Sənət 11:57 27.04.2016

Ey fələk, eylə külək...

Sevinc Çılğın

Könül istərdi ki, kitabdakı ALLAH və KİTAB obrazları haqda uzun-uzadı yaza, amma hövsələm çatmır, sizə ipucu verirəm, özünüz oxuyanda bu iki obrazı axtarın, Tural həyatın o biri üzündə saxlayıb, olayların arxasında gizlətməyə çalışıb, amma siz tapın.

Turalın kitabı boyunca etdiyim bir neçə qeydi elə pərakəndə şəkildə atıram bura (beynim hazırda başqa istiqamətlərlə məşğuldu, fikrimi toparlaya bilmirəm, qüsura baxmayın)...

*  “Allah mənə şahiddir”... Allah üçün darıxdım. Hər gün “inşallahın” içində dediyimiz allah yox eee, adamın öz allahı yadına düşür. Məncə, insanlara allahı xatırladan kitabdır.

* Mövlananın məsnəvisinə göndərişlər var. Yenidən oxumalıyam. Məişətin unutdurduğu ilahi şeylərə qayıtmaq lazımdır.

* Zeynəb sona qədər qadın kimi hiss olunmur. Kişi psixologiyası qadın obrazını çox vaxt hissiz yazır. Qadının dilindən belə yazılsa, yenə də “kişiyə qulaq asıram” – beynimin bir küncündə dirənib qalır. Tural, sən kişilərdən yaz. Qadın ərazisini bizə burax.

* Zəncirdən azadlığa. Zeynəb lap ipləmə imiş. Kənddən on gün qaçır, onda da nə qaçır. İynənin ucu boyda azadlıq verilən kimi “qudurur”. Azadlıq qəribə şeydir, dərman kimi qram-qram verilməlidir, öyrəşdirilə-öyrəşdirilə, amma ən başından! Birdən veriləndə yüksək dozadan məhv edir insanı.

* Sevgidən daha çox “takıntıdır” Zeynəbinki – ilişib qalır, onu heç vaxt sevən olmayıb. O, başqalarının da yerinə sevir, amma sevgi deyil – dediyim kimi, “takıntıdır”, hətta EHTİYACDIR.

* Bəzən təsvir yetmir, özüm beynimdə boş qalan parçaları təxmin edib, təsəvvür edirəm ("yazıçı olmasaydım, nə edərdim görəsən" düşünürəm)

* Turalın kitabında PARALELLƏR kəsişir.

* “Susanlardan heç nə soruşmayın”... Ah, Tural, ahh...

* Turalın informasiyası o qədərdir ki, sanki onları bir an öncə kitaba əndərir, oxucu da bilmir necə “yığıb-yığışdırsın”.

* Tural istəsəydi, bu romandan bir neçə roman çıxara bilərdi.

* Tural necə ki sürətli düşünür, sürətli danışır, elə həmin sürətlə də yazır.

* Adam bəzən uydurmayla gerçəyin arasında qalır. Nə uydurmadır, nə gerçək, nə Turalın təxəyyülünün məhsuludur, nə oxuduqlarının təzahürü – məqamları tutmaq çətindir. Çünki onlar çox incə bir cizgi ilə itir, həll olur. Romanın cəlbedici tərəflərindən sayıram bunu.

* Sürətli süjet qüsurları itirib-batırır. Düşünməyə, nəfəs almağa imkan vermir Tural. Adamı qəfil külək haqlayar, başını itirər ha, bax roman elə də bitir. Ani. Bilmirsən nə baş verdi. Sonra Turalın tempindən çıxıb qayıdırsan öz ritminə və aramla daşları yerinə qoyursan.

* Mənim əsas meyarım budur – bir müəllifin kitabı bitincə “yenə yazsa, yenə oxuyacağam” deyirəmsə, mənimçün tamamdır.

* Ədəbiyyat bəşəri məhv edə bilər, amma bəşəriyyəti xilas edəcək – buna güclü inam var Turalda, demək istədiyi də elə budur.

* Turala inanıram...