Nərmin Həsənli

Eşitdim ki, bu gün Ümumdünya Tualet Günüdür. Əslində burada söhbət bildiyimiz tualetdən yox, bilmədiyiniz tualetdən gedir. Yenə qarışıq cümlələr yazıram, bilirəm...

Dünya bu gün evlərimizdəki tualetin yoxluğuna üsyan edir. Bizdə olub, xalxın uşağında olmayan tualetlər. Bəli, statistika göstərir ki, hər il dünyada 5000 uşaq tualetlərin olmamasına görə yaranan antisanitariyanın səbəb olduğu infeksion xəstəliklərə görə dünyasını dəyişir. Təxminən 1 milyard insan ayaqyolu olmadığından təbii ehtiyacını küçələrdə ödəyir. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur. 

Günə özəl olaraq sizlər üçün tualet mədəniyyətinin tarixini də bir az araşdırdım. Maraqlı faktlar var. Belə ki, ilk oturacaqlı tualet bizim eradan 2600 il əvvəl yaşamış Şumer çariçasına aid olub. Şotlandiya ərazisindən isə (e.ə.) 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. Yeri gəlmişkən, həmin stulabənzər tualetin "kustar” üsulla hazırlanmış variantını mən də görmüşəm. Rayonda. Bildiyimiz stulun oturacağını, ortasını kəsib unitaz olaraq istifadə edirlər. 

Hələ bu harasıdır, əziz oxucular, sən demə Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün yox, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer hesab olunurmuş. Daşdan hazırlanan tualetlərdə əvvəl nökərlər oturub daşı isidər, sonra isə ağaları orada "fəlsəfə xırdalayarmış”. Gülməli gəlsə də, məsələ burasındadır ki, müasir dövrdə də alimlər bunu sübuta yetiriblər: Tualet xəyal qurmaq və düşünmək üçün ən uyğun yerlərdən biri hesab olunur. 

Uzun sözün qısası, bu günün bəzi şəxslərə mesajı: Hörmətli həmvətənlərim, mövsüm vaxtı dənizə gedəndə təbii ehtiyaclarınızı ya özünüzlə evinizə qaytarın, ya da məqsədəuyğun yox, məqsədəmüvafiq yerlərdə ödəyin. Axı dünya hamımızın evidir. Ya da ən azından belə deyirlər. 

Sonda yazımda əvvəldən sona qədər "Ayaqyolu” yox, "Tualet” sözünü istifadə etdiyimə görə üzrlü saymanızı xahiş edirəm. 

Bir də əziz kişilər, nədənsə Ümumdünya Tualet Günü ilə eyni tarixə təsadüf edən Beynəlxalq Kişilər Gününüzü də təbrik edirəm.