Ölkə 10:18 29.02.2020

Fevral niyə qısa ay kimi təqvimə düşüb?

Digər aylardan fərqlənən fevral ayının son gününü yaşayırıq. Bəzi insanlar var ki, fevralın 29-u dünyaya gəlir, ancaq hər il doğum gününü qeyd etmə şansı olmur. Belə olan hal onlarda psixoloji gərginliklə nəticələnir.

Maraqlıdır, bəs fevralın 29 gün olması nə ilə əlaqədardır?

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı tanınmış astroloq, "Qoroskop"qəzetinin baş redaktoru Səbuhi Rəhimli Modern.az-a danışıb:

"Fevral ayı 29-na təsadüf edəndə, bu zaman Novruz bayramı martın 20-nə düşür. Əslində hər kəs maraqlanır ki, fevral ayı niyə qısa ay kimi təqvimə düşüb? İlkin çağlarda fevral ayı 30-dan ibarət olub.  Əvvəllər təqvim yaranan zaman, yəni 12 ay olduğu bildiriləndə, ayların konkret adları yox idi, onları rəqəmlərlə adlandırırdılar. Məsələn 1-ci ay, 2-ci ay vəs . Lakin  7-ci və 8-ci aylar adsız ay hesab olunurdu. Roma imperatoru Yuli Sezar dünyasını  dəyişəndə saray əyanları belə qərara gəldilər ki, onun şərəfinə "Yuli” qoyaq.  İyul ayı da Sezarın adına uyğun adlandırıldı. Əslində bu ay 30-dan ibarət idi, əyyanlar bir günü fevraldan götürüb, iyul ayına əlavə etdilər. Guya bir günü fevraldan götürməklə soyuq azalacaq. Ondan sonra hakimiyyətə gələn Oktavian Avqust qərar verdi ki, ayların birinə də onun adı verilsin. Bu dəfə də fevraldan bir gün götürdülər, avqusta əlavə etdilər. Fevral  28 gündən ibarət oldu. Alimlər günəşin trayektoriyası ilə hesablamalar apardılar və gördülər ki, uyğun gəlmir. Belə qərara gəldilər ki, o boşluğu doldurmaq üçün hər dörd ildən bir fevral ayı 29 gündən ibarət olsun. Ona görə də fevral ayı belə qısa ay, iyul, avqust ayı isə dalbadal 31 gündən ibarət oldu”.