşdirir və adekvat şəraitdə bu stereotiplər onun real davranışı şəklində üzə çıxır. Çünki bu bizim iradəmizdən asılı olmayan bir şüur aktıdır. Proses şüurlu olaraq baş vermədiyi üçün izləyicinin həmin verilişin əsirinə çevirildiyi onun tərəfindən bilavasitə dərk olunmur”. 

Asif Bayramov qeyd edib ki, günümüzdə Azərbaycan cəmiyyətinin ideoloji sərhədləri ciddi surətdə qoruna bilmədiyindən bu sərhədlərdən zərərli ideyalar ictimai şüura çox asanlıqla yol tapır, onu parçalamaq missiyasını maneəsiz yerinə yetirirlər: "Təssüf ki, bu vəziyyəti bizi güclü toplum kimi görməkdən əndişələnən dövlətlərin müvafiq strateji beyin mərkəzləri də asanlıqla aşkar edir və bu boşluqdan öz bədnam niyyətlərini reallaşdırmaq üçün maksimum yararlanmağa çalışırlar. Belə ki, zərərli ideya və düşüncələrin Azərbaycan cəmiyyətinə nüfuz etməsi üçün onlar çox da ciddi baryerlərlə üzləşmirlər. Bir toplum olaraq, bəlkə də, biz bunun necə potensial faciə olduğunu hələ tam miqyası ilə dərk etmirik. Adətən, ideoloji-mənəvi işğal aktı hərbi işğaldan fərqli olaraq tədricən baş verir. Biz on illərdi Azərbaycan cəmiyyəti üzərində gedən ideoloji-mənəvi işğalın nəticələrini indi daha qabarıq görə bilirik. Ancaq düşünürəm ki, biz neçə onillərlə düşmən işğalında qalan ata yurdlarımızı uğurla azad edə bildiyimiz kimi, artıq yabançıların işğalından əziyyət çəkən milli düşüncəmizi, milli şüurumuzu, milli kimliyimizi və milli dəyərlərimizi də bu işğaldan azad etməyə qadirik. Yetər ki, bu istək ətrafında dövlətimizlə xalqın istəyi "Zəfər savaşı”mızda olduğu kimi başdan-başa üst-üstə düşsün”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->