Dünya 09:59 05.03.2014

“Facebook” pilotsuz təyyarələr uçuracaq


“Facebook” pilotsuz təyyarələrin köməyi ilə Afrikaya internet aparmaq istəyir.

“TechCrunch” yazır ki, sosial şəbəkə artıq dronların istehsalı üzrə ixtisaslaşmış “Titan Aerospace” şirkətini satın almaq üçün danışıqlar aparır.

Saziş haqqında informasiyaya malik anonim mənbənin məlumatına görə, razılaşmanın dəyəri 60 milyon dollar təşkil edə bilər.

Razılaşmanın şərtlərinə görə, şirkət “Facebook” üçün ən azı 11 min “Solara 60” modeli pilotsuz təyyarəsi hazırlayacaq. Sözügedən dronlar günəş enerjisi ilə işləyir və 5 ilədək havada qala bilir.

“TechCrunch” yazır ki, “Facebook” şirkəti “Internet.org” layihəsi çərçivəsində “Titan Aerospace” texnologiyalarından istifadəni planlaşdırır.

“Internet.org” fondu 2013-cü ilin avqustunda Mark Zukerberq tərəfindən istifadəyə verilib. Fondun məqsədi 5 milyard insanın (əsas da kasıb Afrika ölkələrinin əhalisini) internetə çıxışını təmin etməkdir.//İctnews