Ekonomiks 19:45 11.07.2013

Fərdi kompüter satışları zəifləyib

Fərdi kompüter satışlarının həcmi artıq beş rüb ardıcıl olaraq azalır ki, bu da sözügedən sahənin tarixində ən böyük enişdir. 

İstifadəçilər məlumatlarla işləmək üçün getdikcə smartfon və planşetlər kimi mobil həllərdən istifadəyə keçirlər və bu hal masaüstü kompüterlərin satışlarına təsir edir.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, "Gartner" şirkətinin hesablamalarına əsasən, bu ilin ikinci rübündə kompüterlərin qlobal tədarük həcmi 10,9% azalaraq 76 milyon olub. Analitik şirkət qeyd edib ki, bütün coğrafi regionlar üzrə satışların həcmi azalıb.

Analitiklər satışların həcminin azalmasını belə izah edirlər ki, FK artıq istifadəçiləri əvvəlki kimi cəlb etmir, çünki mobil həllər, məsələn, daha ucuz planşetlərdən də internetə, oyunlara və işçi məlumatlara çıxış imkanı əldə etmək olar. Bununla belə, "Gartner" və "IDC" analitik şirkətləri bildiriblər ki, yaxın gələcəkdə FK hələ istehsal ediləcək, çünki bir sıra fəaliyyət istiqamətləri onlara ehtiyac duyur.

"Gartner" şirkətinin proqnozuna əsasən, bu il masaüstü və noutbukların tədarük həcmi 10,6% azalacaq, halbuki planşetlərdə bu göstərici 67,9% artacaq.

Qaynar.info