Fazil Məmmədov niyə xəstələnir? - Çernobıldan qalan iz

Fazil Məmmədov niyə xəstələnir? - Çernobıldan qalan iz

Səhhəti yenidən pisləşən sabiq vergilər naziri Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. O, həkim nəzarətindədir.

Sabiq nazirin yeznəsi, Binəqədinin icra başçısı olmuş Xaləddin İsgəndərov unikal.org-a bildirib ki, F.Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub: "Xəstəxanaya yerləşdiyi gün Fazil müəllimin səhhətində ciddi problem var idi, əməliyyat olundu. Həkimlərin səyi nəticəsində hazırda səhhətində yaranan problem aradan qaldırılıb, evə buraxılıb. Ev şəraitində müalicəsini davam etdirir”.

Qastrit - mədənin selikli qişasının iltihabı olub, insanlar arasında yayılmasına görə göz xəstəliklərindən sonra ikinci yeri tutur.

Əksər hallarda qastritin törədicisi "helikobakter pilori” bakteriyası olur. Bu bakteriyaya öpüşmək, ümumi qab-qacaq, natəmiz əllər və s. vasitəsilə yoluxma mümkündür.  Yoluxmadan sonra bir neçə il ərzində xəstəlik heç bir əlamətlərlə özünü büruzə verməsə də, mədənin selikli qişasında iltihab prosesi inkişaf etməkdə davam edir. Sonradan isə ağrılar meydana çıxır.

"Yeni Müsavat” yazır ki, qastritin inkişafına təsir göstərən bir neçə amil var. Bunlardan ən başlıcası qeyri-düzgün və vaxtsız qidalanmadır. Ac qalma, yeməklər arasında fasilənin çox olması, quru yeməklər, kəskin-acı, qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və s. bu kimi məhsullarla qidalanma da bu faktorlara aiddir.

17 il vergilər naziri işləmiş F.Məmmədovun  qaraciyərində də problemlər var. Həmçinin qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir. Keçmiş nazirin səhhətindəki problemlərin orqanizmindəki radioaktiv şüalarla bağlı olduğu da iddia olunur. 

İddiaya görə, 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb.

Çernobıla yardıma gedənlər və orada xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və "müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib.

Maraqlı məqam odur ki, F.Məmmədovun tərcümeyi-halında doğrudan da həmin "boşluq” görünür. Vikipediyada əks olunan tərcümeyi-hala görə 1985-87-ci illərdə F.Məmmədov əsgəri xidmətdə olub. Bəs hərbi xidməti harada keçib? Bu sualların cavabını keçmiş nazirin tərcümeyi-halında tapmaq mümkün deyil.

Yada salaq ki, bir müddət əvvəl F.Məmmədov "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir.

Bu, adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur. Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur.

Onu da yada salaq ki, son günlər mətbuatda F.Məmmədova məxsus biznes strukturlarında, o cümlədən "AtaBank”da gedən proseslərlə bağlı məlumatlar yayılır.

Bu xəbərlərdə sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının - bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin "AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri qeyd olunur.

Xeyli müddət keçsə də, nə bank, nə adları çəkilən şəxslər, nə də Fazil Məmmədov bu məlumatları təkzib ediblər.

F.Məmmədova məxsus şirkətlər içərisində ən böyük problemin isə "AtaBank”da qaldığı vurğulanır. Bankın həm nəzarət orqanlarını, həm də öz müştərilərini aldatdığı bildirilir: "Bir müddət öncə hər bir bank kimi ”AtaBank" da öz illik maliyyə vəziyyətini açıqlayaraq, 2018-ci ili 127 min mənfəətlə başa vurduğunu bəyan etdi.  Lakin təcrübəli iqtisadçılar bu məlumatın yanlış olduğunu, əslində bankın zərərlə işlədiyini, bankın öhdəliklər içərisində itib-batdığını mediaya açıqladılar.

2018-ci il üzrə əvvəlki illə müqayisədə "AtaBank”ın mənfəəti 63% düşüb. Təkcə müştəri hesablarında 3 ayda 7 milyon 724 min manat azalma qeydə alınıb. Bankın aktivləri də 7% azalıb”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR