Avropa Atletika Assosiasiyası və Avropa Yayım Birliyi (EBU) qadın atletika yarışlarının televiziya yayımları zamanı idmançıların seksual obyekt kimi təqdim edilməsinin qarşısını almağa yönəlmiş yeni qaydaları təqdim edib.
Qaynarinfo xəbər verir ki, 23 səhifəlik təlimatda çəkiliş zamanı icazə verilən formatlarla bağlı konkret tələblər yer alıb.
Əsas dəyişikliklər:
1. Qadağan edilən rakurslar. Operatorlara qadın idmançıları aşağı rakursdan çəkməkdən imtina etmək tövsiyə olunur. Bədənin ayrı-ayrı hissələrinin uzunmüddətli iri planla çəkilməsi, həmçinin idmançıların əyildiyi və ya startı gözlədiyi zaman arxa tərəfdən çəkiliş aparılması da qadağan edilir.
2. Yavaşladılmış təkrarlara məhdudiyyət. Slow-motion görüntülər yalnız idman baxımından zəruri olduqda istifadə edilə bilər. Məsələn, bu üsul hərəkətin texnikasını izah etmək və ya idmançının nəticəsini nümayiş etdirmək üçün tətbiq oluna bilər.
3. Ümumi planlara üstünlük. Operatorlara idmançıları daha çox tam boy göstərmək, həmçinin yarışın ümumi dinamikasına və atletlərin üz ifadələrindəki emosiyalara diqqət yetirmək tövsiyə olunur.
Qeyd olunur ki, bu məhdudiyyətlərin tətbiqinə bir sıra tanınmış qadın atletlər də dəstək verib. Onların arasında Holli Bredşou, İvana Şpanoviç və Blanka Vlaşiç də var.
Bredşou bu dəyişikliklərin zəruriliyini izah edərkən bildirib ki, kameraların spesifik yerləşdirilməsi səbəbindən idmançılar yarışa diqqət yetirmək əvəzinə kadrlarda necə göründükləri barədə düşünməyə məcbur qalırlar.
Onun sözlərinə görə, rəsmi yayımlardan götürülən müxtəlif qeyri-müəyyən kadrlar internetdə atletlərin seksual məzmununun hazırlanması və ya onların təhqir və təqib edilməsində istifadə olunur.
Aydın
Şərhlər