Texnologiya 13:50 26.09.2017

«Facebook» brendinin qiyməti 48 milyard dollara çatdı

“Interbrand Corp.” konsaltinq şirkəti 2017-ci ildə dünyanın 100 aparıcı brendi ilə bağlı hesabatını hazırlayıb. 

"Qaynarinfi" lent.az-a istinadən xəbər verir ki, dünyanın ən iri sosial şəbəkəsi olan “Facebook” ən böyük artım nümayiş etdirib.

Brendin qiyməti bir ildə 48 faiz artaraq 48,2 milyard dollara çatıb ki, bu da sosial şəbəkəyə birdən-birə 7 cərgə, yəni 15-ci yerdən 8-ci yerə qalxmağa imkan verib.

Xatırladaq ki, “Interbrand”in məlumatına əsasən, “Apple” brendinin qiyməti 3 faiz artaraq 184,15 milyard dollar təşkil edib.

İkinci cərgədə yerləşən “Google” şirkətin illik 6 faiz bahalaşaraq dəyərini 141,70 milyard dollara çatdırıb.

Üçüncü sırada bu dəfə “Microsoft” brendi qərarlaşıb ki, o da bir ildə 10 faiz bahalaşaraq, təxminən 80 milyard dollara qədər artıb.

İlk onluğa yüksək texnologiya sektorunun 7 nümayəndəsi daxil edilib. “Apple”, “Google” və “Microsoft” brendlərindən başqa, top-10-luğa “Amazon” (5-ci yer, dəyəri 64,8 milyard dollar), “Samsung” (6-cı yer, dəyəri 56,2 milyard dollar), “Facebook” (8-ci yer, dəyəri 48,2 milyard dollar) və İBM brendi (10-cu yer, dəyəri 46,8 milyard dollar) daxildir.

Ümumilikdə renkinqdə sahənin ən yaxşı brendlərinin builki dəyəri 675 milyard dollar təşkil edib. Bununla da onlar bütün digər sektorları qabaqlayır. 2017-ci ildə 100 ən bahalı brenddən 31 ədədi ancaq texnologiya sahəsinə aid olub ki, ötən il bu rəqəm 29 təşkil edirdi. Daha tez inkişaf edən texnoloji brendlərin arasında “Amazon” (+29%), “Adobe” (+19%) şirkətləri də daxildir.

Qeyd edək ki, dünyanın ən aparıcı 100 brendinin qiyməti 2017-ci ildə 4,2 faiz artaraq, ötən illə müqayisədə 1 trilyon 871,7 milyard dollara çatıb.

Qaynarinfo.Az